AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pərviz Babayev - “Qisası Alınan Xocalı” - ÖZƏL

  • + A
  • - A
  • 25-02-2022, 12:22

    Pərviz Babayev - “Qisası Alınan Xocalı” - ÖZƏL



    Hələ XX əsrin əvvəllərində Azərbaycanın görkəmli publisisti, pedaqoqu, filosof-alimi Əhməd bəy Ağaoğlu “İrşad” qəzetində dərc olunmuş “Qarabağın əhvalı” məqaləsində erməni vandallarının Xocalıya olan münasibəti haqqında yazmışdır. 1906-cı ildə dərc olunan bu məqalədə Xocalı adının müsəlman köklü olduğu, lakin burada ermənilər tərəfindən törədilən vəhşiliklər nəticəsində müsəlmanlıqdan əsər-əlamət qalmadığı, Xocalı əhalisinin yurdundan qovulduğu barədə məlumat verən Ağaoğlu insanların ermənilərdən və ruslardan (kazaklardan) şikayət etdiyini də qeyd edir.

    ​Sonralar 1918-1920-ci illərdə də ermənilər Xocalıdan əl çəkməmiş, soyqırım törətmişlər. Bu dövrdə ilk öncə Xalq Cümhuriyyətinin Ordusu və Nuri paşanın komandanlığında Azərbaycana gələn Qafqaz İslam Ordusu birlikdə erməni silahlı dəstələrini tərksilah etmişlər. 1920-ci ildə isə Qarabağda yenidən alovlanan erməni separatizmini general Həbib bəy Səlimovun komandanlığında Azərbaycan Ordusu darmadağın etmiş, erməniləri təslim olmağa məcbur etmişlər. Yalnız bundan sonra xocalılılar öz yurdlarına qayıda bilmişlər.
    ​100 il öncə sadalanan faktlar bu gün baş verəcəkləri sanki öncədən xəbər verir. Bu gün biz belə qənaətə gəlirik ki, əsrlər öncə erməni hansı xislətdə idisə, bu gün də eyni xislətdədir. Qiyafəsinin dəyişməsinə baxmayaraq vəhşiliyindən zərrəcə itki verməyən erməni özünün və havadarlarının “missiya”sını yerinə yetirmək üçün xain planlar qurmaqdadır. İllər ötdükcə təkrarlanan bu hadisələrdə mahiyyət eynidir-başqasının yurduna göz dikmək.
    Təbii ki, bütün bu özbaşınalıqların yol verilməsinə şərait yaradan Azərbaycanın o zamankı iqtidarı və müxalifəti idi. İllər ötdü və yenə tarix təkrarlandı-1988-ci ildən Xocalıya göz qoyan erməni cinayətkarları tez-tez təxribatlar hazırlayaraq dinc əhalini narahat edirdi. Xocalının məhvi üçün hökm çıxardan ermənilər havadarlarının onlara göndərdiyi silah-sursatı İrəvandan yalnız Xocalı aeroportu vasitəsilə daşıya bildikləri üçün bu yola əl atmışdılar. Azərbaycanda gedən daxili çəkişmə, hakimiyyət davası ermənilərə məlum idi. Vahid komandanlığın olmaması, orduda baş alıb gedən hərc-mərclik ermənilərə öz mənfur planlarını həyata keçirmək üçün şans vermişdi. Bununla yanaşı, Bakının Xocalının taleyinə biganəliyi şəhərin işğalına səbəb oldu. Bununla da yaddaşımızdan silinməyən o qanlı gecə və sonrası qaldı.
    Tarixdən bəllidir ki, ermənilər özündən zəif olana, gücsüzə, qocaya, qadına, uşağa rəhm etmədən vəhşiliklər törədən, güclünün qarşısında təzim edən bir millətdir. Lakin 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə rus-erməni birləşmələrinin törətdiyi əsrin cinayəti qorxaq erməni millətinin iç üzünün daha da açılmasına kömək etdi. O qanlı gecədə yaşından, cinsindən asılı olmayaraq rastlarına çıxan hər kəsi güllələdilər. Bu azmış kimi, sonrakı günlərdə ölülərdən qisas aldılar. Onlara olmazın əziyyət verdilər. Müxtəlif əzaları kəsilən, başlarının dərisi soyulan və dilə gətirilməyəcək bir çox əzablar verilən Xocalı qurbanları televiziya vasitəsilə bütün dünyaya nümayiş etdirildi. Lakin vicdanı yatmış dünya oyanmadı ki oyanmadı. Başımıza gələn vəhşiliklərə səssiz qalaraq mənfur düşmənə daha çox cinayət törətməsi üçün rəvac verdi. Budur, özünü dünyaya yazıq, məzlum kimi tanıdan erməni haylarının əsl üzü.
    Xocalının xilası üçün canlarından keçən, onun müdafiəsi üçün son nəfəsinədək vuruşan qəhrəmanlarla yanaşı, bir qisim insan da salamat qalmışdır. Bu gün Xocalı qurbanlarına qarşı törədilən terrorun təfərrüatını məhz onlardan öyrənirik. İçimiz qan ağlayır, lakin bunu yaşayanların bizdən qat-qat artıq əzab çəkdiyinə əminik. Baş verən vəhşiliklər nəinki bilavasitə Xocalı hadisələrinin iştirakçılarına, zorakılıqlara məruz qalanlara, həmçinin bu hadisələrin iştirakçısı olmayanlara da güclü sarsıdıcı təsir göstərmişdir. Bu vəhşiliklər barədə eşidən hər bir azərbaycanlı sentimental hisslərə bürünür. O dövrdəki videolentlərə tamaşa edən hər bir insan günlərlə o dəhşətli görüntülərin təsirindən çıxa bilmir.
    Bütün dünyanın şahidliyi ilə baş verən bu dəhşətli faciənin əsl mahiyyəti yalnız Ümummilli lider Heydər Əliyev tərəfindən açıqlanmışdır. 1994-cü ildə Azərbaycan Respublikası Milli Məclisi Xocalı soyqırımını hüquqi və siyasi cəhətdən qiymətləndirmişdir. Nəticədə, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş verən hadisələri azərbaycanlılara qarşı törədilmiş soyqırım kimi qiymətləndirmiş və hüquqi cəhətdən əsaslandırmışdır. Bununla da, 26 fevral tarixinin “Xocalı soyqırımı günü” kimi qeyd olunması barədə qərar vermişdir. Matəm günü kimi qeyd olunan bu tarixi gündə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq ucaldılmış abidə Prezident İlham Əliyev, dövlət və hökumət nümayəndələri, həmçinin xalq tərəfindən ziyarət edilir.
    Bu faciənin baş verməsindən illər ötsə də onun ağrı-acısını unutmaq mümkün deyil. Lakin 2020-ci ildə əsrə damğasını vuran qələbəmizin bizə Xocalını qaytarması ilə yaramıza su səpildi. Bu yolda bizdən mənəvi dəstəyini əsirgəməyən qardaş Türkiyənin də danılmaz rolu vardır. Həm sevincimizi, həm kədərimizi birgə bölüşən qardaş Türkiyə bir daha yanımızda olduğunu sübut edərək bizi qələbəyə ruhlandırdı.
    Günümüzdə dünyanın bir çox ölkəsində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin keçirilməsi həqiqətlərin aşkarlanmasında, Ermənistan tərəfindən ölkəmizə qarşı yürüdülən təcavüzkar siyasətin mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayır. Eyni zamanda, dünyanın bir çox şəhərlərində dünya xalqlarının erməni vandalizmi haqqında məlumatlanması məqaədilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidələr ucaldılmışdır. Bu ölkələr sırasında Türkiyə, Hollandiya, Almaniya, Meksika yer alır. Bu o deməkdir ki, dünya birliyi illərlə bu terrora göz yumsa da, Azərbaycan xalqının harayını ucaldacaq ölkələr də az deyil.
    Baxmayaraq ki, bu gün bütün Qarabağ, eyni zamanda Xocalı bizimdir, Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.


    Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
    Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru
    I dərəcəli ədliyyə qulluqçusu Pərviz Babayev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR