Məşhur Məmmədov,
Milli Məclisin deputatı
Bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB yeni reallıqları tamamilə qəbul ediblər.
Çünki onlar da şahid oldu ki, Azərbaycan müharibəni ləyaqətlə, beynəlxalq humanitar normaları pozmadan aparıb. Erməni tərəfindən dinc əhali arasında itki az olub. Olan qurbanlar da yalnız müharibədə iştirak edən vətəndaşlar olub. Erməni tərəfi isə hücumlar edib, şəhərlərimizi daim bombalayıb. Təkcə Tərtərə 16 min mərmi düşüb. Müharibə nəticəsində beynəlxalq ictimaiyyət növbəti dəfə erməni vandalizminin şahidi oldu. İşğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil edilmiş səfərlər erməni siyasətinin əsl simasını ifşa etmişdir. Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq kimi mənzərələr çox acınacaqlıdır. Azərbaycanın fəal diplomatik fəaliyyəti nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə şərait yaradıldı. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə - qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü.
İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, təkcə milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox böyük multiplikativ, müsbət effektdir.
Rəsmi İrəvan Rusiyanı müharibəyə cəlb etmək üçün müxtəlif təxribatlara əl atmışdır. Müharibə zamanı əldə etdiyimiz məlumata əsasən müəyyən olundu ki, erməni tərəfi Rusiya tərəfindən xahiş edib ki, Rusiyanın Gümrüdəki hərbi bazasının kontingentinin bir hissəsi Zəngilana ezam edilsin. Nəticədə Gümrüdəki Rusiya bazasının çox məhdud kontingenti oraya ezam edildi. Bu hadisə baş verəndən dərhal sonra erməni silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar. Orada məsafə çox kiçik idi, buna görə onlar minomyotlardan da atəş açırdılar. Ermənistanın rəhbərliyi istəyirdi ki, Azərbaycan erməni mövqelərinə cavab atəşi açmaqla rusiyalı hərbi qulluqçulara ziyan vursun və bununla da Rusiyanı müharibəyə iştirakçı tərəf qismində cəlb etsinlər.
Vətən müharibəsi zamanı aparıcı ölkələrin mövqeyi də önəmli məsələlərdən idi.
İkinci Qarabağ Müharibəsi zamanı Rusiya siyasi nöqteyi-nəzərdən tam neytral mövqe nümayiş etdirirdi.
Amerikadakı Tramp administrasiyası ümumiyyətlə, bu məsələ ilə məşğul olmaq fikrində deyildi. Müharibə Tramp administrasiyasının məhz son aylarına təsadüf etdiyi üçün Amerika tərəfinin hər hansı bir mövqeyini görmədik.
Müharibə dövründə Fransa Prezidenti Makron birmənalı şəkildə Ermənistan tərəfini tuturdu. Buna baxmayaraq, sonda Fransa da müharibənin nəticələrini qəbul edib və Prezident Makronun təşəbbüsü ilə Brüsseldə üçtərəfli görüş keçirilmişdir.
İndi güc amili ön plana çıxır və Azərbaycan buna hazır olmalıdır. Azərbaycan hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edir. Münaqişələr uzun müddət həll olunmayanda, bu münaqişələrlə məşğul olanlar və ümumiyyətlə, beynəlxalq aləm bu münaqişələrdən yorulur. Bu yorğunluq indi digər münaqişələrdə də hiss olunur. Azərbaycan öz gücünə güvənməli və gücünü artırmalıdır.
Cənab Prezident İlham Əliyev 12 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə Zəngəzur dəhlizi barədə danışaraq qeyd etdi ki, Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Dünya aviasiya sistemində qaydalar var və mövcud dəhlizdən istifadə etmək olar. Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirərək Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Zəngəzur dəhlizi sadəcə olaraq, dəmir yolu deyil. Bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Gələcəkdə oradan Naxçıvana elektrik xətlər çəkiləcəkdir. Sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Sevindirici haldır ki, aparılan siyasət nəticəsində “Zəngəzur dəhlizi” termini beynəlxalq leksikona da daxil edilib.
Hazırda Azərbaycan üçün əsas məsələ, Avropa İttifaqı ilə gələcək planları düzgün tərtib etməkdir. Azərbaycanın Avropa İttifaqından hər hansı bir xüsusi gözləntisi yoxdur. Azərbaycan Avropa ilə daha yaxın əlaqələrin yaradılması niyyətindədir. Avropa da istəyir ki, onun sərhədlərində vəziyyət sabit olsun. Müştərək yanaşma imkan verəcək ki, tezlikllə Avropa İttifaqı ilə sazişin mətni tamamilə razılaşdırılsın. Hazırda sazişin təqribən 90-92 faizi razılaşdırılıb.
Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşdır. Enerji təhlükəsizliyi baxımından fəal əməkdaşlıq aparılır.
Avropada qaz böhranı yaşanır. Ölkəmizin qazına böyük ehtiyac var. Azərbaycan etibarlı təchizatçıdır.
Uzun illər ərzində neft təchizatçısı olaraq etibarlı tərəfdaş kimi rol oynayıb.
Cənab Prezidentin də qeyd etdiyi kimi, energetika, nəqliyyat, humanitar məsələlərlə, multikulturalizmlə bağlı bütün təşəbbüslər regionda daha çox proqnozlaşdırılan vəziyyətə, həm siyasi, həm iqtisadi fayda əldə edilməsinə hədəflənib. Ona görə də artıq uzun illər ərzində Azərbaycanın təşəbbüsləri ilə bağlı olan hər şey düşünülmüş və həyata keçirilmək üçün zəmin olan təşəbbüs kimi qəbul edilir.