“Reallıq ondan ibarətdir ki, Azərbaycan İsrail üçün müsəlman dünyasına açılan pəncərədir. Bu gün əhalisinin çox hissəsi müsəlman olan yeganə ölkə Azərbaycandır ki, İsraillə dostluq və qardaşlıq münasibətləri var”.
Bu fikirləri siyasi şərhçi Tehran Orucoğlu
Azadmedia.az - a İsrail-Azərbaycan münasibətlərini şərh edərkən deyib. O qeyd edib ki, yaxın vaxtlarda İsraildə Azərbaycan səfirliyinin açılması istisna edilmir.
“Təbii ki, Azərbaycan-İsrail münasibətləri müsbət məcrada inkişaf etməkdədir. 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri İsraildir. Hazırda iqtisadi, siyasi və humanitar əlaqələr mövcuddur. Azərbaycanın haqq savaşına ən böyük dəstək verən 5 ölkədən biri də İsraildir. Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı müxtəlif təkliflər olsa da, bu, hələ ki, reallaşmayıb. İsrail tərəfi bunu çox istəyir. Lakin səfirliyin hələ də açılmamasının müxtəlif səbəbləri var.
Münasibətlərimiz müsbət olsa da, bir çox müsəlman ölkələrinin İsrailə qarşı münasibətləri birmənalı deyil. Azərbaycan xarici siyasətdə olduqca təcrübəli addımlar atır. Bir çox ölkələrin İsraillə münasibətləri normallaşdırmaqda rəsmi Bakı mühüm rol oynayıb. Fikir versək görərik ki, qardaş ölkə Türkiyənin İsraillə münasibətləri tarix boyu ürəkaçan xətt üzrə getməyib. Bu gün isə Azərbaycan sayəsində bu reallıq dəyişir. Eləcə də digər ölkələrlə.
Bu gün İsraildə 80 minlik Azərbaycan diasporu, Azərbaycanda da 30 minlik Yəhudi diasporu var. Rəqəmlər özü danışır. Bu ilin iyul ayında iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfər etmişdi. Bu səfərdə bir sıra rəsmi görüşlər keçirildi. Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılması çox önəmli addım idi.
Düşünürəm ki, yaxın zamanda İsraildə Azərbaycan səfirliyini görə biləcəyik. Bütün gedişlər onu göstərir ki, bu labüddür. Azərbaycan-İsrail münasibətlərinin yaxın gələcəkdə daha da inkişaf edəcəyini görəcəyik”.
Ülkər Piriyeva