Tehran Orucoğlu: Əli hər yerdən kəsilən 3 milyona yaxın bir xalqın xilaskarı Azərbaycandır.
“Biz regionda lider ölkəyik. Qonşularımızın inkişafı, iqtisadi yüksəlişi Azərbaycandan keçir. Biz ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə zamanı ölkə başçısının inamlı çıxışından bunu bir daha hiss etdik”.
Bu fikirləri
Azadmedia.az-a siyasi şərhçi Tehran Orucoğlu səsləndirib. O bildirib ki, Azərbaycan hələ ötən ildən yeni iqtisadi mərhələyə qədəm qoyub. Region ölkələrinin inkişafı da Azərbaycandan asılıdır.
“Artıq münaqişə başa çatıb. İndi bütün güc inkişafa və istiqrara yönəlib. Azərbaycan regionun ən güclü ölkəsi kimi regionun inkişafına böyük töhfələr verəcək. Biz hazırda elə bir inkişafdan danışırıq ki, bu zamana qədər belə bir sıçrayış olmayıb. Söhbət Azərbaycanın hərbi-siyasi olaraq, öz ərazibütövlüyünü təmin etdikdən sonra açılacaq yeni komunikasiya qovşaqlarından gedir. Ötən gün ölkə başçısının müşavirədə çıxışı da bunu sübut edir. Azərbaycan nəin ki, regionda, həm də Yeni dünya nizamında yer alan onlarla ölkə içərisində liderdir”, - deyə T.Orucoğlu qeyd edib.
Yeni reallıqları Azərbaycan yaradır:“Ermənistanın Azərbaycanın təklif etdiyi baza prinsiplərini qəbul etməsi, sülh müqaviləsinin imzalanması üçün geri sayım başladığını nəzər aldığımızda görürük ki, söz sahibi Azərbaycandır. Hələ 30 il ərzində edilən təzyiqlərə baxmayaraq, ölkə başçısının uzaqgörən siyasəti və dünya liderləri arasında xüsusi yerinin olması, gələcəyə hesablanan siyasət yürütməsi, qurulan böyük əlaqələri və ən önəmlisi xalqın dəstəyi, müzəffər Azərbaycan Ordusunun Ali Baş komandana sonsuz inamı nəticəsində biz buna nail olduq. İndi hədəflər böyükdür. Sülhü qoruyub inkişaf etdirmək asan deyil. Lakin bunu da uğurla davam etdiririk. Hədəflər onilliklər sonraya hesablanır”.
Ermənistanın Azərbaycandan asılılığı:“Himayədarları sayəsində nağıllar aləmində yaşayan ermənistan axır ki, yuxudan oyandı. Bu gün Ermənistanın nəfəs alması belə Azərbaycanla yaxşı münasibətlərin qurulmasından asılıdır. Əli hər yerdən kəsilən 3 milyona yaxın bir xalqın xilaskarı isə yenə də Azərbaycandır. Azərbaycanın reallaşdırdığı yeni iqtisadi layihələr dünya üçün, daha çox isə region ölkələri üçün önəmlidir. Aclıq və səfalətin hökm sürdüyü, qarantlar hesabına dolanan qonşumuzun bizimlə yaxşı münasibətlər qurmaqdan başqa şansı yoxdur. Ordusu məhv olan, ordu quruculuğuna pulu olmayan bir ölkəyə, yeri gələrsə, Azərbaycan onu da qoruyacağ qədər güclü ölkədir. ATƏT-in Minsk qurupu artıq yoxdur, münaqişə başa çatıb, Azərbaycan ərazisində qondarma respublika yoxdur! Bu isə hər şeyi deyir”, - deyə politoloq əlavə edib.
Ülkər Piriyeva