Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində maarifləndirici tədbirlər təşkil olunub.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində narkomaniya və insan alverinə qarşı maarifləndirici xarakterli "Sağlam gələcək naminə narkomaniyaya yox deyək" və "Ümumbəşəri bəla" adlı tədbirlər keçirilib. Tədbirlərdə Muzeyin əməkdaşları və Cəlilabad şəhər 8 saylı tam orta məktəbinin şagirdləri iştirak ediblər.
Belə ki, tədbirlərdə çıxış edən Muzeyin direktoru vəzifəsini icra edən Çimnaz Qasımova bildirib: "Təəssüflər olsun ki, bu bəla ölkəmizdən də yan keçməmişdir. Doğrudur, bir sıra dünya ölkələri ilə müqayisədə ölkəmizdə narkotizm o qədər geniş yayılmasa da, mövcuddur və ciddi mübarizələrə rəğmən yenə də artmaqdadır.
Bu gün narkomaniya təkcə bəşəriyyətin sağlamlığına, mənəvi dünyasına deyil, qlobal dünya iqtisadiyyatına da narkoticarət yolu ilə ağır və sağalmaz yaralar vurmaqdadır".
Növbəti tədbirdə Ç. Qasımova çıxışında qeyd edib: "Bu gün dünyanın inkişaf etmiş əksər ölkələrində dövlət tərəfindən aparılan mübarizələrdən biri də insan alverinə qarşı mübarizədir. Uşaqları və qadınları insan alverinin qurbanı olmaqdan qorumaq, uşaqların təhsillərini davam etdirmələrinə yardım etmək və insan alverinə şərait yaradan halların müəyyən edilməsinə müvafiq dəstəyi göstərməliyik".
Qeyd edək ki, sonda şagirdlərə mövzular üzrə tövsiyələr verilib, müzakirələr aparılıb.
Ülkər Piriyeva