“Qordi düyünü” ürəkləri fəth elədi - Masallıda..
Masallıda 19 yaşlı yazar Gülnaz Nağızadənin “Qordi düyünü” kitabının təqdimatı təşkil edilib.
Azadmedia.az - 25 aprel 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bakıdan tələbə yazar, həmyerlimiz Gülnaz Nağızadənin yeni, üçüncü nəşr olunmuş “Qordi düyünü” kitabının təqdimatı olub.
Masallı şəhər Gənclər Evində məktəb və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Masallı RİH başçının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova icra başçısı cənab Şahin Məmmədovun salamlarını tədbir iştirakçılarına çatdırıb, gənc yazar Gülnaz Nağızadəni iştirakçılara təqdim edib və ona yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Masallının Yeənkənd kəndindən olan, hazırda Bakı Dövlət Universitetinin hüquq fakültəsinin ikinci kurs tələbəsi Gülnaz Nağızadəni təbrik edərək, onun gələcəkdə daha böyük uğurlara imza atacağına inandığını bildirib.
Həmyerlimiz, Filologiya elmləri doktoru, AMEA N.Gəncəvi adına Ədəbiyyat institu Ədəbi tənqid şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli deyib:
« Gülnaz artıq yazıçıdır. Onun tanınmağında tanınmış şair Arif Fərzəlinin rolu daha çox olmuşdur. Gülnaz daha ucalığa can atan bir yazardır. Səlis dil xüsusiyyəti var. Dil üslubu gözəldir. Bu üslubu, bənzərsizliyi və bu texnikanı görürəm. Klassik nəsr qanunu da unutmasın; hekayələr yazmayıb. Povestlər də yazsın. Bütün romanları da, 3-cü kitabı da dedektiv əsərdir. Çətin janrdır. Bizim bugünkü əsrimiz çox mürəkkəb əsrdir. Müasir həyatımızın gerçəklərinə də baş vursun. Mütaliə dairəsi genişdir, oxuyur. Bütün yazıçıların əsərlərindən çox oxusun. Mirzə İbrahimovdan tutmuş Süleyman Rəhimov, Elçin, Anar, Maqsud İbrahimbəyov, Elçin Hüseynbəyliyə qədər. Oxumaq təkcə mütaliə üçün deyil. Yazıçı üçün eyni zamanda öyrənməkdir. Uğurlar — onun gözəl atasına da, anasına da. Belə bir istedadlı gənci dünyaya gətirdikləri üçün...»
Tədbirdə həmçinin Millət vəkili Məşhur Məmmədovu təmsilən köməkçiləri Əli Nağıyev, Hekayət Nəzərov və Rəmzi Şahverdiyev də iştirak ediblər.
«Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri, xeyriyyəçi xanım Arzu Bağırova, Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı, nasir, yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar İncəsənət xadimi Elçin Hüseynbəyli, kitabın redaktoru, istedadlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Arif Fərzəli, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri, yazıçı, «Şəfəq» jurnalının Baş redaktoru Qafar Cəfərli, Prezident təqaüdçüsü, gənc şair Elvin Əlizadə, «Masallı ziyalıları» İctimai Brliyinin sədri, «Tərəqqi» medallı Qardaş Fətullayev, «Dəginə» məktəb-liseyinin direktoru Taleh Əkbərov, «Tərəqqi» medallı müəllim Ədalət Nemətov, atası Nasir Nağıyev, müəllimələr, şəhər ictimaiyyətinin nümayəndələri və başqaları gənc yazar Gülnaz Nağızadəni əsərinin bədii məziyyətlərindən söz açıb, onu təbrik ediblər.
Sonra müəllif, 19 yaşlı yazıçı Gülnaz Nağızadə üçüncü kitabının işıq üzü görməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib və bu çətin yolda addımlayacağını qeyd edib.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürov xəbər verir ki, kiçik yaşlarından əlifbanı, hesab, məsələ və misalları həll edən Gülnaz Nağızadə oxuduğu illərdə, istər Masallının «Dəfinə» məktəb-liseyində, istərsə də Sumqayıt şəhər 12 nömrəli orta məktəbində dərs əlaçısı olub, ictimaiyyətçiliyi ilə sinif yoldaşlarından həmişə fərqlənib. Orta məktəbi bitirdikdən sonra “Femidanın gözləri”nin qəhrəmanı Nargin kimi gələcəkdə hüquqşünas olmaq istəyini gerçəkləşdirib. Hazırda BDU-nun hüquq fakültəsində, ikinci kursda təhsil alsa da yaradıcılığından ayrılmayıb. Hazırda ictimaiyyətə təqdim olunan “Qordi düyünü” əsərini yazıb.
Oxuculara maraqlı olsun deyə bildirək ki, qədim yunan əfsanəsinə görə Finikaya dövlətinin hökmdarı Qordion tərəfindən vurulmuş müşkül Qordi düyünü Makedoniyalı İsgəndər tərəfindən çözülmüşdür. Belə ki, e.ə. 334-cü ildə Finikayanın paytaxtını fəth edən böyük sərkərdə məbədə daxil olaraq qılıncının zərbəsilə düyünü kəsib atmışdır. Müasir dövrdə “Qordi düyünü” dedikdə hər hansı müşkül, mürəkkəb məsələ, “qordi düyününü açmaq” dedikdə isə hər hansı müşkül bir məsələni həll etmək başa düşülür.
Xatırladaq ki, Gülnaz Nağızadənin dedektiv janrında yazdığı romanın süjet xətti də belədir ki, Attila öz fəaliyyəti ilə vicdanla məşğul olan inadkar müstəntiqdir. Qarşılaşdığı hər cür cinayətin öhdəsindən soyuqqanlılıqla gəlsə də, Arzu Əfəndiyevanın qətli gənc müstəntiqin həyatını dəyişdirəcək və yaddaşında silinməz izlər qoyacaqdır. O, balaca ulduzun ölümünü araşdırdıqca addım-addım başqa reallıqlarla üzləşəcəkdir…
Tədbirin sonunda gənc yazara mükafatlar və gül dəstəsi təqdim olunub.
Yazıçı Gülnaz Nağızadənin atası Nasir və anası Nurtəkin belə bir tədbirin ərsəyə gəlməsində göstərdiyi qayğıya görə RİH başçısı cənab Şahin Məmmədova minnətdarlıq ediblər. — İstedad — kül altında qalan qordur. Onu tapan, üzə çıxaran gərəkdir. Hər adam savadlı ola bilər, istedadlı ola bilməz. Bu mənada həmişə istedada çevrilən bir ömür, istedadı dərk edib üzə çıxaran bir adam, üstəgəl istedad zəhmətinin sahibi bərabər olur xalqımızın qazancına. Bu istedada dəyər verib üzə çıxardığınıza görə Gülnazın valideynləri olaraq minnətdarlığımızı bildiririk... — deyə atası Nasir xüsusi vurğulayıb.
ƏLİHÜSEYN ŞÜKÜROV
Ülkər Piriyeva