AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daha bunun harası icbari tibbi sığorta oldu? - ETİRAZ

  • + A
  • - A
  • 22-04-2022, 09:11

    Daha bunun harası icbari tibbi sığorta oldu? - ETİRAZ


    Əhali icbari tibbi sığortadan niyə narazıdır? Həsrətlə yolunu gözlədiyimiz icbari tibbi sığortanın nəhayət bütün ölkə boyu tətbiqi elan edilsə də, gözləntilər hələ də özünü doğrultmur. Yerli poliklinikalarda heç kreatin analizi də aparılmır. Laboratoriya işçiləri fağır-fağır “bizdə bu müayinələr yoxdu”, deyir, sonra da çəkinə-çəkinə “ödəniş edin, başqa yerə göndərək analizi, gəlib cavabını burdan alarsınız. Ödənişin miqdarını dəqiq bilmədiyimiz üçün yazmırıq. Payızda təxminən 12 manat idi.

    Yəqin qiyməti qalxıb. Laboratoriya işçiləri məsləhət də verir ki, özəl klinikaya getsəniz, xərci bundan artıq çıxacaq, yaxşısı burda ödəniş etməkdir. Kreatini söz gəlişi dedik. Digər zəruri müayinələrlə bağlı da həm poliklinikalarda, həm də dövlət tabeli tibb müəssisələrində problem ortaya çıxır. İcbari tibbi sığortaya ümid edib həkimə müraciət edənlərin əli boşa çıxır. Mütləq onları müayinə üçün harasa – ödənişli tibb mərkəzlərinə göndərirlər. Daha bunun harası tibbi sığorta oldu? Halbuki, icbari tibbi sığorta tətbiqinə başlanandan əmək haqlarından tutulmalar həyata keçirilir. Bu mənada işləyən əhalinin narazılığı haqlıdır: bir halda ki, icbari tibbi sığorta üçün əmək haqqından tutulur, niyə ondan istifadə edə bilmirik?

    AzadMedia.az-ın məlumatına görə, tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, qanun qəbul etməklə iş bitmir, qanunun icrası üçün də şərait yaradılmalıdır:

    - İcbari tibbi sığortanın tətbiqindən əvvəl poliklinikalarda hansı analizlər, hansı müayinələr aparılırdısa, indi də elədir. Bu sahədə heç bir dəyişiklik baş verməyib, yenilik yoxdur. Məsələn, ultrasəs müayinəsi var, amma tutalım, qalxanvari vəzdəki problemi müəyyənləşdirmək üçün antitellərin analizi vacibdir, bunu isə edə bilmirlər. Ya da böyrəyin funksiyalarını göstərəcək analizlər yarımçıq aparılır, böyrəküstü vəz isə ümumiyyətlə yoxlanmır. Çünki bu analiz üçün lazım olan avadanlıq, tibbi ləvazimatlar yoxdur. Hansı zamandır ki, poliklinikalarda exo-kardioqramma edilmir?! Dövlət tabeliyində olan tibb müəssisələrində xroniki xəstəliklərin müayinəsi, müalicəsi aparılır, daha dəqiq müayinə lazım olduqda isə pasiyenti ya özəl klinikalara göndərirlər, ya da göndəriş verirlər ki, filan yerə get. Məsələn, doğuş prosesi, təxirəsalınmaz tibbi müdaxilələr mütləq icbari tibbi sığorta paketinə daxil edilməlidir. Poliklinikalarda müalicə-müayinə metodları genişlənməlidir, tibbi avadanlıqlar yenilənməlidir, analizlərin aparılması təkmilləşməlidir. Müasir avadanlıqlarla işləyə biləcək kadrlar olmalıdır. Məzmun və mahiyyət dəyişməlidir. Ümumi sistem və mühit yaxşılaşmalıdır. Vətəndaş tibb müəssisəsinə daxil olanda ürəyi açılmalıdır, həkimdən, tibb bacısından xoş münasibət, gülər üz görməlidir. Həkim deontologiyası çox aşağı səviyyədədir. Həkim pasiyenti onun anlayacağı dildə başa salmalı, sağlamlığı haqqında dolğun izahat verməlidir. Bəlkə pasiyentin həmin anda müalicə olunmaq üçün maddi imkanı yoxdur, yüksək etikaya malik həkim pasiyenti incitmədən, şəxsiyyətinə toxunmadan maddi durumunu ayırd etməyi bacarmalıdır.

    Ş.Namazlı qeyd etdi ki, icbari tibbi sığorta ilə bağlı əhaliyə bildirişlər təqdim olunur. Əhalinin məlumatlı olması baxımından bu, müsbət haldır. Lakin vətəndaş səhhətində yaranmış hər hansı problemlə əlaqədar dövlət tibb müəssisəsinə müraciət etdikdə, zəruri müayinələrdən keçə bilməyəcəksə və onu ora-bura göndərəcəklərsə, əlbəttə, narazı qalacaq:

    - Əgər icbari tibbi sığorta üçün ayrılan dövlət vəsaiti azlıq təşkil edirsə, artırılmalıdır. Üstəlik, müəssisə və təşkilatlar, işləyən əhalinin əmək haqqından icbari tibbi sığorta tutulmaları da var. Bu vəsaitlər doğru istiqamətdə sərf olunmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR