AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əkbər Qoşalı: “Şuşadan başqa Şuşa yoxdur” - ÖZƏL

  • + A
  • - A
  • 13-05-2022, 12:54

    Əkbər Qoşalı: “Şuşadan başqa Şuşa yoxdur” - ÖZƏL
    Bu gün Şuşada Şuşa işğaldan azad olunduqdan sonra ikinci dəfə, ümumilikdə beşinci dəfə "Xarıbülbül" folklor festivalı keçirildi. Ötən il - Şuşanın azad olunmasının ardından keçirilən festivalda ölkəmizin fərqli ansamblları, musiqi qrupları festivalda yaddaqalan çıxışlar etdi. Beşinci festivalsa beynəlxalq səviyyədə - Azərbaycan ilə yanaşı ayrı-ayrı ölkələrdən gələn folklor quruplarının iştirakı ilə keçirilir; məsələn, biz qardaş Türkiyənin, Özbəkistanın, Pakistanın, Malinin, Tunisin, Gürcüstanın folklor qruplarını, xalq rəqslərini seyr etdik, çox maraqlı idi. Maraq dediyimiz yalnız musiqi nömrələrinin, rəqslərin, etnoqrafik etüdlərin nümayişi ilə bağlı deyildi. Bu gün Şuşada yağış vardı amma heç kim festivalı tərk etmək fikrində deyildi və nəinki fikrində deyildi, faktiki olaraq, hər kəs proqram başa çatana qədər Cıdır düzündə yağışı nur damlaları kimi qəbul etdi. Sanki bu gün təbiət də bizi alqışlayırdı. Və yarızarafat, yarıciddi deyirdi ki, Şuşanın yağışından bizə ziyan gəlməz, gəlsə də xeyir gələr.

    Hər musiqiçi, folklor qrupu öz sosial media hesabında Şuşadan bir paylaşım etsə, bir "tvit" atsa, bir "status" yazsa, ayrı-ayrı ölkələrdən gələnlər Şuşanın görməli yerlərindən şəkil yaysa, bunun özü dünyanın dörd tərəfində Şuşa adını, Şuşa gözəlliyini tirajlayacaq, Şuşaya, Qarabağa, Azərbaycana və həqiqətlərimizə diqqət çəkəcək. Ümumiyyətlə bu işin bədii zövq, sənət, təcrübə mübadiləsi, yeni tanışlıqlar baxımından önəmi öz yerində, daha önəmlisi odur ki, Şuşada abadlıq işlərinin aparılmasından az müddət keçsə də, beynəlxalq festival keçirilə bilir. Bəzən ölkələr illərlə beynəlxalq festivalı təşkil edə bilmir, biz isə Şuşada artıq belə bir festivalı keçiririk. Bilirsiniz, bu il "Şuşa İli"dir, başqa tədbirlər də olacaq. Elə bilirəm, ali dövlət rəhbərliyinin, dövlətimizin müvafiq orqanlarının, Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər Şuşanın həm Azərbaycanın Mədəniyyət paytaxtı, Qafqazın konservatoriyası, gələn il Türk dünyasının Mədəniyyət paytaxtı, o biri il İslam dünyasının Mədəniyyət paytaxtı olması etibarilə, bu dağlar incisinin adından dünyada geniş bəhs etdirəcək.

    Şuşadan başqa Şuşa yoxdur. Şuşa Azərbaycanın o şəhəridir ki, dövlət başçımız onun adını "əziz Şuşa" deyə tərif edib.

    Cənab Prezident, Müzəffər Ali Baş Komandan "Əziz Şuşa, sən azadsan!", "Əziz Şuşa, biz səni dirçəldəcəyik!" vədini bugünkü, bundan öncəki və nəzərdə tutulan başqa tədbirlərlə, geniş planlarla praktik müstəviyə keçirməkdədir.


    Bu praktik müstəviyə keçən işlər Şuşanın böyük gələcəyini göstərir. 270 yaşlı şəhərimiz əslində 270 ilə sığmayan, 30 illik işğalda öz qürurunu sındırmayan və işğaldan azad olunduqdan sonrakı illərdə sürətlə özünə qayıdan bir şəhər siqləti ilə seçilməkdədir. Bəlkə də biz belə yaraşdırırıq, metaforlara varırıq, amma Şuşaya bütün gözəlliklər yaraşır.

    DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

    BAYRAĞLIMIZ UCA OLSUN!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR