Elşən Səfərov
YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi Dil istənilən xalq üçün maddi və qeyri-maddi irsin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində ən güclü vasitələrdən biridir. Müxtəlif ölkələrdə ana dilinin təbliği üçün həyata keçirilən bütün tədbirlər təkcə linqvistik müxtəlifliyi və çoxdilli tədrisi həvəsləndirmək baxımından deyil, eyni zamanda, qarşılıqlı anlaşmaya, tolerantlığa və dialoqa əsaslanan mühitin formalaşması üçün də vacibdir.
Respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış, Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır.
1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olunub. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid uğurla başa çatdırılıb. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalayıb və bu rəsmi sənədlə avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilib.
Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi hamımız üçün qürurverici haldır. Bu səbəbdən, ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”. Dilimizin saflığının qorunması, eyni zamanda, özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsi hazırda aktual məsələlərdəndir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin Dövlət dili kimi qəbul edilməsini bütün fəaliyyəti boyu istər sovetlər dönəmində, istərsə də Müstəqillik dövründə daim diqqətdə saxlanılmışdır.
Azərbaycanın hələ SSRİ-ni tərkibində olduğu dövrdə, 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu barədə maddənin daxil edilməsi azərbaycançılıq ideologiyasının möhtəşəm təntənəsi kimi o zaman çox böyük əks-səda doğurmuşdu. Sovetlər Birliyinin sərt mühitində belə bir addımı yalnız Heydər Əliyev kimi böyük dahi, müdrik şəxsiyyət və rəhbər ata bilərdi.
Ulu Öndəri sağlam düşüncə ilə dinləyən, onun dediklərini anlayan, verdiyi fərman və sərəncamları başa düşən hər bir azərbaycanlı bilir ki, Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri kimi fəaliyyətə başladığı ilk illərdəcə bütün aydınlığı ilə göstərdi ki, o, qeyri-müstəqil bir respublikanın növbəti başçısı yox, milli lideridir. Və Heydər Əliyevin məhz milli lider olaraq fəaliyyətinin bir təzahürü də Azərbaycan dilinin siyasi nüfuzunun 70-ci illərdə sürətlə yüksəlməsi idi. H.ƏIiyevin səyi nəticəsində Azərbaycan dili Azərbaycan Konstitusiyasında təsbit olunmuşdur. Ulu Öndər H.ƏIiyev elə bir ciddi toplantı yoxdur ki, orada dilimiz, milli mənliyimiz, milli sərvətimiz, tariximiz, mədəniyyətimiz və s. haqqında söz açmasın. Xüsusilə gənclərlə görüşlərdə bu məsələlər ön plana çəkilir, çox dərin və məzmunlu mətləblər açılır, vətəndaş qayğıkeşliyi ilə bu fikirlər təbliğ olunur, insanların beyninə həkk edilir.