AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bütün bəşəriyyətə qarşı törədilmiş cinayət - Xocalı soyqırımı

  • + A
  • - A
  • 25-02-2021, 12:26

    Bütün bəşəriyyətə qarşı törədilmiş cinayət - Xocalı soyqırımı

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    Xocalı faciəsindən artıq bizi 29 illik zaman ayırır. O faciə əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür.

    Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır.

    Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Onlar tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.
    1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının “dənizdən-dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək üçün bütün cinayət və vəhşiliyə hazır olduğunu bir daha nümayiş etdirdi.

    XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir zamana qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

    1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü.

    Xocalı soyqırımına ilk dəfə hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 1994-cü il fevralın 24-də ulu öndərin imzaladığı fərmanla həmin gün xalqımıza qarşı törədilən soyqırımı aktı kimi qeyd edilməyə başlandı.

    Xocalı faciəsi bütün azərbaycanlıların dərdi, törədilən vəhşiliksə bütün bəşəriyyətə qarşı yönələn cinayətdir. Məhz bu cür yanaşmadan sonra aparılan təbliğat öz nəticəsini verdi. Ümummilli liderin səyi ilə faciə lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlandı. Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyəti yetərincə məlumat əldə etdi. Xaricdə yaşayan soydaşlarımız bu işə cəlb olundu. Nəticədə isə erməni təcavüzü, onun işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik, bir sözlə, o günə qədər dünyaya naməlum qalan çox həqiqətlərin üstünə işıq salındı.

    Hələ də bir sıra ölkələrin qanunvericilik orqanları Xocalı faciəsinin soyqırımı kimi tanınmasına dair qərarlar qəbul etməkdədirlər.

    Bəli, dünya artıq qəbul edir ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayətdir. Bu cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı faciəsinə əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

    44 günlük Vətən Müharibəsi geosiyasi məkanda çox şərtləri dəyişdi. Bütün dünya Ali Baş Komandanın bacarığını, ordumuzun peşəkarlığını, xalqın öz dövlətinin və ordusunun arxasında yumruq kimi birləşib dayanmasının şahidi oldu. Zəfər Qələbəmizlə bir çox dövlətlərə illərdən sonra əsl həqiqəti çatdıra bildik. Əlbəttə, bütün bunlardan danışarkən mütləq cənab Prezidentin müharibə dövründə dünyaya siyasət, əsl diplomat dərsi keçdiyini də unutmamalıyıq.

    Elə bu qətiyyətlə, diplomatik bacarıqla cənab İlham Əliyev tezliklə Xocalı qətliamına dünya səviyyəsində hüquqi qiymət alacaq. O zaman Xocalıda dolaşan ruhlar da şad olacaq.

    Xocalı qurbanlarını rəhmətlə anırıq. Allah rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR