AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mənzil almadan evlənməyəcəyinə əhd edənlər və ya evsiz evlilər... - AKTUAL

  • + A
  • - A
  • 22-11-2021, 08:49


    Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirələri zamanı deputat Razi Nurullayev Bakıda mənzili olmayan deputatlara verilən kirayə pulunun məbləğinin artırılması ilə bağlı çıxış edib. Bu çıxış gənclərin iradı, sərt reaksiyası ilə qarşılandı. Gedən müzakirələrdə demək olar ki, kimsə deputatın gəlirinin dövlətdən aldığı məvaciblə yekunlaşdığına inanmadı. Buna paralel olaraq, günü-gündən çətinləşən sosial vəziyyətin fonunda gənclərin ev ala bilmək arzusunun uzun illər, bəlkə də bir ömür boyu sadəcə xəyal olaraq qalması danışılmaqdadır.

    Qərəmanım Şəhanə Əliyeva da (ad şərtidir) ev problemini həll edə bilməyənlərdəndir. Xanım 4 ildir ailə həyatı qursa da, hələlik öz mənzillərinə sahib ola bilməyiblər: “Yoldaşım da, mən də özəl sektorda işləyirik. Aylıq gəlirimiz ortalama min manatdan bir qədər artıq olur. Evlənərkən yoldaşımla planlaşdırmışdıq ki, iki il qazancımızı üst-üstə qoyarıq, valideynlərimizin də maddi dəstəyi ilə birotaqlı da olsa, ev alarıq, amma hələ də buna nail ola bilməmişik. Çünki qazancımız övladımızın qayğılarını qarşılamağa, gündəlik yaşayışımızı təmin etməyə ancaq yetir.

    Ərzaqda, geyimdə, kommunal xidmətlərdə qiymət artımı kənara beş manat qoymağa da imkan vermir. Əlində pulun olmadan nə torpaq sahəsi alıb ev tikdirmək mümkündür, nə də hazırkı ağır və bizim üçün imkansız olan ipoteka şərtləri ilə ev almaq”.

    Həmsöhbətim onu da əlavə edib ki, qohumları, dostları arasında ev probleminə görə ailə həyatı qurmağı gecikdirənlər də az deyil: “Məişət qayğıları içərisində həyatda ayaqda qalmaq uğrunda mübarizə apararkən, bir də gözünü açırsan ki, illər keçir, amma geri baxanda yadına salıb gülümsəyə biləcəyin xoş xatirələrin barmaqla sayılacaq qədər azdır. İndi ətrafımızda çox dost-tanış var ki, bu qayğılara mübtəla olmamaq üçün evlənmək istəmirlər. Normal evdə kirayə qalmaq üçün 350-400 manat pul lazımdır. Bu gün Azərbaycan gəncinin ən yaxşı halda, ortalama qazancı bu məbləğdən elə də çox deyil.

    Belə olduğu halda, insan bilmir ki, qazancını kirayəyə, aylıq yeməyinə, geyiminə, kommunal xərclərinə ayırsın, yoxsa heç nə yeyib-içmədən, geyinib-kecinmədən harasa getməyə, dost-tanışı, yaxınları ilə xoş vaxt keçirməyə. İndi təsəvvür edin, övladınız da var. Bu zaman hər şeydən əvvəl onun yaşayışı gəlir. Onu isti evlə, yaxşı qida, geyimlə təmin etməyə çalışırsan. Bu zaman da öz həyatın əldən çıxır. Təəssüf ki, bizim hazırkı reallığımız bu qədər acıdır. Ev sahibi olmaq üçün ya ən azından aylıq gəlirin iki min manata yaxın olmalıdır, ya da valideynlər sizin üçün ev almalıdır. Əks halda, çox qəliz məsələdir. Bu çətinliyi görənlər də ev almadan evlənməyəcəyini əhd edirlər. Nəticədə yaş 30-u keçir, gənclər evlilik üçün də gecikir. Ən pisi də bu sıxıntılar içərisində ailələr bir övladla kifayətlənməli olurlar. Sosial vəziyyət yaxşı olsa, kimsə övladının qardaş-bacısız olmasını istəməz. Hamısı məhrumiyyətlərdəndir”.

    Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran sosial məsələlər üzrə ekspert İlqar Hüseynli gənclərin ev probleminin həllində ilkin addımlardan biri kimi güzəştli şərtlərlə ipoteka kreditindən faydalana biləcək kateqoriyaya yenidən baxılmasını zəruri hesab edir: "Əsas problem güzəştli ipoteka kreditlərindən istifadə edə biləcək kateqoriyanın məhdud və konkret olmasındadır. Belə ki, bu kreditdən şəhid ailələrinin üzvləri, dövlət qulluğunda 3 ildən artıq əmək stajı olanlar, Vətən müharibəsi iştirakçıları, Milli Qəhrəmanların ailə üzvləri, fəlsəfə doktoru elmi dərəcəsi olanlar, təhsil müəssisələrində 15 ildən artıq fəaliyyət göstərmiş müəllimlər yararlana bilərlər. Bu isə ölkədə çoxsaylı gənclər qrupunu demək olar ki, əhatə etmir. Məhz bu mənada güzəştli şərtlərlə ipoteka krediti gənclərin ev almasında o qədər də ürəkaçan şərait yarada bilmir. Bu şərtlərin özlərinə yenidən baxılmalıdır. Dövlət qulluğunda çalışan gənclər yararlana bildiyi halda, özəl sektorda işləyənlər bu şərtlərdən yararlana bilmirlər. Bankçılıq, təhsil sahəsində çalışan gənclərimiz var. Onlar sahibkar deyillər ki, hazırkı kredit şərtləri ilə gəlirləri ev almağa yetsin".

    İlqar Hüseynli kredit şərtlərində də müəyyən güzəştlərə gedilməsinin vacibliyini vurğulayıb: "Kredit şərtlərində də çox ciddi problemlər var. Məsələn, maksimal məbləğ 150 min manat, minimal məbləğ isə 100 min manat müəyyənləşdirilib. İlkin ödəniş üçün 150 min manat üçün 15 faiz, 100 min manatlıq ipoteka kreditlərində isə 10 faiz tələbi var. 150 minlik kreditə zəmanətli olduğu halda 8 faiz, zəmanətsiz olduğu halda isə 7.5 faiz, 100 minlik kreditə isə müvafiq olaraq zəmanətli olduğu halda 4, zəmanətsiz olduqda isə 3 faiz dərəcələri əlavə olunur.

    Bu şərtlər yeni ailə quran gənclərin imkanları daxilində olmadığına görə, onlar bundan rahat şəkildə yararlana bilmirlər. Düşünürəm ki, bu şərtlərə yenidən baxılması lazımdır. Həmçinin güzəştli şərtlərlə kredit hər kəsə şamil edilməlidir. İpoteka kreditləri verilərkən gənclərin aylıq gəliri nəzərə alınmalıdır, nəinki əmək stajları".

    Ekspert hesab edir ki, ipoteka kreditlərinin güzəştli şərtlərlə verilməsi bütün kateqoriyadan olan gənclərə şamil edilməlidir: "Azərbaycan Respublikasının bütün vergi ödəyicilərinə bu imkanlardan yararlanmaq üçün şans verilməlidir. Mən təklif edirəm ki, ipoteka kreditləri verilməsi zamanı ilkin ödəniş üçün nəzərdə tutulmuş məbləğə ilkin 10 faizlik ödəniş yığışdırılsın, simvolik olaraq 5 faizə endirilsin. Kreditlərin faiz dərəcələri də aşağı salınsın. 150 və 100 minlik kreditlər üçün faiz dərəcələrini eyniləşdirərək 4 faiz və yaxud da zəmanətlidirsə, 3.5 faiz civarında müəyyənləşdirilsin".

    "Əgər zəmanətli ipoteka kreditlərinə bu şərtlər şamil edilərsə, müəyyən qrup gənclərimiz həm ev almaq imkanı, həm də ailə qurmaq imkanı əldə edərlər. Bu da ölkəmizin demoqrafik göstəricisinin yaxşılaşmasında öz tövhəsini vermiş olar", - deyə Hüseynli fikrini yekunlaşdırıb.

    İqtisadçı ekspert Eyyub Kərimli problemə nikbin yanaşmağın tərəfdarıdır: "Əslində ev almaq bizim cəmiyyətdə can atılan bir arzudur. Xarici dövlətlərdə insanlar uzun müddət kirayə qalıb vəsaitlərini biznesə, işə əlavə passiv və ya aktiv gəlir əldə etməyə yatırırlar. Hesab edirəm ki, gənclərə əsasən bu yanaşma aşılanmalıdır. Yaxşı gəlir, yaxşı maaş və yaxşı biznes olanda, insana kirayə qalmaq o qədər də ağır gəlmir. Ev problemi gəncləri gərək çox narahat etməsin. Əsas diqqəti biznesə, karyeraya və gəlirlərin artırılmasına yönəltmək lazımdır.

    Xaricdə şəxsi mənzil passiv kapital qoyuluşu hesab edilir və çox da təqdir edilmir. Dünya miliarderləridən biri olan Jeff Bezos hələ də 35 il öncə 30 min dollara aldığı evdə yaşayır. Əslində kirayə qalmaq faciə deyil. Qərbdə normal həyat normasıdır".

    Problemin həlli istiqamətində atılmalı addımlara qaldıqda isə ekspertin təklifləri belə olub: "Güzəştli kreditlər müəyyən etmək lazımdır. Gənclər üçün müxtəlif assosiasiyalar ya tikinti trestləri yaratmaq olar. İmkan yaratmaq lazımdır ki, gənclər birləşib özləri üçün ev tiksinlər. Eyni zamanda, dövlət proqramları olmalıdır. Sosial ipoteka ilə evlər təqdim edilə bilər. Bunların önündə isə əlbətdə ki, münbit iş bazarı gəlir. Gənclər bacarıqlarına və biliklərinə uyğun olaraq rahat iş tapa bilməlidirlər. Gəncləri daha çox öz bizneslərini yaratmağa təşviq etməliyik".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR