Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş abidə lövhəsinin açılışı olub - FOTO
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin N saylı hərbi hissəsində Dövlət Sərhəd Xidmətinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə lövhəsinin açılış mərasimi keçirilib.
DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbi qulluqçuların xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış qranit abidə lövhəsində Vətən müharibəsində şəhid olmuş qəhrəman sərhədçilərin fotoşəkilləri və adları həkk olunub, Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb.
Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, iştirakçılar bir dəqiqəlik sükutla şəhidlərin ruhuna ehtiramlarını ifadə edib, abidə lövhəsinin önünə əklil və gül dəstələri düzüblər.
Tədbirin sonunda Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Suqovuşanın, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının, Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.