AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Əgər Rusiya KTMT-də olmasa, KTMT heç kəsin yadına düşməz" - İlham Əliyev

  • + A
  • - A
  • 24-02-2022, 13:53

    "Əgər Rusiya KTMT-də olmasa, KTMT heç kəsin yadına düşməz" - İlham Əliyev

    "Fikrimcə heç kəs üçün sirr deyil ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol Rusiyaya məxsusdur. Bu, yaxın vaxtlarda MDB məkanında nümayiş etdirildi və hətta Qazaxıstan hadisələrindən əvvəl də hamıya aydın idi. Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri, habelə 43 bənddən 2-si - 6-cı və 16-cı bəndlər, - zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir. Mənim fikrimcə bu, tamamilə kifayətdir. Axı aydındır ki, KTMT-ni KTMT edən Rusiyanın orada olmasıdır. Əgər Rusiya KTMT-də olmasa, KTMT heç kəsin yadına düşməz".

    Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı deyib.

    "Hər şey bundan irəli gəlir. Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir addım artıq atılıb. Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə bizim çox etimadlı, yaxın, dostluq münasibətlərimiz var. Fikrimcə, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlər də normallaşacaq. Hər halda biz Ermənistan ilə sülh müqaviləsi bağlamaq arzusunda olduğumuzu rəsmən bəyan etmişik. Yəqin ki, müəyyən mərhələdə bu, baş tutacaq. Lakin indiki geosiyasi reallıqlarda biz realist olmalı, əldə edilməsi mümkün olmayanı arzu etməməliyik. Biz Qafqazda möhkəm sülhün bərqərar olması istiqamətində irəliləməliyik. Buna görə düşünürəm ki, dünənki sənəd sizin sualınıza müəyyən dərəcədə cavab verir. Növbəti mövzuları qabaqcadan duyaraq deyə bilirəm ki, eyni sözlər Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı ilə bağlı suala da aiddir. Həm ekspertlər cəmiyyətində, həm də siyasi müstəvidə bu barədə də çoxdan diskussiya gedir. Lakin biz burada da onu əsas götürürük ki, bu, bizim iqtisadi maraqlarımıza nə dərəcədə cavab verəcək, çünki bizim strategiyamız və taktiki addımlarımız həmişə öz resurslarımıza, nəyə malik olmağımıza əsaslanıb. Biz özünəyetərli iqtisadiyyat yaratmağa və istər beynəlxalq maliyyə təsisatlarından, istərsə də hər hansı başqa maliyyə mədaxilindən asılı olmamağı bacarmışıq.

    Buna görə də biz hər şeyi praqmatik baxımdan təhlil edəcəyik. Dünən Rusiya Federasiyası Hökumətinin başçısı ilə görüşdə bu mövzu müzakirə edilib. Bizim mövqeyimiz Rusiya tərəfə açıq çatdırılıb ki, biz, necə deyərlər, qarşımıza iki kağız vərəqi qoymalıyıq – harada müsbət cəhətlər, harada müəyyən məhdudiyyətlər ola bilər və ya bizim iqtisadi suverenliyimizə müəyyən dərəcədə düzəliş edilə bilər. Təbii ki, lehinə və əleyhinə olan məqamları təhlil edəndən sonra bizə sərfəli olan qərar qəbul ediləcək. Bununla yanaşı, deməliyəm ki, MDB üzvü olan bütün ölkələrlə, - təbii ki, Ermənistan istisna olmaqla, - azad ticarət haqqında, o cümlədən Rusiya ilə müqavilələr imzalanıb. İqtisadi və gömrük baryerlərinin yumşaldılması istiqamətində addım atılıb. Sonrasını isə, necə deyərlər, yaşayarıq, görərik. Heç nəyi tapmaca kimi tapmaq olmaz və biz heç vaxt qısa müddətdə əldə edilməsi mümkün olmayan hansısa hədəflər elan etməmişik. Lakin təbii ki, bu, bizim komandamızın daxilində müzakirələr çərçivəsində gündəlikdədir", - Prezident bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR