Azərbaycanla Misir Ərəb Respublikası arasında ikitərəfli mədəni münasibətlər daha da möhkəmləndiriləcək
Misir Ərəb Respublikasına səfəri çərçivəsində Anar Kərimov Misirin mədəniyyət naziri İnes Abdel-Dayem ilə görüşüb.
Azadmedia.az xəbər verir ki, Görüşdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev və Qahirə Opera Teatrının direktoru Maqdi Sabir də iştirak ediblər.
Qonaqları səmimi salamlayan Misir Ərəb Respublikasının mədəniyyət naziri İnes Abdel-Dayem iki ölkə arasında opera, kinematoqrafiya sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb. Misirlə Azərbaycan arasında dostluq, mədəni əməkdaşlıq münasibətinin bundan sonra da uğurla davam etdiriləcəyinə inamını ifadə edib.
A. Kərimov dəvət üçün həmkarına təşəkkürünü bildirdikdən sonra Azərbaycanla Misir arasındakı əməkdaşlığın bir çox sahədə uğurla davam etdiyini vurğulayaraq, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, mədəniyyət sahəsində tərəfdaşlığı yüksək dəyərləndirdiyini deyib. O, bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində Misirin zəngin irsinin geri qaytarılması yolunda öz səylərini əsirgəmir. Azərbaycanın öz növbəsində qədim mədəniyyət mərkəzi sayılan əsrarəngiz Qahirə şəhərinin incəsənət, muzey və digər sahələrdə çoxşaxəli təcrübəsindən yararlanmaq niyyətində olduğunu da vurğulayıb.
A. Kərimov eləcə də Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüş Bakı Prosesi haqda məlumat verərək, “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsünün də əsasının qoyulduğunu bildirib. Azərbaycan Respublikasının bölgədə sülhü qorumaq üçün bir sıra mühüm layihələrə imza atdığını vurğulayıb.
Görüş tərəfləri maraqlandıran bir sıra mühüm məsələlərin müzakirəsi ilə davam edib.