"Mədəniyyət kəndlərdə" layihəsi bu dəfə Musaküçə kəndində keçirilib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Noyabrın 23-də Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən "Mədəniyyət kəndlərdə" layihəsi çərçivəsində növbəti tədbir həyata keçib. Masallı rayonunun qədim sənətkarlıq və təsərrüfat ənənələri ilə seçilən Musaküçə kəndində reallaşdırılan tədbirdə rəsmi şəxslər, mədəniyyət işçiləri, ziyalılar, Vətən müharibəsi iştirakçıları, kənd sakinləri və digər ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə əbədiyyətə qovuşmuş şəhidlərin xatirəsinin yad edilməsindən sonra açıq elan olunub.
Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyev budəfəki tədbirin təşkilatçısı Musaküçə kənd Sənətkarlıq evinin kollektivinə və tədbirə geniş sərgi və bədii proqramla qatılan iştirakçılara minnətdarlıq bildirib, həmçinin layihənin bugünədək keçirilmiş tədbirlərindən bəhs edib.
İdarə rəisi Bəxtiyar Qılıncov layihənin Mədəniyyət Nazirliyinin müvafiq fəaliyyət istiqamətləri və mədəni yanaşmalarına uyğun həyata keçirildiyini qeyd edib. O, layihənin mahiyyətindən söhbət açaraq yerlərdə qorunan mədəni dəyərlərin geniş ictimaiyyətə tanıdılması, kənd müəssisələrinin işinin genişləndirilməsi və yaradıcı gənclərin aşkarlanmasını tədbirlərin əsas məqsədi olduğunu nəzərə çatdırıb.
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova tədbirin Musaküçə kəndində keçirilməsini müsbət hadisə kimi qiymətləndirib və layihəyə görə təşkilatçılara minnətdarlıq edib. A. Qafarova bu kimi tədbirlərin kəndlərdə təşkilini yerli mədəniyyətin inkişafına təkan olacağını, həmçinin rayona xas olan mədəni dəyər və ənənələrin tanıdılması işinə dəstək verəcəyini qeyd edib.
Musaküçə kənd tam orta məktəbinin müəllimi Rizvan Rzayev isə Musaküçə adının etimologiyası, kəndin tarixi, təsərrüfatı, qədim el sənətkarlığı sahələri, tanınmış şəxsləri, müharibə iştirakçıları və əmək qəhrəmanları barədə əhatəli məlumatlar verib.
Çıxışlardan sonra bədii proqramlara start verilib. Əvvəlcə, tələbə və məktəblilər şəhidlərə həsr olunmuş vətənpərvərlik şeirləri səsləndiriblər, sonra "Halay" folklor Xalq ansamblı tərəfindən maraqlı rəqs kompozisiyası ifa olunub. Sonra rəsmilər və digər tədbir iştirakçıları mədəniyyət müəssisələrinin çeşidli el sənətkarlığı sahələri və qədim əşyalardan qurulmuş sərgilərinə baxış keçirib, istedadlı yeniyetmə və gənclərin əl işləri ilə tanış olublar. Bunlarla yanaşı, tədbirdə kənd sakinləri ənənəvi sənətkarlıq sahəsi olan həsirçiliyə aid məişət məmulatları və müxtəlif təsərrüfat məhsulları ilə təmsil olunublar. Sərgi və bədii kompozisiyalar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Yekunda mədəniyyət tədbirlərində fəal iştirak edən bir qrup istedadlı məktəbli və mədəniyyət işçilərinə İdarənin "Təşəkkürnamə"si təqdim edilib.
Xatırladaq ki, layihə yerlərdəki mədəniyyət müəssisələrinin işinin gücləndirilməsi, həmçinin kəndlərdə yaşayan gənc istedadların aşkarlanması və dəstəklənməsi məqsədilə keçirilir.
Ülkər Piriyeva