AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlətin diqqət və qayğısı Azərbaycan gəncliyində özünə, öz gücünə inamı artırır

  • + A
  • - A
  • 2-02-2022, 16:30

    Dövlətin diqqət və qayğısı Azərbaycan gəncliyində özünə, öz gücünə inamı artırır

    Əliabbas Salahzadə
    Milli Məclisin deputatı


    Azərbaycan gəncliyinin keçdiyi inkişaf yolundan geniş bəhs edərək bildirib ki, müstəqilliyimizin yenidən bərpasının ilk illəri digər sahələr kimi, gənclərə diqqətdə də problemlərin mövcudluğu ilə xarakterizə olunsa da, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra onların həyatında yeni mərhələ başladı: “Gənclərə diqqət və qayğı dövlət siyasətinin əsasına çevrildi. Azərbaycan gəncliyi hər addımda özünə diqqətin şahidi oldu. Bu qayğı gənclərdə özünə, öz gücünə, istedadına və bacarığına inamı artırdı. Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən Azərbaycan Gənclərinin I Forumunun keçirildiyi tarix- 2 fevral Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlayıb. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda ulu öndər Heydər Əliyev gənclər qarşısında bu tarixi vəzifəni qoymuşdur ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Çağırışlarda tariximizə, milli-mənəvi dəyərlərimizə, dilimizə bağlılıq xüsusi yer almışdır. Bu gün böyük fəxr hissi ilə qeyd edə bilərik ki, Azərbaycan gəncliyi sağlam düşüncəli, müasir dünyagörüşə malik gənclikdir, daim yeniliklər axtarışındadır”.

    Əliabbas Salahzadə qeyd edib ki, son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin potensial imkanlarından maksimum istifadə etməyi qarşıya mühüm vəzifə kimi qoyub və gəncliyin hərtərəfli inkişafını təmin etmək üçün fərman və sərəncamlar imzalayır, müxtəlif sahələri əhatə edən Dövlət proqramlarını təsdiqləyir: “Prezident İlham Əliyevin 2007-ci ili “Gənclər İli” elan etməsi gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb oldu. Gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi, onların dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdətin yaradılması günümüzün əsas tələbinə çevrildi. Müasir düşüncəyə, zəngin biliyə, savada malik olan gənclik potensial imkanlarını ortaya qoyaraq müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsinə, möhkəmlənməsinə, dünyada tanınmasına öz töhfələrini verir. Azərbaycanın gələcəyinə xidmət edən addımlar sırasında gənclərin xarici ölkələrdə təhsilini xüsusi qeyd edə bilərik. Bu ənənənin əsası ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə qoyulmuşdur. Hələ o zamanlarda Azərbaycanın gələcəyini müstəqil görən Ümummilli Lider gənclərimizi keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərirdi”.

    Deputat Prezident İlham Əliyevin gənclərə dəstəyi yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri kimi 2 iyul 2013-cü il tarixdə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsini qeyd edib: “Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə on min manat məbləğində verilir. Dövlət başçısı İlham Əliyevin 1 fevral 2022-ci il tarixli “2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamı da son iki ildə bayramlarını tamamilə başqa ovqatda, qalib ölkənin gəncliyi kimi qeyd edən gənclərə bayram hədiyyəsi oldu. Prezident İlham Əliyev 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə sosial şəbəkələrdəki hesablarında paylaşımında bu fikirləri xüsusi qeyd edir ki, Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”.

    “44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycan gənclərinə inamı, etimadı daha da artırdı. Torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Onların həyat yolu gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini yüksək əhval-ruhiyyə ilə cavablandıran Azərbaycan Ordusu 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar”, - deyə Ə.Salahzadə bildirib.

    Milli Məclisin deputatı Gənclər Gününün təsis edilməsindən ötən 25 illik dövrə qısa baxış fonunda bu ümumiləşdirməni aparıb ki, Azərbaycan gəncliyi hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub: “Hazırkı dövrdə hər bir Azərbaycan vətəndaşının, gəncinin qarşısında dayanan vəzifə işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə, soydaşlarımızın Böyük Qayıdışına dəstək olmaqdır. Müasir dövrün yenilikçi gəncliyi möhtərəm Prezidentimiz İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımızın müasir tələblər səviyyəsində bərpası tapşırığının icrasına öz töhfələrini vermək imkanlarına malikdir. Bayramın mübarək, Azərbaycan gəncliyi!”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR