BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində 23 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Nayif Fəlah Mübarək Əl-Hacraf ilə görüşüb.
Görüşdə Azərbaycan və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə oldugu, qarşılıqlı hörmət və dostluğa əsaslandığı qeyd edildi.
Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes forumunun bu əməkdaşlığın iqtisadiyyat, ticarət, sərmayələr və turizm kimi sahələrdə daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradacağından əminlik ifadə edildi.
Nazir Ceyhun Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və onun doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verdi. Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində birgə layihələrdə iştirakında maraqlı olduğu yüksək qiymətləndirildi.
Baş katib Azərbaycanın keçmiş münaqişə ile bağlı mövqeyinin Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən hər zaman birmənalı və tam şəkildə dəstəkləndiyini qeyd etdi.
Tərəflər, Azərbaycanla Şura arasında əməkdaşlığın genişləndirilməsi imkanları, o cümlədən birgə 2021-2025-ci illər üzrə Fəaliyyət Planının işlənib hazırlanması, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etdilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.