Ülvi Quliyev
Milli Məclisin deputatıMayın 27-də Kəlbəcərin Yuxarı Ayrım kəndi istiqamətində erməni kəşfiyyat-diversant dəstəsinin altı üzvünün hərbçilərimiz tərəfindən zərərsizləşdirilib saxlanılması ilə bağlı elə həmin gün yüksək ranqlı erməni rəsmiləri dörd müxtəlif fərziyyə səsləndirdilər.Onların bir-birini təkzib etməsinə baxmayaraq,günün sonuna doğru ABŞ və Fransa yetkililərinin verdikləri bəyanatlar göstərdi ki,bu ziddiyyətlər nədənsə nəzərə alınmadı. Eynən Paşinyan kimi onlar da təklif etdilər ki,hər iki tərəfin silahlı qüvvələri sərhəddən geri çəkilsin və nəzarət funksiyası ABŞ,Fransa və ATƏT-i təmsil edən beynəlxalq müşahidəçilərə həvalə olunsun.Fərq bir onda idi ki,işini ehtiyyatlı tutmaq istəyən Paşinyan Rusiyanın da adını çəkdi.Bəs,bütün bunlar,Paşinyanla həmrəylik nümayişi nə deməkdir?
Əvvəlcə ondan başlayaq ki,Paşinyan bu təklifi verdiyi zaman öz ictimaiyyətinin və müxalifətinin basqısı altında olsa da,anlaqsız birisinə bənzəmirdi.O,seçkiöncəsi nə istədiyinin fərqindədir.Paşinyan üçün əsas olan budur ki,nə qədər mümkünsə,bir o qədər çox beynəlxalq qüvvə dövlət sərhəddinə cəmləşsin və orada möhkəmlənsin. Paşinyan onu da nəzərə almadı ki, səsləndirdiyi ziddiyyətli fərziyyələr baş qərargahının rəsmisi tərəfindən faktiki təkzib olundu.Hətta onun öz dedikləri də bir-birini təkzib edirdi.Paşinyan əvvəlcə iddia etdi ki,güya erməni hərbçiləri Ermənistan ərazisində istehkam-mühəndis işləri görərkən yaxalanıblar.Çox keçmədi,etiraf etdi ki, əsgərlər Kəlbəcərin Yuxarı Ayrım kəndi istiqamətində minalama əməliyyatını həyata keçirən zaman saxlanılıblar. Ermənistanın baş qərargah rəsmisi isə bu yalanların üstünü açaraq etiraf etdi ki,ermənilər Azərbaycan hərbçilərini mühasirəyə almaq istəyən vaxt əks-əməliyyat tədbirləri nəticəsində tərksilah olunublar.Açıq-aydın görünən ziddiyyətlərə və erməni yalanlarına böyük dövlətlərin inandığına və verdikləri bəyanatlara görə,Ermənistanın siyasi-hərbi rəhbərliyinin anlaqsız vəziyyətə düşməsi inandırıcı görünmür.Dövlət idarəçiliyində əlaqələndirmənin itməsi, iflic olması şəksizdir.Amma erməni cəmiyyətindəki ümumi psixozdan doğan bu vəziyyət,hələ anlaqsız olmaq demək deyil.Bəs,görəsən, nüfuzlu dövlətləri ziddiyyətli açıqlamalara inanmağa vadar edən nədir? Axı,Paşinyan hər iki tərəfə aid silahlı qüvvələrin sərhəddən geri çəkilməsini təklif edərkən nə qədər ”sülh göyərçini” kimi görünməyə calışsa da,işlətdiyi cəmi bir cümlə ilə həm özünü təkzib etdi,həm də əsl məqsədini açıb ortaya qoydu.Əgər Paşinyan hərbçilərin məhz sərhəddən geri çəkilməsini təklif edirsə,bu,o deməkdir ki,sərhəd xəttinin haradan keçdiyi Azərbaycana məlum olduğu qədər ona da məlumdur.Belə olan halda, iki dövlət arasındakı sərhədə Azərbaycan ərazisindən olan nəzarəti niyə hansısa beynəlxalq müşahidəçi həyata keçirməlidir? Ermənistanın ərazisində ABŞ,Fransa və ya Rusiya qüvvələrinin ,yaxud onların birgə qruplaşmasının müşahidəçi qismində dayanması ermənilərin öz işidir.Amma NATO və KTMT təmsilçilərinin eyni vaxtda,eyni məkanda yer alması nə vaxtsa partlayacaq barıt çəlləyinə bənzəyir.Şübhəsiz,bu avantüra bilərəkdən təklif olunur,məqsəd məlum qüvvələri üz-üzə qoymaq və onların toqquşmasından öz maraqları naminə istifadə etməkdir.Onsuz da avantüra və təxribatlar Ermənistanı idarə edənlərin hər zaman mahiyyətində dayanıb.Ona görə də, təəccüblənməyə dəyməz.Amma sərhədlərimizin keşiyində öz əsgərimizin dayanması, istənilən ölkə üçün olduğu kimi,dövlətimizin də müstəsna səlahiyyətinə aid olan məsələdir.Mifik müstəqilliyi dövründə sərhədlərinin keşiyində başqa ölkə hərbçilərinin dayanması Ermənistan üçün yad olan təçrübə deyil və onlarda çoxdan oturuşmuş bir ənənədir.Ona görə də, Paşinyan həmin təklifi irəli sürərkən hüquqi və mənəvi sıxıntını yaşamaya bilər,çünki öyrəncəlidirlər.Amma,tutalım,biz də desək ki,Minsk qrupunun 11 üzvündən biri olan Türkiyə əsgəri Azərbaycan əsgəri ilə yanaşı sərhədin Azərbaycan hissəsində dayanacaq,görəsən,onda ermənilər hansı havaya oynayacaqlar?! Yaxud NATO üzvü olan Türkiyənin iştirakına KTMT üzvü olan Rusiyanın,yaxud NATO-nun digər üzvü Fransanın və ya elə ABŞ-ın özünün münasibəti necə ola bilər? Bəlkə,uydurma “erməni soyqırımının” tanınmasının indiki vaxta təsadüf etməsi və bu məsələdə ortaq mövqe,həm də buna görə sıradan bir məsələ hesab olunmamalıdır? Maraqlıdır,əksər məsələlərdə maraqları toqquşan ABŞ və Rusiya Fransa ilə birgə yenə də ortaq ermənipərəst mövqedən çıxış edəcəklər? Görəsən, erməni mövzusunda həmrəyliyin əsl səbəbini onlardan kimsə obyektiv və səmimi şəkildə nə zamansa açıb izah edəcək?
Məlumdur ki,delimitasiya və demarkasiya uzun prosesdir,bəzən buna illər,onilliklər sərf olunur.Bəlkə,30 il boyunca danışıqları “yolaverməkdə” pərgarlaşan Ermənistana elə bu lazımdır? Əldə edəcəyi bu fürsətdən,qazanacağı zamandan,görəsən,Ermənistan hansı məqsədlə istifadə edəcək? Kim zəmanət verə bilər ki,Ermənistan ”yeni ərazilər uğrunda yeni müharibələr” doktrinasının adında görüntü naminə az-maz dəyişiklik edib yenə də eyni hədəfi güdməyəcək? Məgər hər gün bir bəyanat yayan böyük dövlətlər Ermənistandakı revanş çağırışlarını görmürlər? Məgər bilmirlər ki,bu ölkənin konstitusiyasında belə,Türkiyəyə qarşı da ərazi iddiaları təsbit olunub?Niyə Paşinyanın hər açıqlaması ilə unison şəkildə ardıcıl bəyanatlar verən ABŞ və Fransa,eləcə də Ermənistan sərhədlərini qoruyan Rusiya eyni amplituda və sərtliklə ondan tələb etmirlər ki,minaladıqları ərazilərin xəritəsini Azərbaycana versin? Niyə onlardan heç biri ermənilərin Qarabağda törətdikləri vandallıq aktlarına,məscidlərimizin və qəbirlərimizin təhqir olunmasına, tarixi və mənəvi irsimizin izlərinin məqsədli şəkildə Qarabağdan silinməsinə ictimai şəkildə münasibət bildirmir və Ermənistanı öz adı ilə,varvar ölkə deyə çağırmırlar? Axı,bütün bu cinayətlər onların həmsədrliyi dövründə baş verib.
“Biz açıq şəkildə Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırıq və sözsüz ki, Ermənistan da öz növbəsində Azərbaycanın beynəlxalq sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanımalıdır”.
Bu fikirlər dırnaq arasında ona görə verilmir ki, məcazi mənada işlədilir.Dırnaq işarəsi ona görədir ki,həmin fikirlər və beynəlxalq-hüquqa söykənən bu ədalətli mövqe Prezident İlham Əliyevə məxsusdur.Bəs,görəsən,bu təklif səsləndiyi gün niyə həmin ölkələrdən dəstək bəyanatlarını eşitmədik? Yoxsa,ərazi bütövlüyünün tanınmasına yanaşmada beynəlxalq təcrübədə mövcud olan ikili standartlar,seçmə üsulu Ermənistana daha çox sərf edir,buna görə? Axı,Kəlbəcər də,Xankəndi də, beynəlxalq-hüquq normalarına uyğun olaraq ,Azərbaycan əraziləridir.Bu,heç kimə sirr deyil,o cümlədən bəyanat verən dövlətlərə də.Kəlbəcərin Yuxarı Ayrım kəndi istiqamətində saxlanılan erməni diversantlarının Azərbaycan ərazisində nə ölümü var idi? Bu sualı bizdən başqa özünə verən olubmu?Azərbaycanın içərisində olan ərazinin delimitasiya və demarkasiyaya hansı aidiyyatı ola bilər? Görəsən,həmin bəyanatlar reallığı bilməməkdən irəli gəlir,yoxsa,Ermənistanın təhrif etdiyi həqiqətə “gözübağlı” inamdan? Bəlkə,əsl reallığı qəbul etmək istəyinin olmamasından və ya məhz təhrif olunmuş alayarımçıq həqiqətə özünü inandırmaq istəyindən qaynaqlanır?
Aydındır ki,ABŞ və Rusiya dünya gücləridir.O da məlumdur ki, öz keçmişlərində bir-birilərinin tarixi səhvlərini təkrar etmək təcrübələri də var.Sadalanması çox vaxt aparar.Təkcə Əfqanıstan nümunəsi yetərlidir.Biri girdi və çıxdı,o birisi də çıxmaq üzrədir.Nə qazandılar? Hər halda ,bu,yerli əhalinin məhəbbəti olmadı,qan-qadalı yaddaş tarixi yazıldı.Bəs,görəsən, Rusiya istəyərmi ki,onun sərhədlərinin lap yaxınlığında yaxşı bələd olduğu ikinci Suriya yaransın? İnanmıram ki,istəsin.O da inandırıcı deyil ki,Çeçenistan həqiqətləri unudulsun. Yaxud,görəsən,ABŞ,ya da Ermənistanı kiçik bacısı kimi sevən Fransa öz ərazisində, ermənilərin kütləvi və kompakt şəkildə yaşadığı yerlərdə ikinci erməni dövlətinin qurulmasına icazə verərlərmi və ya separatçı hərəkətləri bağışlayarlarmı? Görəsən, dünyada ayrı-seçkiliyə yol açmış ikili standartların həqiqi və yeganə səbəbi yalnız hansısa uydurma fobiyalardırmı?
Mübaliğəsiz,dünyada ən tolerant məkanlardan biri məhz Azərbaycandır.Bəlkə də,fərqli millətlərə mənsubiyyətin Bakılı adı ilə eyniləşdirildiyi ikinci fenomenə başqa bir yerdə rast gəlmək mümkün olmasın.Bunu vaxtılə Bakıdakı ermənilər də dilə gətirirdilər.Paytaxtımızda yaşamağa davam edən minlərlə erməni,rus,yəhudi və digər millət mənsubları bu ənənəni indi də davam etdirirlər.O cümlədən, azərbaycanlılar da…
İqlim dəyişikliyi,Covid-19 pandemiyası,həqiqətən, ümumbəşəri təhlükələrdir,onlarla səmərəli mübarizə beynəlxalq səy və imkanların birləşdirilməsini labüd edir.Amma hətta XXl əsrdə bunlardan da böyük təhlükə var:dini,irqi və milli ayrı-seçkilik,sonda sivilizasiya ayrı-seçkiliyi.Bu bölücülük və ikili standartlar gecikmədən aradan qaldırılmalıdır.Amma hansısa qlobal təhlükə ilə mübarizəyə başlamamışdan əvvəl,onun yaranma səbəbləri və səbəbkarları dəqiqləşdirilməlidir. Axı,iqlim dəyişikliyində və Coviddə olduğu kimi,bu bölücülüyün və ikili standartların da yaranma səbəbi( səbəbləri) və səbəbkarı (səbəbkarları) var!