Yardımlıda Xocalı faciəsinə həsr olunan "Qisası alınan torpaq" adlı dəyirmi masa keçirilib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Fevralın 8-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin otuzuncu ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq "Qisası alınan torpaq" adlı dəyirmi masa təşkil olunub.
Belə ki, tədbirdə Mərkəzin kollektivi ilə yanaşı, Yardımlı şəhər 2 saylı tam orta məktəbinin şagirdləri də iştirak edib.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra tədbir açıq elan olunub.
Mərkəzin direktoru vəzifəsini icra edən Zeynəb Məmmədzadə mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Z. Məmmədzadə məruzəsində 44 günlük Vətən müharibəsinin nəticəsində bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisasının alındığını qeyd edib.
Sonra Mərkəzin əməkdaşı Elşən Abışov sözügedən dəhşətli cinayət aktı ilə bağlı fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş olunub.
Qeyd edək ki, sonda isə Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolunu özündə əks etdirən eksponatlara baxış keçirilib.
Ülkər Piriyeva