“Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda keçirilmiş Simpoziumun materialları çap olunub
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə Türkiyə və Azərbaycanda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda keçirilmiş Simpoziumun materialları dərc olunub.
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi münasibətilə keçirilən Simpoziumun materialları Türk Ocaqları İstanbul şöbəsi tərəfindən çap edilib. Topluda hər iki ölkədən olan konfrans iştirakçılarının 35 məqaləsi yer alıb.
“Ön söz”ün müəllifi Türk Ocaqları İstanbul şöbəsinin müdiri Cezmi Bayram Əhməd bəy Ağaoğlunun təkcə Azərbaycan deyil, eləcə də Türkiyə üçün önəmli şəxsiyyətlərdən olduğunu, böyük mütəfəkkirin Türk Ocaqlarının yaradılmasında yaxından iştirak etdiyini bildirib. Qeyd edib ki, Əhməd bəy Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır.
Qeyd edək ki, 19-20 sentyabr 2019-cu ildə Bakıda, 21-22 oktyabr 2019-cu ildə İstanbul şəhərində böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar olaraq simpoziumlar keçirilmişdir.