Miqrasiya könüllülərinin “PR Məktəbi-2” layihəsinin açılış mərasimi keçirilib.
DMX-dən
Azadmedia.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə “Miqrasiya Könüllüsü” İctimai Birliyinin “PR Məktəbi-2” layihəsinin açılış mərasimi olub.
Layihədə iştirak etmək istəyən gənclər cari ilin 10 fevral tarixində Dövlət Miqrasiya Xidməti tərəfindən verilən elanın şərtlərinə uyğun olaraq qeydiyyatdan keçiblər. 28 fevral 2022-ci il tarixədək davam edən qeydiyyatdan keçmiş 249 gənc arasında ilkin seçim mərhələsi təşkil olunub. Mart ayının 1-dən 5-dək ikinci mərhələyə seçim şansı əldə edən 100 nəfər arasında müsahibə mərhələsi keçirilib. Bu mərhələdən uğurla keçən 20 iştirakçı “PR Məktəbi-2” layihəsinin müdavimi adını qazanıb.
Açılış mərasimində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun adından iştirakçıları salamlayan İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov layihənin məqsədi və gənclərə töhfəsindən danışıb, onlara uğurlar arzulayıb.
Sonra “PR Məktəbi-2” layihəsinin təlim üzrə eksperti, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun eksperti, “Alibəyov” Kommunikasiya və Konsaltinq şirkətinin rəhbəri Vəli Əlibəyov layihənin nəzəri və praktiki tərəfləri, təlimçilər, eləcə də tədris ediləcək movzular barədə iştirakçıları məlumatlandırıb.
Qeyd edək ki, Miqrasiya könüllüləri tərəfindən ictimaiyyətlə əlaqələr sahəsində artıq ikinci dəfə həyata keçirilən “PR Məktəbi-2” layihəsi nəzəri və praktiki olaraq 3 ay davam edəcək. Layihə müddətində gənclər müxtəlif şirkətlərdə təcrübə keçəcəklər.
Açılış mərasimindən sonra ilk təlimlərə start verilib.