AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Belə insanlar ölkədə əlli ildən bir ölür...

  • + A
  • - A
  • 18-03-2022, 07:55

    Belə insanlar ölkədə əlli ildən bir ölür...


    Belə insanlar ölkədə əlli ildən bir ölür. Rüstəm İbrahimbəyov Azərbaycanın mədəniyyət tarixində ən nüfuzlu tribunalara qalxa bilmiş, ən yüksək kino mükafatları qazanmış şəxsiyyətdir.

    Haqqında bu böyüklükdə iddianı birmənalı şəkildə deyə biləcəyimiz neçə adam var?

    “Oskar”, “Qızıl şir”, Kannda “Qran pri” və başqa onlarla ən nüfuzlu kino mükafatlarını qazandığını ona görə qeyd edirəm ki, çox adamın bu nailiyyətlərdən xəbəri yoxdur.
    Və ən əsası, bu gün də yaranmayan “Azərbaycan kinosu” məhz Rüstəm İbrahimbəyovun filmləri simasında yarana bilərdi. Təəssüf ki... Təəssüfə az sonra qayıdarıq.
    Film işindən anlayışı olanlar yaxşı bilir ki, Rüstəm İbrahimbəyov təkcə ssenari müəllifi deyildi, müəllif ssenariləri yazırdı, yəni onun ssenarilərinə çəkilən filmlərin əsl sahibi o idi.
    O, ssenaridə məsələni həll edirdi, elə bir rejissor tanımıram ki, onun yazdığı ssenari üstündə əlahiddə rejissor işi görə bilsin.

    Çox rahat iddia etmək olar ki, Mixalkovun Kann Kino Festivalının “Qran pri”sini və “Oskar” mükafatını almış “Günəşdən usanmışlar”, Venesiya festivalının qalibi olmuş “Urqa - Məhəbbət dairəsi” filmində də ssenarist Rüstəm İbrahimbyovun əməyi bir ssenaristdən qat-qat çoxdur. Çünki bu əməyi bizə daha yaxın olan “Ölsəm... Bağışla”, “Ad günü”, “Nəğmə dərsi” və b. filmlərdə də rahat görürük.

    O, elə bir kino adamı idi ki, imzası olan bütün filmləri sevdiyiniz şəxsə rahatca tövsiyyə edə bilərsiz. Əvəzində yalnız təşəkkür alacaqsız.

    O, SSRİ kino sənayesinin nomenklatur tövsiyyələrindən, rejissor-ssenarist bölgülərindən arınıb ana südü kimi təmiz, halal, sadə ssenarilər yazdı.

    Rüstəm İbrahimbəyovun başında üç halə daim dolaşdı; kino, elita, vicdan.

    Müsahibələrindən birində deyir:

    “Mən 1982-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini vəsf edən pyes yazmışdım. Onu baykot etmək istəyirdilər. Təbii ki, öz işini mahir görən Heydər Əliyeviç həmin pyesə olan hücümları saxladı, pyesi qadağan etmədi. Ancaq indi demokrat olan, inqilabçı olan şəxslər onda susurdular”.
    Belə bir gündə dramaturq haqqında “Qafqaz triosu” filmindən sonra cücərdilən, baş tutmayan iyrənc kampaniyaya toxunmamaq da ruhuna hörmətsizlik olar. Həmin vaxt da ona çamur atıldı, ancaq başında dolaşan o üç həqiqi haləni yarıb şəxsiyyətinə yapışa bilmədi. Ona qarşı kampaniyaya rəhbərlik edənlərin vəzifədən necə çıxarıldığını, öz mövqeyini necə itirdiyini də gözlərilə gördü.

    Rüstəm İbrahimbəyov bu barədə o özü deyirdi:

    “Qafqaz triosu” filmi ekranlara çıxanda dəhşətli hücumlar başladı, onu prezident dayandırdı. İlham Əliyev dedi: dayandırın bu biabırçılığı. Amma mən bilirəm ki, bu, onsuz edilmişdi, kimin başladığını da bilirəm. O isə bunu dayandırdı”.

    O, Bakını tamam başqa ruhda sevirdi, sevdiyi Cənub şəhərinin ruhunu itirməsindən elə qorxurdu ki, “Əlivida, cənub şəhəri” deyib özünün qurduğu, xəyallarındakı şəhərinə köçdü. Ancaq son günlərə qədər Bakı ilə sıx əlaqələrini saxladı, tələbələrlə görüşdü, 83 yaşında belə kino mühitindən işığını əsirgəmədi, bədgüman olmadı.
    Təəssüf ki, onun Azərbaycanla bağlı yazdığı, çəkdiyi bütün filmlərdən sonra ona o qədər daş atıldı ki, bu daşlardan rahatca şeytana yuva tikmək olardı. “Bir cənub şəhərində” filmi də ekranlara çıxanda onu daşlayanlar çox idi... Sonra “Əlvida, cənub şəhəri” dedi.

    Nobelli şair Pablo Neruda deyir, həyatın reallıqları varsa, bizim də xəyallarımız var. Cənab İbrahimbəyov, sizin şəhərinizi xəyallarımızda da olsa, qoruyacağıq.

    Adı bahar olsa da, sizi ilin ən soyuq günündə torpağa qoyduq. Ancaq yaxşı bilirik ki, cənub şəhərinin torpağı sizə soyuq gəlməz.

    Torpaq qara, kəfən ağ. Lap sizin sevdalı-sevdalı çəkdiyiniz, baxdığınız, yazdığınız filmlər kimi...

    İndi isə sizi sevdiyiniz şəhərin tamam başqa səltənətinə etibar edir, son filminizlə baş-başa buraxırıq. Bu filmdən sonra artıq sizi heç kəs daşlamayacaq: “Bu da mən, cənub şəhəri”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR