Şəhidlik döyür qapını, igidim dur, qapını aç!
(“Şəhidlik manifesti” kitabından 20-ci yazı)
Ali təhsilini yarımçıq qoyub Vətənin müdafiəsinə yollanan oğul...
Qısa tanıtım: Elmir Gündüz oğlu Akifzadə 1997-ci il sentyabrın 1-də Masallı rayonunun Banbaşı kəndində anadan olub. 2004-2015-ci illərdə Cavanşir Qasımov adına Banbaşı kənd tam orta məktəbində təhsil alıb.
2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. Xidmət müddətində xüsusi hazırlıq kursu keçərək çavuş rütbəsinə layiq görülüb. 2016-cı ilin Aprel döyüşlərində fəal iştirak edib. Ordudan tərxis olunandan sonra Kazan şəhərinə yollanıb. 2018-ci ildə Rusiyanın ən qədim universitetlərindən biri olan Kazan Federal Universitetinin Maliyyə-İqdisad fakültəsinə daxil olub.
2020-ci ilin iyul ayında işğalçı Ermənistan ordusunun Tovuz rayonu istiqamətində növbəti təxribatı nəticəsində baş vermiş döyüşlər zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov və hücumun qarşısını alan hərbçilərin şəhid olmasından hiddətlənərək təhsilini yarımçıq qoyub Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayonunda yerləşən şöbəsinə müraciət edib və könüllü döyüşə getmək istədiyini bildirib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan torpaqların azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 8-də Cəbrayılın vağzal yolunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Masallı rayonunun Banbaşı kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Elmir Akifzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
“Nənə, sənin ata-baba yurdunu mən azad edəcəyəm!”
Ali təhsilini yarımçıq qoyaraq Vətən müharibəsinə könüllü yollanan 23 yaşlı Elmirin babası Akif Qədiməliyevi gənclik illərindən tanıyıram. Bağbançılığa xüsusi diqqət yetirən Akif nəvəsi Elmirin qəlbində təkcə bağ-bağçaya, ağaclara deyil, həm də şeirə-sənətə böyük həvəs yaratmışdı. Yeniyetmə yaşlarından idmanın ən populyar növü futbola maraq göstərən Elmirin nənəsi Gülafər xanım əslən
Qarabağlıdır, dədəli nəslinə mənsub Ədil bəyin qardaşı İbrahim bəyin nəvəsidir. Ədil bəy Azərbaycanın görkəmli ziyalısı, tanınmış yazıçı Cəmil Əlibəyovun atası idi.
Füzuli şəhərinin işğalından 4 il sonra dünyaya göz açan nəvəsinin adını Elmir qoyub, babasının adını da ona soyad kimi verən nənəsi illər sonra hər dəfə işğal altında olan ata -baba yurdunu xatırlayıb kövrələndə Elmir deyərdi: “Nənə, ürəyini sıxma, sənin ata-baba yurdunu mən gedib azad edəcəyəm!”
Nənəsi də balaca nəvəsinin üz-gözündən öpüb deyərdi: “Elmir, bala, Qarabağı sən haçan azad etsən, mən də ora ayaqyalın gedəcəm!..”
“Dünyada ən ağır yük ATA çiynində oğul tabutudur”
Həqiqi hərbi xidmətdə olanda özünü qorxmaz və cəsur əsgər kimi göstərən Elmir Akifzadənin ailəsinə hissə komandanlığı təşəkkür məktubu göndərib:
“...Hörmətli Akifzadə ailəsi, oğlunuz Elmir Vətən torpaqlarının bütövlüyü uğrunda mübarizəyə hazır olan bir gəncdir. O, özünün tərbiyəsi, davranışı, bacarığı ilə əsgər yoldaşları arasında böyük hörmət qazanmışdır... Silahlı Qüvvələrin tərkibində öz xidməti və vətandaşlıq borcunu ləyaqətlə yerinə yetirən bir oğul tərbiyə etdiyinizə görə hərbi hissəmizin komandanlığı və minaatan batareyamızın adından Sizə dərin minnətdarlığımızı bildiririk”
Elmir taqımın birinci heyətinin minatan komandiri idi. Aprel döyüşlərində müharibənin qanlı-qadalı günlərini görəndən sonra qeyd dəftərçəsinə yazmışdı: “Dünyada ən ağır yük ATA çiynində oğul tabutudur”
Aprel döyüşlərində komandiri olmuş mayor Anar Novruzovun 4 ildən sonra Tovuz döyüşləri zamanı şəhid olması Elmirin düşməndən qisas almaq hissini daha da alovlandırdı. Dayısı İbrahim Əhmədov deyir ki, o, bundan hiddətlənərək hücum əmri veriləcəyi günü səbirsizliklə gözləyirdi: “Elə çalışırdı ki, tez bir zamanda cəbhəyə yollansın. Sentyabrın 27-də müharibənin başlanması Elmirə elə bil ki, öz arzusuna çatmaq şansı verdi.” O gün zəng edib Kazanda olan atası Gündüzdən halallıq istədi: “Ata, mən gedirəm tarix yazmağa. Gedirəm Vətənimizi, ana və bacılarımızı qorumağa...”
Ata-oğul arasında həm də möhkəm dostluq münasibəti vardı. Elmirin vətənpərvər, mərd, mətin yetişməsində atasının da payı vardı. Ona görə oğluna: “Elmir, Vətən hamımızındır, qələbə ilə qayıdın” – deyib, uğur dilədi.
Sonra anası İlhamə xanıma üzünü tutub “Əgər mən şəhid olsam, məzar daşıma ən gözəl şəklimi özün seçib vurarsan.”,- dedi. Sentyabrın 29-u müharibəyə yola düşəndə nənəsinin “Ay bala, axı atan gedəndə bizi sənə tapşırıb” sözünə Elmir belə cavab verib: “Mən də sizi Allaha tapşırıb gedirəm.”
Beləcə çavuş Elmir Akifzadə sentyabrın 29-da tarix yazan ordumuzun sıralarına qoşulub. Silahdaşı və həmkəndlisi Samir Məmmədov deyir: “Elmirlə
birlikdə Ağcabədidə hərbi hissədə olduq. O, tezliklə döyüşə atılmaq istəyirdi. Biz əmr gözləyirdik və o əmr oktyabrın 7-si gəldi. Füzuli, Cəbrayıl istiqamətində döyüşlərə girdik. Cəbrayılda vağzal istiqamətində hücuma keçmişdik. Düşmən xeyli itki verdi. Yaxınlığımıza düşən minamyot mərmisi nəticəsində Elmir şəhid oldu.”
Həmin gün Elmirin Ağcabədi rayonunun Yuxarı Avşar kəndindən olan dostu Azad Azər oğlu Tapdıqov da şəhid oldu. Ata-anasının tək oğul övladı olan 24 yaşlı Azadla Elmirin dostluq münasibətləri Azərbaycan əsgərini böyük qələbəyə aparan Aprel döyüşlərində başlamışdı...
“Oğlumu tabutunu çiynimdə aparmaq mənə nəsib olmadı”
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkli ilə bir çərçivəyə yerləşdirdiyi şəklinə “Mübariz Elmir” adı qoyan Elmir də öz qanı ilə tarix yazdı. Şəhidlik qapısını döyən gün ömrünün 24 yaşına yenicə qədəm qoymuşdu. İki bacının bir qardaşı olan Vətən aşiqinə həsr etdiyi “Şəhid balam” adlı şeirində 70 yaşlı nənəsi Gülafər xanım yazırdı: “Əlimdə olsaydı ixtiyar bala, sənə mən ən uzun ömür yazardım...” Bacısı Çinarə Cəfərova isə deyir ki, qardaşımın ömrü qısa oldu, amma o, bu ömrə çox şey sığdıraraq dünyadan getdi: “Mənim üçün çox çətindir, amma onunla fəxr edirəm. Fəxr edirəm ki, belə bir qardaşım olub. Onunla qürur duyuram. Özümlə də qürur duyuram ki, belə bir oğulun, belə bir igid qəhrəmanın bacısıyam.”
Atası Gündüz bizə Elmirin öz əli ilə yazdığı qeyd dəftərçəsindəki “Dünyada ən ağır yük ATA çiynində oğul tabutudur” sözlərini bir daha xatırladır: “Amma oğlumun tabutunu çiynimdə aparmaq mənə nəsib olmadı. Kazandaydım, əlim heç işə yatmırdı. Oktyabrın 6-da içimdən dəhşətli ağrı qopdu, elə bil üstümə dağ uçdu...” Sonra şəhid atası dostum Hekayət Nəzərovla mənə həyətdə boy-boya verib ucalan ağacları, müxtəlif gül kollarını göstərib deyir: “Hamısını Elmir öz əlləri ilə əkib.”
Ərkivanlı şəhid mayor Anar Novruzovun oğlu Nihad Elmirin məzarını ziyarət edərkən sosial şəbəkədə paylaşdığı şəkildə atasının ruhuna xitabən bu sözləri yazıb: “Canım atam, bu gün sənin qisasını almağa gedən əsgərinin ziyarətinə gəlmişəm. Komandiri kimi igid, yaraşıqlı, vətənpərvər...”
Banbaşı kəndinin küçələrindən biri şəhid Elmir Akifzadənin adını daşıyır. Atası öz əli ilə şəhid oğlunun xatirəsinə yol kənarında bulaq tikib və kiçik xiyaban salıb. Şəhid atası mobil telefonunun yaddaşında Şuşa şəhərinə Zəfər bayrağını sancan əsgərlərin səsli videogörüntüsünü ən əziz xatirə kimi saxlayır. Həmin videogörüntüdə şəhərin Gövhərağa məscidində silah yoldaşları şəhid Elmir Akifzadənin ruhuna ucadan dualar oxuyub, ata-anasına səbir diləyirlər...
Nurəddin ƏDİLOĞLU, Masallı,
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR