AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İcazə blankları”nın bölgüsündə dəyişiklik

  • + A
  • - A
  • 2-06-2021, 13:22


    Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan “İcazə blankları”nın daşıyıcılar arasında bölüşdürülməsi prosesi Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) tərəfindən həyata keçiriləcək.

    Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və ABADA İctimai Birliyi arasında razılaşma əldə edilib. Razılaşmanın tətbiqi nəticəsində avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması təmin ediləcək. Məqsəd avtomobil daşıyıcılarının beynəlxalq avtomobil daşımaları bazarına çıxışının tənzimlənməsi, inhisarçılığın qarşısının alınması, daşıyıcıların və sürücülərin peşəkarlıq keyfiyyətlərinin artırılması və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasıdır.

    Razılaşma sənədi gələcəkdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində əməkdaşlığın genişləndirilməsinə şərait yaradacaq.

    Razılaşmaya əsasən, “İcazə blankları”nın daşıyıcılar arasında bölgüsünün müəyyən meyarlar əsasında tam şəffaf həyata keçirilməsi məqsədilə ABADA tərəfindən təmin edilməsi qərara alınıb. “İcazə blankları” ölkələrarası iqtisadi-siyasi əlaqələrdən və daşımaların həcmindən asılı olaraq kvota əsasında müəyyən olunaraq mübadilə edilir.

    “İcazə blankları”nın bölgüsünün təkmilləşdirilməsi ehtiyacını nəzərə alaraq, qanunvericiliyə uyğun şəkildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə ABADA İctimai Birliyi arasında avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında” Memorandum da imzalanıb. Memoranduma əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların həyata keçirilməsi üçün istifadə olunan kvota üzrə mübadilə edilən xarici ölkələrin birdəfəlik “İcazə blankları” və Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik və qısamüddətli icazələrinə olan tələbatın müəyyən edilməsi və həmin icazələrin yerli avtodaşıyıcılar arasında bölgüsünün yeni mexanizminin formalaşdırılması ABADA tərəfindən icra ediləcək.

    “İcazə blankları” ölkələr arasında razılığa əsasən daşımaların həcminə uyğun müəyyən olunan və beynəlxalq yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. İcazə blankı hər iki ölkə arasında qarşılıqlı razılığa əsasən eyni sayda mübadilə edilir. Yükdaşımanı icra edən sürücü məhz “İcazə blankları” vasitəsilə xarici ölkələrdən yükləri ya öz ölkəsinə, ya 3-cü ölkəyə, ya da məhsulu təhvil aldığı ölkədə daşıma izni əldə edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR