Azadmedia.az xəbər verir ki, 16 fevral 2022-ci il tarixində Qətər Dövlətinin dünyaca məşhur və görkəmli muzeyi sayılan Şeyx Faysal Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan güşəsinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Şeyx Faysal muzeyinin qurucusu bin Qassim Al Tani, Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayılov, Qətərdəki diplomatik korpusun üzvləri, diplomatlar, Qətər ictimaiyyətinin nümayəndələri, Qətərdə yaşayan Azərbaycanlılar və mətbuat nümayəndələri iştirak etmişdir.
Açılış mərasimindən öncə çıxış edən Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayılov iki ölkə arasında bütün sahələrdə yüksələn xətlə davam edən əlaqələrdən söhbət açmış və bu əlaqələrin mədəni sahədə də uğurla davam etdiyini vurğulamışdır. Səfir qeyd etmişdir ki, dünyanın tanınmış Şeyx Faysal muzeyində Azərbaycan mədəniyyəti və tarixinə aid nümunələrin sərgilənməsi və təbliğ edilməsi bu əlaqələrin daha da möhkəmlənməsinin bariz nümunəsidir. Səfir yaradılmış bu şərait və imkana görə Qətər tərəfinə və əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.
Sonra tədbirdə çıxış edən muzeyin qurucusu Şeyx Faysal bin Qassim Al Tani öz ürək sözlərini ifadə edərək bu cür eksponatları muzeydə sərgiləməkdən məmnunluq hissi keçirdiklərini qeyd etmişdir. Daha sonra səfir və Faysal muzeyinin qurucusu Şeyx Faysal bin Qassim Al Tani muzeyin əsas hissəsində yaradılmış Azərbaycan güşəsinin açılışını bildirən rəmzi lenti kəsmiş və qonaqlarla birlikdə eksponatlara baxış keçirmişdirlər. Burada sərgilənən məlumatlar və eksponatları özündə əks etdirən güşə ilə yaxından tanışlıq qonaqlarda zəngin təəsürat yaratmışdır. Muzey ilə tanış olan iştirakçılar burada olan nadir eksponanları maraqla izləmişlər. Tədbirin sonunda qonaqlar xatirə şəkli çəkdirmişdir.