Azadmedia.az - 10 may 2022-ci il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99 ildönümü münasibətilə bayram tədbiri günün ikinci yarısında şəhər Mədəniyyət Mərkəzində davam etdirilib.
Masallı Rayon İcra Hakimiyyəti və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən bayram tədbiri maraqlı konsert proqramı ilə təqdim olunub.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil işçiləri, KİV nümayəndələri və s. iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov geniş nitqində dahi rəhbərin həyat və fəaliyyətinin bütün anlarını göz önünə gətirib, qeyd edib ki, ölkəmizin düçar olduğu bəlalardan dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidi ilə yenidən rəhbərliyə qayıdışından sonra qurtulduğunu, Azərbaycanda uğurlu gələcəyin təməlinin qoyulduğunu diqqətə çatdırıb. 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda Ulu Öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxıb. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirib, inamımızı özümüzə qaytarıb, sabitlik və əmin-amanlıq yaradıb. Çox böyük bir xoşbəxtlikdir ki, bu gün ölkəmizə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev rəhbərlik edir. Ali Baş Komandan bizə 44 günlük Vətən müharibəsinin milli iradə, milli ruh, milli birlik, milli ləyaqət təntənəsini yaşatdı.
Sonra tamaşaçılar Ulu Öndər Heydər Əliyev ömrünün müxtəlif anlarını əks etdirən videoçarxlara baxıblar.
İri səhnədə Ulu Öndər Heydər Əliyevin illər öncə sarsılmaz inamla söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik...” fikirləri 23 il sonra reallığa çevrilib, Azərbaycan Prezidenti İlham Əliyev ata vəsiyyətini yerinə yetirib...
Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramında respublikanın və rayonun tanınmış incəsənət ustaları - Əməkdar artistlər Səidə Şərifəliyeva və Yusif Mustafayev, Atamoğlan Zahidov, Miriş Hüseynov, Şamo İbayev, Ruslan Zahidov, Humay Rzayeva, Naza Veysəlova, «Halay» folklor və yeniyetmələrdən ibarət yeni «Masallı» rəqs qruplarının gözəl, yaddaqalan ifaları izlənilib.
ƏLİHÜSEYN ŞÜKÜROV