AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Əgər olsaydı, o, xalqımızı böyük bəlalardan qoruyardı” - İlham Əliyev

  • + A
  • - A
  • 21-06-2017, 10:26

    “Əgər olsaydı, o, xalqımızı böyük bəlalardan qoruyardı” - İlham Əliyev

















    Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

    “Qafqazinfo”nun məlumatına görə, prezident İlham Əliyev mərasimdə nitq söyləyib. Dövlət başçısı Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib:

    “Biz mübarək Ramazan ayında ənənəvi olaraq şeyx həzrətlərinin iftar süfrəsinə toplaşmışıq. Bu ənənə yaşayır və yaşamalıdır. Bu ənənənin əsasını ulu öndər Heydər Əliyev və şeyx həzrətləri qoymuşlar.

    Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur, onun banisidir. Onun hakimiyyətə gəlişi Azərbaycanı inkişaf yoluna çıxardı. Biz hamımız təəssüf hissi ilə qeyd edirik ki, Ulu Öndər müstəqilliyimizin ilk illərindən Azərbaycanda rəhbərlikdə olmamışdır. Əgər olsaydı, o, xalqımızı, dövlətimizi böyük bəlalardan qoruya bilərdi. Heydər Əliyev ölkəmizin bütün istiqamətlər üzrə əsas inkişaf strategiyasını müəyyən etmişdir, onu həyata keçirmişdir. O cümlədən dövlət-din münasibətlərinin tənzimlənməsi işində Ulu Öndərin xüsusi rolu olmuşdur. Onu da qeyd etməliyəm ki, 1993-cü ilə qədər bütün sahələrdə olduğu kimi, dini məsələlər sahəsində də vahid siyasət yox idi. Bu boşluq əlbəttə ki, özündə çox böyük risklər saxlayırdı. 1993-cü ildən etibarən bütün istiqamətlər üzrə - xarici siyasət, daxili siyasət, iqtisadi, təhlükəsizlik məsələlərinin həlli, o cümlədən dövlət-din münasibətləri istiqamətlərində ardıcıl siyasət formalaşmağa başlamışdır. Bu siyasətin əsas prinsipləri bu gün də bizim üçün aktualdır. Bugünkü Azərbaycan bu möhkəm təməl üzərində inkişaf edir və inkişaf edəcəkdir.

    Ənənəvi iftar süfrəsinin təşkilində də Ulu Öndər və şeyx həzrətləri nümunə göstərmişlər. Əslində, bu ənənəvi iftar məclisləri din-dövlət münasibətlərinin tərkib hissəsidir. Bu gün mən şeyx həzrətlərinin bu işlərdə xüsusi rolunu qeyd etmək istəyirəm. Şeyx həzrətləri həm Azərbaycanda, Qafqazda, postsovet məkanında, həm də dünya miqyasında çox böyük nüfuza malik olan xadimdir. Mən bilirəm ki, şeyx həzrətlərinə dünya dini liderlərinin böyük hörməti var. Şeyx həzrətləri öz fəaliyyəti ilə ölkəmizin nüfuzunu beynəlxalq aləmdə gücləndirir, ölkəmizi təbliğ edir, Azərbaycanı müasir, öz dini, milli köklərinə bağlı olan, ancaq, eyni zamanda, tolerant, dünyaya açıq ölkə kimi təqdim edir. “İslam Həmrəyliyi İli” çərçivəsində həm ölkə daxilində, həm xaricdə şeyx həzrətlərinin rəhbərliyi ilə bir çox tədbirlər keçirilmişdir və keçiriləcəkdir. Bu, bir daha Azərbaycanı dünyaya inkişaf edən, müasir və dinamik ölkə kimi təqdim edəcək.

    Bizim şeyx həzrətləri ilə şəxsi dostluq münasibətlərimiz var. Bu münasibətlər həm bizim üçün, həm də ölkə üçün önəmlidir. Biz nümunə və yol göstəririk ki, dövlət-din münasibətləri necə qurulmalıdır”.

    Prezident bildirib ki, bir çox sahələrdə Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər yenilik, yeni dinamika, yeni yanaşma gətirir:

    “Biz bəzi stereotipləri qıraraq bir çox sahələr üzrə, o cümlədən dini məsələlərin həlli işində yeni davranış formatını təqdim edirik. Təsadüfi deyil ki, Azərbaycanda bu sahədə görülən işlər, əldə edilmiş nailiyyətlər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Onu da qeyd etməliyəm ki, bizim təşəbbüsümüzlə başlanan və inkişaf edən müxtəlif tədbirlər, forumlar sonrakı mərhələdə beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Mən buna misal olaraq bu il keçirilmiş IV Mədəniyyətlərarası Dialoq Forumunu qeyd edə bilərəm. Biz bu Forumu bir təşəbbüs kimi irəli sürdük. Amma bu gün dünyanın aparıcı beynəlxalq təşkilatları – UNESCO, ISESCO, Avropa Şurası, Ümumdünya Turizm Təşkilatı və digər qurumlar bu Forumun təşkilatçılarıdır. Belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi həm bizim siyasətimizi, niyyətimizi göstərir və eyni zamanda, bütün dünyaya göstərir ki, bu gün dünyada multikulturalizmin mərkəzi olan ölkə var, bu ölkənin adı Azərbaycandır.

    Bizim təşəbbüsümüzlə 2008-ci ildə “Bakı prosesi” başlamışdır. Bu gün “Bakı prosesi” ən yüksək kürsülərdən hörmətlə qeyd edilir. Deyə bilərəm ki, “Bakı prosesi” dünya miqyasında aparıcı istiqamətdir. Dinlərarası münasibətlər bu proses çərçivəsində öz həllini tapır. Biz bu işlərə təqribən 10 il bundan əvvəl çox fəal başlamışıq. O vaxt hələ bu gün mövcud olan təhlükələr, risklər yox idi. Bu risklər son 5-6 il ərzində yarandı. Həm müsəlman aləmində, digər yerlərdə, Avropada narahatedici məqamlar əfsuslar olsun ki, kifayət qədər çoxdur. Amma biz bu məsələyə diqqət yetirəndə, bu təşəbbüsləri irəli sürəndə bu təhlükələrin böyük əksəriyyəti mövcud deyildi. Yəni, vaxtında atılmış addımlar hesab edirəm ki, dinlərarası münasibətlərdə, sivilizasiyalararası məsələlərdə öz müsbət rolunu oynayır. Bu gün Azərbaycan bu sahədə də nümunəvi ölkə kimi qeyd edilir və tanınır.

    Onu da qeyd etməliyəm ki, Azərbaycan dövləti çox möhkəm milli dəyərlər üzərində qurulubdur. İslam dəyərləri isə milli dəyərlərimizin ayrılmaz tərkib hissəsidir. Yəni, bizim çox möhkəm təməlimiz var. Bu, bizim milli dəyərlərimizdir və bu dəyərlər bizim üçün hər şeydən üstündür. Biz çalışırıq və nail oluruq ki, gənc nəsil də milli ruhda böyüyür, yetişir. Milli dəyərlər bizim üçün həmişə ən prioritet məsələ olmalıdır”.

    Dövlət başçısı bildirib ki, bununla bərabər, Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlətdir:

    “Azərbaycanda radikalizm, fundamentalizm yoxdur, daxildə hər hansı təhlükə mənbəyi yoxdur. Bunun səbəbi təkcə bizim hansısa inzibati addımlarımız deyil. Bunun səbəbi cəmiyyətdə mövcud olan ab-havadır. Radikalizm, terrorizm harada canlanır, harada baş qaldırır?! O ölkələrdə ki, savadlılıq yoxdur. O ölkələrdə ki, sosial ədalət pozulur. O ölkələrdə ki, ədalətsizlik mövcuddur və səfalət yaşanır. Ona görə radikalizmə qarşı ən gözəl sığorta sosial ədalətdir, maddi rifahdır, savadlılıqdır, düzgün siyasətdir. Bu amillər olan yerdə radikalizm üçün heç bir əsas yoxdur. Düzdür, kənardan ölkəmizə müdaxilə oluna bilər. Ancaq Azərbaycan bu müdaxiləyə qarşı öz tədbirlərini görən, Azərbaycan xalqının rahat həyatını təmin edən kifayət qədər güclü dövlətdir.

    Bax, budur, bugünkü Azərbaycan. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, bizim bütün uğurlarımızın təməlində düşünülmüş siyasət dayanır. Biz bütün istiqamətlər üzrə böyük uğurlara imza atmışıq. Bu gün də qeyd olundu ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarında böyük uğurlar qazanıb, komanda hesabında birinci yerə layiq görülüb. Bu, böyük qələbədir. Ondan iki il əvvəl keçirilmiş Avropa Oyunlarında Azərbaycan komanda hesabında bütün Avropa ölkələri arasında ikinci yerə layiq görülmüşdür. İqtisadi sahədə bu ilin beş ayının göstəriciləri də çox ümidvericidir və müsbətdir. Qeyri-neft iqtisadiyyatımız 2 faizdən çox artıb. Qeyri-neft sənayemiz təxminən 4 faiz artıb. Kənd təsərrüfatı 2 faiz artıb. İxrac 44 faiz artıb, idxal təxminən 17 faiz azalıb. Bütün bunlar iqtisadi islahatlar, düşünülmüş siyasət hesabına mümkün olmuşdur.

    Xarici siyasət məsələlərinin həllinə gəldikdə, bu gün Azərbaycanın dünya miqyasında o qədər böyük nüfuzu var ki, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Biz bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında münasibətlər qura bilmişik. Avropa ölkələri ilə, müsəlman ölkələri ilə və digər ölkələrlə biz çox gözəl münasibətlər qura bilmişik. Azərbaycan sivilizasiyalararası dialoqun inkişafında, - bu gün mən tam qətiyyətlə bunu deyirəm, - əvəzolunmaz rol oynayır və bundan sonra da biz bu rolu oynayacağıq. Bu, bir növ bizim məsuliyyətimizdir, eyni zamanda, bu, bizə lazımdır. Biz istəyirik ki, Azərbaycanda dinlərarası münasibətlər həmişə indiki kimi olsun. Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri həmişə bir ailə kimi yaşasın, necə ki, bu gün yaşayırlar. Bax, bizim siyasətimiz bundan ibarətdir. Mən demişəm, bir daha demək istəyirəm ki, öz xalqına, dininə hörmət başqa dinə, xalqa olan hörmətdən başlayır. Budur, bizim siyasətimiz və bu siyasət Azərbaycan ictimaiyyəti tərəfindən tam bəyənilir və dəstəklənir. Məhz bunun sayəsində biz bugünkü gözəl nəticələri görürük və bunu qeyd edirik.

    Bu yaxınlarda xalqımızın, dövlətimizin tarixində çox əlamətdar hadisə baş vermişdir. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı olmuşdur. Bu iki ay ərzində tikilmiş 50 ev, məktəb, yol və bütün infrastruktur həm bizim gücümüzü, həm də siyasətimizi göstərir. Onu göstərir ki, biz işğaldan azad ediləcək bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik. O ərazilərə də həyat qayıdacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu gün Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, quruculuq işləri aparılır.

    Cocuq Mərcanlı erməni faşizminin canlı şahididir. Bu kənd cəmi 3-4 ay ərzində işğal altında olmuşdur. O kənddə bir dənə də salamat bina qalmamışdır. Erməni vəhşiləri bütün binaları dağıdıblar. Ancaq biz bu kəndi iki ay ərzində bərpa etdik və əlavə yüz evin tikintisi də yaxın zamanlarda öz həllini tapacaq. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu da böyük tarixi məna daşıyır. Cocuq Mərcanlı və digər torpaqlar bizim əzəli torpaqlarımızdır. Biz bu torpaqlarda yeni həyat yaradırıq.

    Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz. Biz Bakıda erməni kilsəsini bərpa etdik və onu qoruyuruq. Ermənilər isə işğal edilmiş torpaqlarda bizim məscidlərimizi dağıdıblar. Bənzəri Cocuq Mərcanlıda tikilən həmin o Gövhərağa məscidi dağılmış vəziyyətdədir. O binanı dağıtmaq olar, amma düşmən bilməlidir ki, dağılmış məscidlər bizim qəlbimizdə yaşayır. Biz bu məscidləri qəlbimizdə ucaltmışıq və torpaqlar işğaldan azad olunandan dərhal sonra iki ay ərzində gözəl məscid tikilib istifadəyə verilib. Bunun çox böyük tarixi mənası var. Mən əminəm ki, biz işğal edilmiş bütün torpaqlara qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda da belə gözəl iftar süfrələri açılacaq, İnşallah.

    Əziz dostlar, mən sizi bir daha salamlayıram və qarşıdan gələn müqəddəs bayram münasibətilə təbrik edirəm. Sağ olun”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR