AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Dəmir Yumruq”əməliyyatı ilə uşaq qatilləri öz layiqli cəzalarını aldılar

  • + A
  • - A
  • 25-02-2021, 13:15


    Anar MƏMMƏDOV
    Milli Məclisin deputatı


    Tarix boyu Azərbaycan xalqına düşmən mövqedə dayanan və zaman-zaman əlinə keçən fürsətlərdən yararlanan qüvvələr xalqımıza qarşı qətliamlar, qırğınlar törədiblər. Əfsuslar olsun ki, bu məsələdə ermənilər daha "fəal" olublar. 29 il öncə Xocalı soyqırımının törədilməsi ilə mənfur düşmən bəşəriyyət tarixinə ən dəhşətli və faciəli səhnələrdən birini əlavə etmiş oldu.

    Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır.

    1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə sülh müqaviləsindən sonra Rusiya imperiyası tərəfindən Azərbaycanın tarixi torpaqlarına məqsədli şəkildə köçürülən ermənilər öz havadarlarının köməyi ilə zaman-zaman azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. 1992-ci ilin o müdhiş fevral gecəsində Ermənistan silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı törətdikləri dəhşətli soyqırımı aktı isə insanlığa qarşı vəhşiliyinə, qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşdü.

    Xocalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümumilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra aldı və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanıldı. Məhz ulu öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan etdi. Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə daha geniş məlumatlandırılır.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar tanıyıb. Lakin bu bir həqiqətdir ki, cinayət heç vaxt cəzasız qalmır. 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusunun erməni təcavüzkarları üzərində tarixi Zəfəri ilə ilahi və tarixi ədalət təcəlli etdi. Azərbaycanın “Dəmir Yumruq”əməliyyatı ilə darmadağın olan işğalçılar, terrorçular, uşaq qatilləri öz layiqli cəzalarını aldılar. Ancaq qisas bununla bitmir. İnşallah gün gələcək Xocalıda vəhşilik edənlərin hamısı haqlı cəzalarına yetişəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR