"Ermənistan tərəfinin minalanmış sahələrin xəritəsini Azərbaycana təqdim etməməklə 10 noyabr 2020-ci ildə imzalanmış təkcə sülh bəyanatının müddəalarını deyil, eyni zamanda beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, mülki insanlara qarşı növbəti beynəlxalq səviyyəli cinayət əməlini davam etdirməkdədir. Təəssüflər olsun ki, beynəlxalq aləm də son 30 ildə bu ölkənin işğalçılıq, insanlığa qarşı hərbi cinayətlərinə göz yumduğu kimi, bu gündə Azərbaycana qarşı mina siyasətini davam etdirərək beynəlxalq hüquq normalarını da, beynəlxalq birlik qarşısındakı öhdəliklərini də pozur”.
Bunu "Azadmedia.Az"a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.
Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfi beynəlxalq hüququ kobud surətdə pozaraq minalanmış ərazilərin xəritəsini verməməsi nəticəsində dinc insanlar həyatını itirir. "Dinc insanların ölümünə yol açmaqla Ermənistan sülh bəyanatından sonra belə, son 30 ildə azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətləri davam etdirdiyinin bariz nümunəsidir. Məsələ ilə bağlı Azərbaycan tərəfi müxtəlif beynəlxalq təşkilatlar və ölkələr qarşısında qaldırsa da, təəssüflər olsun ki, nəticəsi olmayıb. Beynəlxalq aləm Ermənistanın beynəlxalq hüququ pozaraq dinc insanların günahsız yerə ölümünə səbəb olan cinayətkar əməllərinə göz yummaqdadır. Xəritənin verilməməsi nəticəsində ərazilərin minalardan təmizlənməsi, həmçinin məcburi köçkünlərin öz ata yurdlarına qayıdışı prosesi də yubanır"- millət vəkili qeyd edib.
Millət vəkili hesab edir ki, beynəlxalq aləm məsələyə ciddi yanaşıb, Ermənistana təzyiq edərək tez bir zamanda minalanmış ərazilərin Azərbaycana verilməsini təkid etməlidir: " Beynəlxalq aləm bu məsələdə öz töhfəsini verərək, heç olmasa mina təhlükəsinin aradan qaldırılmasında öz xüsusi rolunu oynamalıdır”.
Deputat onu da əlavə edib ki, beynəlxalq hüquqa əsasən Ermənistan bunu Azərbaycana verməlidir: "Ermənistanın xəritəni verməməsinin bir neçə səbəbi ola bilər. Birincisi, təcavüzkar Ermənistan Azərbaycan torpaqlarını işğal edərkən əraziləri necə gəldi minalayıb və onda belə bir xəritə yoxdur. Yəni ərazilər necə gəldi minalanıb. Artıq ANAMA-da ərazilərin necə gəldi minalanması ilə bağlı fikirlər səsləndirib. Bu da beynəlxalq konvensiyaların tələbinə ziddir və beynəlxalq hüquq pozuntusu olduğundan, Ermənistan bu əməlinə görə, cəzalandırılmalıdır.
İkincisi, Ermənistan xəritəni qəsdən vermək istəmir. Bununla da Ermənistan yenə də Azərbayacan qarşı faşizm və soyqırım siyasətini davam etdirdiyini beynəlxalq aləmə nümayiş etdirmiş olur. Ermənistanın bu addımı etnik təmizləmə siyasətinin və dinc insanlara qarşı hərbi cinayətin davamı kimi dəyərləndirilməlidir. Odur ki, beynəlxalq aləm məsləyə biganə yanaşmamalı və öz mövqeyini ortaya qoymalıdır. Amma biz beynəlxalq aləmdən Azərbaycana qarşı tamamilə fərqli bir münasibətin, olmayan əsirlərin geri qaytarılması ilə bağlı absurd mövqeyin sərgiləndiyinin şahidi oluruq. Bu da Azərbaycan insanında beynəlxalq aləmin beynəlxalq hüquqa olan münasibəti çox acı təəssüf hissi doğurur".
Millət vəkili onu da əlavə edib ki, belə olan şəraitdə insanlarımız daha ehtiyatlı olmalıdır: "Onlar işğaldan azad olunmuş ərazilərə icazəsiz səfər etməkdən çəkinməlidirlər. Çünki belə səfərlər insanların həyatı bahasına başa gələ bilər. Necə ki, 44 günlük müharibədən sonra belə hadisələrin şahidi olmuşuq. Ərazilərə səfər edən şəxslər də diqqətli olmalı və qaydalara ciddi əməl etməlidirlər".
Millət vəkili sonda onu da qeyd edib ki, Azərbaycan dövləti bütün səyini ortaya qoymaqla maksimum dərəcədə əraziləri qısa zamanda minalardan təmizləyir: "Məqsəd qısa zamanda Böyük qayıdış prosesini təmin etməklə insanlarımızın öz ata yurdlarına dönməsinə nail olmaqdır. Bununla bağlı cənab Prezidentin də siyasi iradəsi ortadadır".