Prezident və ailəsi “Xarıbülbül” musiqi festivalının ikinci günündə - Fotolar + Video + Yenilənib
Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı mayın 13-də qala-konsertlə davam edib.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festival ifaçılarının çıxışlarını dinləyiblər.
***
Qala-konsertdə Xalq artistləri Rauf Abdullayev, Yalçın Adıgözəlov, Əməkdar artist Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Ələkbər Tağıyevin, Müslüm Maqomayevin, Niyazinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun və digər bəstəkarların əsərləri təqdim olunub.
Festival çərçivəsində Xalq artistləri Alim Qasımov, Azərin, Dinarə Əliyeva, Elçin Əzizov, Əlixan Səmədov, Fərhad Bədəlbəyli, Mənsum İbrahimov, Murad Adıgözəlzadə, Natiq Şirinov, Polad Bülbüloğlu, Samir Cəfərov, Teyyub Aslanov, Yusif Eyvazov, Əməkdar artistlər Fərqanə Qasımova, Mirələm Mirələmov, Sahib Paşazadə, Şəhriyar İmanov, Şirzad Fətəliyev və digər ifaçıların çıxışları da alqışlarla qarşılandı.
Konsertdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında fikirlərini, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunmasını əks etdirən videoçarx təqdim edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı incəsənət xadimlərinin “Azərbaycan” mahnısının birgə ifası ilə yekunlaşıb.
Konsert bitəndən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalda iştirak edən incəsənət xadimləri ilə görüşdülər. Cıdır düzündə hamı birlikdə “Qarabağ Azərbaycandır!” söyləyib.