Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı konfransında iştirak etmək üçün 8-11 dekabr tarixlərində İstanbulda səfərdə oldu. Milli Məclisin deputatı, konfransda iştirak edən Ceyhun Məmmədov təəssüratlarını Azadmedia.az-la bölüşdü:
"Dekabrın 10-da konfransın açılış mərasimi oldu. Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Konfransda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın İslam dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa önəm verdiyini bildirdi. Azərbaycanda keçirilən çoxsaylı tədbirlərlə ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəmizi verdiyini qeyd etdi.
Milli Məclisin sədrinin çıxışında mühüm məqamlarda biri İslamofobiyanın bu gün dünyada ən ciddi təhlükələrdən biri olduğunu tədbir iştirakşəlarının diqqətinə çatdırması oldu. O Azərbaycanın bu tendensiyanı qəti şəkildə pislədiyini bildirdi, İslam dünyasının qarşısında dayanan problemlərin öhdəsindən gəlmək üçün daha güclü həmrəyliyə, dialoqa və əməkdaşlığa ehtiyacın olduğunu xüsusi vurğuladı.
Milli Məclisin sədri sessiyanın mövzusuna uyğun olaraq, Fələstin, Əfqanıstan və miqrasiya məsələlərinə də toxundu. Azərbaycanın ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin Şərqi Qüds Fələstin dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında sülh yolu ilə həllini dəstəklədiyini qeyd etdi.
Milli Məclisin sədri çıxışında Əfqanıstandakı vəziyyətin humanitar nəticələrinin aradan qaldırılmasının son dərəcə vacib olduğunu, beynəlxalq ictimaiyyətin miqrasiya məsələsini daha geniş perspektivdən nəzərdən keçirməli və problemin kökündə dayanan səbəbləri aradan qaldırmalı olduğunu bildirdi.
Sahibə xanım Qafarovanın çıxışında digər vacib məqam Ermənistanın Azərbaycan qarşı həyata keçirdiyi vandalizm siyasəti ilə bağlı idi. O Azərbaycanın özünün məcburi köçkün problemi ilə üzləşdiyini, Ermənistanın 30 ilə yaxın Azərbaycan ərazisinin 20 faizə yaxınını işğal altında saxladığını, Ermənistanın bu torpaqlarda etnik təmizləmə aparması nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini xüsusi qeyd etdi.
İşğal zamanı Ermənistan qəsdən bütün şəhər və kəndlərimizi yer üzündən sildiyini, Azərbaycanın bütün tarixi, mədəni və dini abidələrini vandalizmə məruz qoyduğunu, Ermənistanın bütün müsəlmanlara qarşı hörmətsizlik nümayiş etdirdiyini, məscidlərimizi dağıtdığını, təhqir etdiyini, orada donuz və inək saxladığını, həmin ərazilərdəki 67 məsciddən 65-nin dağıdıldığını, qalan 2 məscidə isə ciddi ziyan vurduğunu, qəbiristanlıqlarımızın vandalizmə məruz qaldığını bildirdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamə, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in qətnamə və qərarlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiklərini, lakin Ermənistanın onların heç birinə məhəl qoymadığını bildirdi. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirərək, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini qeyd etdi.
Milli Məclisin sədri çıxışında müharibənin ilk günlərindən Azərbaycana siyasi dəstəyini ifadə edən qardaş Türkiyə və Pakistana minnətdarlığını bildirdi, İƏT Parlament İttifaqına və Baş katib Muhammed Xurayçi Niyassa Azərbaycanın haqq işini dəstəklədiklərinə görə təşəkkür etdi.
Sahibə Qafarova çıxışının sonunda Azərbaycanın artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa proqramlarına başladığını, bunun 1 milyondan çox vətəndaşımızın öz evlərinə qayıtmasına imkan verəcəyini qeyd etdi. Ermənistanın öz öhdəliklərini pozmaqdan əl çəkməli, vəziyyəti gərginləşdirən, regionda sülh və sabitlik perspektivlərinə ziyan vuran hərəkətlərə yol verməməli olduğunu bildirdi".