Masallıda narkomaniya və erkən nikahlar mövzusuna həsr olunmuş "Bir ailənin faciəsi" adlı tamaşa göstərilib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 17 dekabrın 2021-ci il tarixdə N.Gəncəvi adına şəhər Mədəniyyət evində Masallı Xalq teatrında aktual ictimai problemlər olan narkomaniya və erkən nikahlar mövzusuna həsr olunmuş "Bir ailənin faciəsi" tamaşası səhnələşdirilib.
Ssenari müəllifi tanınmış jurnalist Əlihüseyn Şükürov olan səhnə işi Masallı Dövlət Regional Kolleci, Masallı rayon Gənclər və İdman İdarəsi, Masallı Gənclər Evi, Masallı rayon Polis Şöbəsi və Xalq teatrının birgə təşəbbüsü ilə hazırlanıb.
Tamaşanın təqdimatından əvvəl teatr kompozisiyasının məramı və maarifləndirici tərəfləri barədə çıxışlar edilib.
Masallı Regional Mədəniyyət İsarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova, Masallı Bioloji Təbabət Klinikasının baş həkimi Tural Xaspolat və başqaları çıxışlarında bəhs olunan ictimai problemləri günümüzün aktual məsələlərindən biri kimi xarakterizə edib, problemlərlə davamlı və təsirli mübarizə üsullarından söz açıblar.
Belə ki, çıxışlarda narkomaniyaya qarşı təxirəsalınmaz profilaktik işlərin əhəmiyyətindən danışılıb, erkən nikahlara qarşı maarifləndirmə tədbirlərinin zəruriliyi vurğulanıb. Həmçinin, problemlərlə aidiyyəti qurumlarla yanaşı, cəmiyyətin bütün təbəqələrinin birgə mübarizəsinin vacibliyi qeyd olunub.
Çıxışlardan sonra sözügedən mövzulara həsr olunmuş tamaşa təqdim edilib.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin əməkdaşı tədbir keçirilən N.Gəncəvi adına şəhər Mədəniyyət evindən xəbər verir ki, kompozisiyada narkomaniya və erkən nikahların doğurduğu ailədaxili və ictimai problemlərə diqqət çəkilib, potensial təhlükələr bədii üsullarla qabarıq təsvir edilib. Bunlarla bərabər, tamaşada problemlərlə effektiv mübarizə vasitəsi kimi maarifin rolundan bəhs olunub.
Qeyd edək ki, tamaşaya rejissor Cəmaləddin Əliyev quruluş verib.
Səhnə tərtibatı və musiqilər isə Elsevər Əliyev və Ruslan Zahidova aiddir.
Tamaşanın prodüsseri isə Mərhəmət Lələyevdir.
Fotosessiya Elsevər Əliyevə məxsusdur.
Ülkər Piriyeva