İbrahim Cəfərov,
ADAU-nun rektoru, professorYeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsindən bizi bir illik zaman ayırır. Qurultay həm də Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı idi. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmşdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir.
Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Prezident seçkilərindən sonra ölkə başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Aralarında mənim rəhbərlik etdiyim təhsil ocağının məzunları da daxil Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərdi.
Ölkədə həmrəylik və demokratiya mühitinin qorunması siyasətinin reallaşmasında iqtidar partiyasının aparıcı rolu danılmazddır. Bu, hər addımda özünü büruzə verir. Ölkədə reallaşan siyasi dialoq YAP-ın prioritet fəaliyyət istiqamətlərindən biridir.
Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliyə səbəb oldu
Qurultay zamanı Partiyanın daha təkmil idarəetmə forması müəyyən olunmuşdur. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır.
Bir sözlə, Partiyanın fəaliyyətinə müsbət təsir etmiş önəmli dəyişikliklər Qurultaydan sonra baş verdi.
Yarandığı gündən Peşəkarlıq, dövlətçilik və vətənpərvərlik Partiyanın əsas qayəsidir. YAP-da aparılan yeni kadr siyasətinin əsas meyarları da bu prinsipə söykənir. 2021-ci il sentyabr 10-da və 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişdir. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunmuşdur. Sədrlərin orta yaş həddi 59-dan 50-yə enmişdir. Həmçinin, hər birimizin stolüstü qəzeti olan “Yeni Azərbaycan” qəzetinin yeni baş redaktoru təyin edilmişdir.
Demokratik dəyərlərə və milli maraqlara əsaslanan, habelə müasir yanaşma və metodları özündə ehtiva edən YAP-ın yeni Proqramı YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir. Partiyanın yeni Proqramı 5 fəsildən ibarətdir. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub: Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı.
YAP partiyadaxili münasibətlərdə sağlam rəqabəti, səmimiyyət, yoldaşlıq və qarşılıqlı hörməti, demokratik mühiti, şəxsi bacarıq və təşəbbüskarlığı təşviq edir. Sağlam rəqabət mühiti partiya üzvlərində demokratik düşüncə tərzini möhkəmləndirir, partiya idarəçiliyində çeviklik və qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi üçün əlverişli şərait yaradır. Ali təhsil ocağının rəhbəri kimi qeyd edim ki, Partiyanın fəaliyyətinin təşkilində elmi uğurların əsas götürülməsi və elmi cəhətdən əsaslandırılmış yanaşmalara üstünlük verilməsi vacib prinsiplərdəndir.
Siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə edən YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə xidmət edir.