AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni nazirə yeni müavinlər: gənclər və idman sektorunu nə gözləyir? - HƏQİQƏTƏN DƏ...

  • + A
  • - A
  • 3-12-2021, 08:41


    Fərid Qayıbovun gənclər və idman naziri təyin olunmasından üç aya yaxın zaman ötür. Yeni naziri təyinatı ilə əlaqədar qəbul edən Prezident İlham Əliyev tapşırıq vermişdi ki, Azərbaycanda idman federasiyalarının və gənclər sektorunun fəaliyyəti gücləndirilməli və müasir dövrün tələbləri ilə uyğunlaşdırılmalıdır. Məhz bundan sonra bir çox idman federasiyalarında növbədənkənar hesabat yığıncaqları keçirildi. Federasiyaların rəhbərlikləri dəyişdirildi, yeni şəxslərlə əvəz edildi.

    Velosiped İdmanı, Cüdo, Şahmat, Qılıncoynatma Federasiyalarına yeni rəhbərlər seçildi. Mədət Quliyev Azərbaycan Velosiped İdmanı, Rəşad Nəbiyev Azərbaycan Cüdo, Mahir Məmmədov Azərbaycan Şahmat, Balakişi Qasımov Azərbaycan Qılıncoynatma Federasiyalarının prezidentləri seçildilər.

    Onlar bu vəzifələrdə müvafiq olaraq Fazil Məmmədovu, Rövnəq Abdullayevi, Elman Rüstəmovu və Mikayıl Cabbarovu əvəzlədilər. Qarşıdakı dövrlərdə digər idman federasiyalarında da növbədənkənar hesabat yığıncaqlarının keçiriləcəyi, yeni rəhbərlərin seçiləcəyi gözlənilir. Qeyd edək ki, hazırda Azərbaycanda 64 idman federasiyası fəaliyyət göstərir.

    Bir neçə gün öncə isə İndira Hacıyeva və Marina Vasilevanın gənclər və idman nazirinin müavinləri təyin olunması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Birincinin yaşının çoxluğu və bir neçə ay öncə nazirlikdəki şöbə müdiri vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumatlar, ikincinin isə barəsində tirajlanan fotolar və videolar müəyyən müzakirələrə, tənqidlərə səbəb oldu.

    Gənclər və İdman Nazirliyində həyata keçirilən kadr dəyişikliklər ölkə gəncliyinin və idmanın inkişafına hansı töhfələr verə bilər? Cəmiyyətin nazirlikdən gözləntiləri nədir?

    AYNA mövzunu ekspertlərlə müzakirə edib.

    Azərbaycan Sambo Federasiyasının ilk prezidenti və Avropa Sambo Federasiyasının vitse-prezidenti olmuş, Respublikanın fəxri bədən tərbiyəsi və idman işçisi Zəlimxan Məmmədli AYNA-ya açıqlamasında bildirib ki, digər sahələrdə olduğu kimi, idman sahəsində də kompleks islahatlar həyata keçirilməlidir: “Bilirsiniz ki, uzun müddət Azərbaycan Sambo Federasiyasına rəhbərlik etmişəm. Rəhbəri olduğum dövrdə hər il dünyanın ən güclü 10 idmançısı siyahısında azərbaycanlı samboçular yer alıb. Bu istisnasız olaraq belə olub və bəzən onların sayı daha çox olurdu. Amma o dövrdən üzü bəri azərbaycanlı samboçular dünyanın güclüləri siyahısında bir dəfə olsun yer almayıblar”.

    “İdmanda uğur formulu deyilən bir anlayış var. Bu nə deməkdir? Əgər idmançıya dəyər kimi baxmayıb, idmançını yeri gələndə dəyənək kimi istifadə edəcəksənsə, idmançıya yuxarıdan aşağı baxıb, onun şəxsiyyəti üzərində amiranə bir formada davranış göstərəcəksənsə, həmin idmançını "sındırmış" olursan. Necə ki, "sınmış" elm adamından, alimdən nəticə gözləmək olmaz, "sınmış" idmançıda da belədir. Əgər idmanda nəticə əldə etmək istəyirsənsə, qocaman idmançılara dəyər verməli, potensialı olanları tapıb ortaya çıxarmalısan. Sambo Rusiyada yaranıb. Biz o zaman Rusiyanın kürəyini yerə vuracağımı deyəndə, bizə inanmırdılar. İdmançılarla birlikdə buna kökləndik və 1996-cı ildə Rusiya üzərində parlaq qələbə qazandıq” – ekspert xatırlayır.

    Onun sözlərinə görə, idmançının haqqına göz dikəndə, məşqçilərlə separat danışıqlara gedəndə, insanları bacarığına görə deyil, şəxsi əlaqələrə görə qiymətləndirəndə, nəticə bərbad olacaq: “Nə qədər acı olsa da, uzun müddət belə olub. Hər idman federasiyanın rəhbərliyinə yüksək rütbəli məmurlar gətirilir. Onların imkanı var ki, bu sahədə ciddi dönüş yaratsınlar. Lakin bu baş vermir. İndi yeni nazir təyin olunub. Hələki qısa müddətdir vəzifədədir. Fəaliyyətinə qiymət vermək üçün zamana ehtiyac var. Amma açığını desəm, mənim heç bir gözləntim yoxdur. O səbəbdən ki, bütövlükdə bu sahədə sistem qüsurludur və bu dəyişməyənə qədər hər hansı əsaslı dəyişikliklərin olacağına inanmıram”.

    “Gənclər və idman nazirinə yeni xanım müavinlər təyin olundu və mətbuatda, sosial şəbəkələrdə ciddi tənqid hədəfinə gəldilər. Bütün sahələrdə olduğu kimi, bu sahədə də şəxsi sədaqət prinsipləri ön planda tutulur. Peşəkarlıq və digər zəruri keyfiyyətlər diqqətdən kənarda qalır. Nəticədə belə biabırçı mənzərə meydana çıxır. Doğrudanmı Azərbaycanda peşəkar idman və gənclər mütəxəssisi yoxdur ki, belə kadrlara yer verirlər. Görünən odur ki, məmurlar özlərinə yaxın şəxslərdən ibarət komanda qururlar. Məqsədləri isə ümumi sahənin inkişafı, pozitiv dəyişikliklər yox, rəhbəri olduqları qurumlara daha rahat nəzarət etmələridir. Düşünürlər ki, bunu etməsələr, sistemin içində əriyib gedəcəklər” – deyə Məmmədli fikrini yekunlaşdırır.

    Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) təsisçisi Gülsel Səfərova isə fərqli düşünür. Onun qənaətinə görə, yeni nazirin fəaliyyətinə qiymət vermək üçün hələ tezdir: “Azərbaycanda gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Cənab Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirib və bu gün də etdirməkdədir. Gənclər siyasətinin mahiyyətində azərbaycançılıq, milli-mənəvi dəyərlər, dünyaya açılan layihələr icra etmək dayanır. Bu günə qədər bu siyasət həyata keçirilib. Kifayət qədər də uğurlu nəticələr var. Hesab edirəm ki, nazir yeni təyin olunub və onun fəaliyyətinə qiymət vermək tezdir. İlkin qənaət ondan ibarətdir ki, kifayət qədər aktiv fəaliyyət göstərir. Mütəmadi olaraq gənclərlə görüşlər keçirir. Onların problemlərini dinləyir. Təsisçisi olduğum təşkilatın rəhbərliyi ilə də görüş keçirib”.

    O əlavə edir ki, mətbuatda və sosial şəbəkələrdə bəzən şişirdilmiş informasiyalar təqdim edilir: “Yeni nazir müavinləri ilə bağlı informasiyalarla mən də tanış oldum. 2006-cı ildən gənclər sektorundayam. Fəaliyyət göstərdiyim müddətdə cənab Prezident İlham Əliyevlə görüşdə iştirak etmişəm, onlarla beynəlxalq tədbirdə ölkəmizi təmsil etmişəm. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, AGAT ölkənin ən aparıcı gənclər təşkilatlarından olub. Sektorun fəal təmsilçisi olaraq İndira Hacıyevanı çoxdan tanıyıram. O, olduqca peşəkar və yarıdıcı gənclərə dəstək göstərən bir xanımdır. Həm gənclər təşkilatlarını yaxından tanıyır, həm də bu sektora yaxından bələddir. Düşünürəm ki, onun təyinatı çox uğurludur. O ki qaldı Marina Vasilevaya, onu tanımıram və fəaliyyəti barədə qəti məlumatım yoxdur. Bu səbəbdən hər hansı fikir bildirə bilmərəm” - deyə Səfərova qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR