Martın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Zəfərə aparan yol – milli və dini həmrəylik” mövzusunda videokonfrans keçirilib. Tədbirdə DQİDK və tabeliyindəki qurumların rəhbərliyi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili işlər, Müdafiə, Gənclər və idman, Təhsil nazirlikləri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru, Bakı şəhəri üzrə RİH başçılarının müavinləri, rayon prokurorları, polis idarələrinin rəisləri, DTX rəisləri, Bakı şəhəri üzrə İH İctimai-siyasi və humanitar məsələlər şöbələrinin müdir müavinləri-dini qurumlarla işin təşkilatçıları, dini konfessiyaların, dini icmaların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, 44 gün davam edən Vətən müharibəsinin hər dəqiqəsi xalqımız üçün taleyüklü əhəmiyyət daşıyırdı. Uzun illərdir düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Xalqımız bu şanlı Qələbəni böyük ruh yüksəkliyi və sevinclə qeyd etməkdədir. Şübhə yoxdur ki, bu Zəfərin qazanılmasında üç əsas amil başlıca rol oynadı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi gedişləri, yüksək peşəkarlığa malik, şücaətli Azərbaycan Ordusu, ən nəhayət xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəylik müharibənin taleyini həll etdi.
Bu prosesdə xüsusilə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların fəaliyyətinə diqqət çəkən Səyavuş Heydərov fərqliliklərin zənginlik sayıldığı Azərbaycanın bu sınaqdan da üzüağ və alnıaçıq çıxdığını vurğulayıb. Qeyd edib ki, Vətən müharibəsində müxtəlif xalqların və dinlərin mənsubu olan azərbaycanlılar çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək qanları, canları bahasına işğala son qoydular. İstər döyüş meydanında, istər ideoloji mübarizədə, istərsə də haqq səsimizin beynəlxalq səviyyədə eşidilməsində dini konfessiyalar müstəsna xidmətlər göstərdilər. Başda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə olmaqla, bütün konfessiya rəhbərləri dəfələrlə milli birlik və dini həmrəylik göstərərək düşmənin ölkəmizə qarşı yönəlmiş təxribatlarına kəskin şəkildə etiraz etdilər. Bu işdə qeyri-islam dini icmaları da böyük səy göstərdilər. Onlar tərəfindən cəbhədə Vətən torpaqlarını işğaldan azad edən qəhrəman əsgərlərə humanitar yardımlar göndərildi. İşğal faktına etiraz məqsədilə qeyri-islam dini icmaları tərəfindən müxtəlif səpkili, xarici dillərdə sənədli filmlər, videoçarxlar, məlumat xarakterli materiallar hazırlanaraq yerli və dünya ictimaiyyətinə, o cümlədən beynəlxalq siyasi dairələrə, təşkilatlara dini mərkəzlərə təqdim edildi.
Komitə rəsmisi ermənilərin təcavüzkar siyasətini və cinayətkar əməllərini gizlətmək üçün bu müharibəni müsəlman-xristian münaqişəsi kimi təqdim etməyə, xristian dinini siyasiləşdirməyə cəhd göstərdiyini, lakin dövlətimizin vaxtında gördüyü tədbirlər, atdığı lazımi addımlar nəticəsində düşmənin siyasəti iflasa uğradığını da vurğulayıb.
Baş Prokurorluğun nümayəndəsi Qədir Məmmədov bildirib ki, Vətən müharibəsində xalq olaraq güclü birlik və həmrəylik nümayiş etdirərək Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi. Vətəninə, dövlətinə, milli-dini adət-ənənələrinə sadiq gənclər, əsgərlərimiz, zabitlərimiz Azərbaycan yolunda qəhrəmanlıq göstərdilər, şəhid olmağı şərəf bildilər.
Q.Məmmədov çıxışında, həmçinin insanpərvərlik prinsiplərinə zidd olan dini ekstremizimə qarşı aparılan profilaktik işlərin əhəmiyyətinə toxunub. Bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətlərinin qarşısının qətiyyətlə alındığını bildirib. Ölkəmizdə din azadlığının, insan hüquqlarının müdafiəsinin hər zaman ön planda olduğunu qeyd edib.
Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev zəfərimizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən tolerantlıq siyasətinin xüsusi rola malik olduğunu vurğulayıb. Azərbaycandakı bu nümunəvi mühitin qorunmasının vacibliyinə toxunan natiq sosial media vasitəsilə təbliğat aparan, öz zərərli ideyalaranı yayan qruplara qarşı mübarizənin vacib olduğunu bildirib. Zərərli təbliğatın qarşısının alınmasında, ölkəmizdəki tolerantlıq mühitinin qorunub-saxlanılmasında, gənclərimizin milli ruhda tərbiyə edilməsində cəmiyyətin bütün təbəqələrini fəal olmağa çağırıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan azsaylı xalqların, dini konfessiyaların birliyi və bərabərliyinin, torpaqlarımızın düşmənin işğaldan azad olunması uğrunda birgə mübarizəsi heç də təsadüfi deyildir. Azərbaycan öz multikultural və tolerant yaşam tərzini bir daha dünyaya nümayiş etdirdi.
Müdafiə Nazirliyinin nümayəndəsi Həbib Məmmədov milli birliyimizin xalqımızın zəngin tarixindən irəli gəldiyini vurğulayaraq Ulu Öndərimiz Heydər Əliyevdən bizə miras qalan azərbaycançılıq ideologiyasının da möhtəşəm qələbə əldə etməyimizdə xüsusi rola malik olduğunu qeyd edib. H.Məmmədov Azərbaycan Ordusunda şəxsi heyətin vətənpərvərlik hissi, mənəvi-psixoloji hazırlığı və döyüş ruhunun yüksəlməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil edilən görüşlərin əhəmiyyətinə də diqqət çəkib.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, Prezident İlham Əliyevin unikal gedişləri, Azərbaycan Ordusunun gücü və cəmiyyətimizdəki milli-dini həmrəylik müharibənin taleyini həll etdi. O, eyni zamanda Vətən müharibəsi dövründə ölkəmizdəki dini konfessiyaların Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında göstərdikləri fəallığa diqqət çəkib.
Daha sonra çıxış edən Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstanstin Pominov, Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elmin İmanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Gülnarə Məmmədova, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov dövlətin uzun illər dini icmalarla multikulturalizm və tolerantlıq prinsipləri əsasında həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün ölkəmizdə dini həmrəyliyin ən yüksək səviyyədə təzahür etdiyini, Azərbaycanımızın daha da inkişafı naminə bundan sonra da birlikdə çalışmalı, səylərimizi birləşdirməli olduğumuzu qeyd ediblər.
Videokonfransın sonunda DQİDK-nın sədr müavini Səyavuş Heydərovun müəllifi olduğu “Din və ideoloji təhlükəsizlik” adlı kitab təqdim edilib. Nəşr barədə məlumat verən Azərbaycan İlahiyyat İnstitunun rektoru Aqil Şirinov kitabda beynəlxalq aləmdə dini təhlükəsizlik sahəsində baş verən proseslər və onların mahiyyəti, mövcud təhdidlər və onlarla mübarizə yolları, həmçinin Azərbaycan Respublikasında din və ideoloji təhlükəsizlik sahəsində həyata keçirilən fə¬aliy¬yətin işıqlandırılıldığını bildirib. Rektor 6 fəsildən ibarət nəşrin bu sahədə çalışan mütəxəssislər, tələbələr üçün səmərəli vəsait kimi dəyərləndirib.