Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 mart 2022-ci il tarixində Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Prezident bu hadisəni ölkənin energetika sahəsində əlamətdar tarix və önəmli hadisə kimi qiymətləndirmişdir. 230 meqavat gücündə olan bu stansiya ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcək. Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması əsas prioritetlərimizdən biridir. Uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulması enerji sahəsində istədiyimizə nail olmağa imkan verdi.
Layihənin icraçısı dünyada tanınmış və böyük təcrübəyə malik olan “Masdar” şirkətidir. Bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərən “Masdar” şirkətinin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. “Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir”–Prezident çıxışında bunu vurğulamışdır. “Masdar” şirkəti Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Birləşmiş Ərəb Əmirlikləri bizə dost ölkədir. Prezident çıxışında qeyd etmişdir ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var. “Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var. Bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu gün start verilir” -Prezident demişdir.
2022-ci ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıbdır. Yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulur. Azərbaycan elektrik enerjisini ekoloji cəhətdən təmiz mənbələrdən istehsal etdir. Bu mənbələr təbii qaz, su, günəş və küləkdir. Ölkəmizdə bərpa olunan enerji növlərinin potensialı həddindən artıq böyükdür.Buna görə də dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Azərbaycanda zəngin neft və qaz yataqları vardır.
Müasir infrastruktur, güclü siyasi iradə ,dünyanın əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri ölkəmizin dayanıqlı inkişafını təmin edən amillərdir. “Bu amillərin vəhdəti ölkəmiz üçün bir imkanlar yaradır” – cənab İlham Əliyev təməlqoyma mərasimində Azərbaycana beynəlxalq aləmdə böyük maraqla yanaşıldığını xüsusi qeyd etmişdir. Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır.
İlham Ağayev – Masallı rayon Hişkədərə kənd orta məktəbinin direktoru