Azərbaycanda yüksək rifah cəmiyyətinin qurulması istiqamətində sosial, iqtisadi və mədəni sahələrdə həyata keçirilən dövlət siyasətini yüksək qiymətləndirən, cəmiyyətin bütün sahələrdə geniş yer alan islahatları məmnunluq hissi ilə qarşılayan bir sıra qeyri-hökumət təşkilatları “Azərbaycan – 2030: Sosial və İqtisadi Tərəqqi Naminə” QHT Koalisiyasının yaradılması barədə ümumi razılığa gəliblər. Koalisiyanın 08 fevral 2021-ci il tarixdə təşkil edilən təsis toplantısında təmsil olunan vətəndaş cəmiyyəti institutları, o cümlədən sosial və iqtisadi, humanitar və mədəni sahələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları bu koalision qurumun yaradılmasında birbaşa iştirak edən tərəflər qismində çıxış ediblər.
Koalisiyasının yaradılması ideyasını irəli sürən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, Avrasiya Miqrasiya Təşəbbüsləri Platformasının təsisçisi Azər Allahverənov bildirib ki, 02 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunub və bu sənəddə vətəndaş cəmiyyəti institutları, xüsusilə də qeyri-hökumət təşkilatları üçün mühüm əhəmiyyət kəsb edən bir sıra müddəalar yer alıb. Belə ki, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafının əsas perspektivlərini müəyyən edən bu sənəddə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi beş Milli Prioritet olaraq göstərilib. Hər bir prioritetin uğurlu reallaşması üçün müəyyən edilən məqsədlər və ondan irəli gələn vəzifələr Koalisiyanın yaradılmasında iştirak edən qeyri-hökumət təşkilatlarının fəaliyyət spektrinə daxildir. Bu səbəbdən qüdrətli dövlət və yüksək rifah cəmiyyəti naminə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Milli Prioritetlərin uğurlu reallaşması naminə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməklə bu prosesdə yaxından iştirakda xüsusilə maraqlı olduqlarını bildiriblər.
Tərəflər razılığa gəliblər ki, Milli Prioritetlərin reallaşması istiqamətində həyata keçirilən fəaliyyətlərdə qeyri-hökumət təşkilatlarının iştirakının təmin olunması, bu sahədə ictimai nəzarətin həyata keçirilməsi, aidiyyəti dövlət qurumları qarşısında təkliflərlə çıxışların edilməsi, monitorinq və qiymətləndirmənin aparılması, bu proseslərdə təmsil olunan vətəndaş cəmiyyəti institutlarının potensiallarının artırılması Koalisiyanın fəaliyyət spektrinə aid olan vəzifələrdir.
Tədbirdə Koalisiyanın Milli Prioritetlərə uyğun müəyyən edilmiş fəaliyyət istiqamətləri ilə bağlı irəli sürülən müddəaları yüksək dəyərləndirən və dəstəkləyən tədbir iştirakçıları xüsusilə qeyd ediblər ki, məlum Sərəncamın təsdiq edilməsi qeyri-hökumət təşkilatları ilə aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın daha intensivləşməsi üçün yeni imkanlar açır. Bu baxımdan tədbirdə iştirak edən hər bir Koalisiya üzvü və bu ideyanı bütövlükdə dəstəkləyən qeyri-hökumət təşkilatları Milli Prioritetlərin reallaşması istiqamətində öz töhfəsini verməyə qadir və hazır olduqlarını vurğulayıb, gələcəkdə Koalisiyanın işində yaxında iştirak edəcəklərini bildiriblər.
Koalisiya öz missiyasını həyata keçirmək, müəyyən etdiyi məqsəd və vəzifələrə çatmaq üçün tərəflər arasında əməkdaşlıq memorandumunun imzalama prosesinə başlayır. Koalisiya öz işini tərəflər arasında razılaşdırılacaq reqlamentə və iş planına əsasən quracaqdır. İş planında əksini tapacaq fəaliyyətlər Koalisiyaya daxil olan təşkilatlardan ibarət müxtəlif işçi və ekspert qruplar vasitəsilə həyata keçiriləcək. Koalisiya öz fəaliyyətində dövlət qurumları, beynəlxalq təşkilatlar, yerli qeyri-hökumət təşkilatları və analitik (ekspert) dairələri ilə sıx əməkdaşlıq edəcəkdir. Koalisiya onun missiyasının, məqsəd və vəzifələrinin həyata keçirilməsində yaxından iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutları üçün açıqdır.
Təsis yığıncağında iştirak edən qeyri-hökumət təşkilatlarının yekdil qərarı ilə Azər Allahverənov “Azərbaycan – 2030: Sosial və İqtisadi Tərəqqi Naminə” QHT Koalisiyasının əlaqələndiricisi təyin olunub. Koalisiyanın əlaqələndiricisi bu qurumun fəaliyyətinin effektivliyinin təmin edilməsi istiqamətində zəruri təşkilatı işlərin icrasına başlayıb.
Aidiyyəti dövlət qurumları, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları Koalisiyanın fəaliyyəti barədə mütəmadi məlumatlandırılacaqlar.