Sanksiyaların ardından dünyanın böyük şirkətləri tədricən Rusiyada fəaliyyətini dayandırır. Bu cür qərar qəbul edən şirkətlərin sayı sürətlə artır.
AzadMedia.az "Bloomberg”ə istinadən həmin şirkətlərin bəzilərinin qəbul etdiyi qərarlarla bağlı məlumatı təqdim edir:
Britaniyanın enerji nəhəngi BP Rusiyanı tərk edən ilk şirkət olub. BP neft istehsalçısı "Rosneft”dəki 20 faizlik payını satacağını bildirib. Bu qərarla "Rosneft”in 25 milyard dollar itirəcəyi, qlobal neft və qaz hasilatının üçdə bir azalacağı təxmin edilir.
Niderlandın "Shell” şirkəti "Saxalin II” maye qaz zavodu və "Şimal axını 2" boru kəməri üzrə tərəfdaşlığı dayandırmaq qərarına gəlib. İki layihənin ümumi dəyəri 3 milyard dollardır.
Norveçin ən böyük enerji şirkəti olan "Equinor ASA” Rusiyadakı 1,2 milyard dollarlıq sərmayəsini satmağı planlaşdırır.
Fransanın enerji şirkəti "TotalEnergies” Rusiyaya heç bir yeni sərmayə qoymayacağını açıqlayıb.
"McKinsey” Qlobal İdarəedici Partnyoru Bob Sternfels isə deyib ki, təmsil etdiyi şirkət Rusiya hökumətinin heç bir hissəsi ilə işləməyəcək.
Almaniyanın "Daimler Dainler Truck Holding AG” şirkəti növbəti bildirişə qədər Rusiyadakı bütün biznes fəaliyyətlərini dayandıracağını və yerli tərəfdaşı "Kamaz PJSC” ilə əlaqələri nəzərdən keçirəcəyini açıqlayıb.
İsveçin "Volvo Car AB” və "Volvo AB Truck” şirkətləri də Rusiyada satış və istehsalı dayandıracaqlarını bəyan edib.
ABŞ-ın "Harley Davidson” şirkəti Rusiyada bütün işini dayandırdığını açıqlayıb.
ABŞ-ın nəhəng avtomobil istehsalçısı olan "General Motors Co” bəyan edib ki, tədarük zənciri problemləri və şirkətdən asılı olmayan amillər səbəbindən Rusiyaya tədarükləri dayandırıb.
"Disney”, "Warner Bros” və "Sony” şirkətləri də Rusiyada fəaliyyətini məhdudlaşdırır. Bu şirkətlərin sahib olduğu "Batman", "Turning Red" və "Morbius" filmlərinin Rusiyada nümayişi qadağan olunub.
"YouTube” şirkəti də Rusiya ilə bağlı məhdudlaşdırıcı tədbirlər görüb. Şirkət Rusiyanın "Russia Today” və Avropada yayımlanan "Sputnik”in YouTube kanallarını bloklamaq qərarına gəldiklərini açıqlayıb.