Dünya xalqlarının həyatında xüsusi yeri olan, əlahiddə bayram Müstəqillik Günü ilə bağlıdır. Bu bayramın əlahiddəliyi ondadır ki, müstəqillik əldə edən xalq öz varlığını beynəlxalq münasibətlərin subyekti kimi təsbit edir, dövlət atributları ilə dünya miqyasında tanınır. Lakin həyat sübut edir ki, müstəqilliyin elan olunması ilə onun mütləq mənada təmin edilməsi arasında bərabərlik işarəsini qoymaq bəzən çətin olur. Bəzən də dövlət müstəqilliyini elan etmiş xalq qısa müddətdə onu itirmək məcburiyyətində qalır. Necə ki, 102 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aydan sonra bolşevik işğalına məruz qaldı və nəticədə süquta uğradı. Ulu öndər Heydər Əliyev məhz bu tarixi gerçəkliyi nəzərə alaraq, yaşadıqlarımızı unutmamaq və onlardan nəticə çıxara bilməyimiz üçün belə demişdi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir”.
Azadmedia.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.
Kimlərsə düşünə bilər ki, zaman, dövran dəyişdikcə, əsrlər ötdükcə ölkələrin müstəqilliyini təhdid edən təhlükələrin dairəsi daralır. Kimlərsə də iddia edə bilər ki, yalnız coğrafi baxımdan böyük olmayan dövlətlər xarici təzyiqlərə təslim olmaq məcburiyyətində qala bilərlər. Müasir dünyamızın acı reallığı göstərir ki, hər iki iddia səthi təhlilə söykənir. Bu gün Avropanın böyük dövlətlərindən biri olan Ukraynada baş verənləri hər kəs görür. Ən acınacaqlısı odur ki, belə bir vəziyyətdə, hətta Avropanın mütərəqqi dövlətlərindən bəzilərinin rəhbərləri Ukraynaya verilən vədlərin üstündə durmurlar. Son 30 ildə ölkəmizin üzləşdiyi ədalətsizliklə, siyasi riyakarlıqla və ikili standartla indi Ukrayna üzləşir. Yalnız bir fərq var. Siyasi riyakarlıq edənlərlə yanaşı, Ukraynaya ciddi hərbi, maddi və siyasi dəstək verən dövlətlərin sayı da kifayət qədərdir. Lakin bütün bunlar da müharibənin qarşısını almaq, onu dayandırmaq üçün yetərli görünmür....
Eyni zamanda, qeyd etməliyik ki, bölgəmizi də qarşıdurma məkanı qismində görmək arzusunda olanlar az olmayıb və onlar indi də var. Ermənistanın ərazi bütövlüyümüzə qəsdinin bu qədər uzun sürməsi, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini saya salmaması, torpaqlarımızı üç onillik ərzində işğal altında saxlaya bilməsi təsadüfi və səbəbsiz deyildi. Prezident İlham Əliyevin aprelin 22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında söylədiyi bu fikir son 30 ilin acı reallığını tam təfərrüatı ilə əks etdirir: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”.
Azərbaycan bütövlükdə Cənubi Qafqaz qlobal qarşıdurmanın fəal episentrinə ona görə çevrilmədi ki, bu illər ərzində ölkəmizin iqtisadi müstəqilliyi təmin olundu. Azərbaycan, sözün əsl mənasında, dünya birliyinin bərabərhüquqlu və bölgədə müstəqil siyasəti ilə seçilən üzvünə çevrildi. Azərbaycan hakimiyyətinin yürütdüyü praqmatik, pafosdan uzaq olan siyasəti sayəsində ölkəmiz etibarlı tərəfdaş statusunu, dost və qardaş dövlətlərin rəğbətini qazandı. Daxili iqtisadi resurslar hesabına müzəffər ordu quruculuğu həyata keçirildi. Ən başlıcası, ona nail olundu ki, Azərbaycan siyasi maraqları bir-biri ilə ziddiyyət təşkil edən dünya güclərindən hər biri üçün cəlbedici ölkəyə çevrildi. Onların fərqli maraqlarına baxmayaraq, Prezident İlham Əliyev həm də ona nail oldu ki, Azərbaycan böyük güclərin açıq toqquşma məkanına çevrilmədi. Ötən il mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş yüksək səviyyəli tədbirdə Prezidentimiz qlobal güclərin Qafqazda kəsişən fərqli maraqlarının uzlaşdırılması imkanlarına fərdi baxışını belə ifadə etmişdi: “Biz tam anladıq ki, maraqlar ola bilər və onlar bir-biri ilə toqquşa bilər. Lakin bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır”.
Məhz bu siyasətin nəticəsidir ki, ikili standartlara, təzyiq və təhdidlərə baxmayaraq, Azərbaycan BMT-nin Nizamnaməsində nəzərdə tutulan hüququndan istifadə edə və Ermənistanın işğalına savaş meydanında son qoya bildi. Artıq ikinci ildir ki, xalqımız Müstəqillik Gününü qürur hissi ilə qeyd edir. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva bayram ərəfəsində işğaldan azad olunmuş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər etdilər. Bu səfər Ermənistanla yanaşı, ona hamilik edənlərə və dünya erməniliyinə bir daha nümayiş etdirdi ki, Qarabağ de-yure olduğu kimi, artıq de-fakto da Azərbaycandır! Qarabağda və Şərqi Zəngəzurda başlanan quruculuq və bərpa işləri isə beynəlxalq birliyə bu mesajı verir ki, Azərbaycan erməni vandallığının vəhşətli izlərini öz torpaqlarından silmək və bu torpaqlarda qurub-yaratmaq əzmindədir. Prezident İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimindəki çıxışında ölkəmizin beynəlxalq münasibətlər sistemində artıq qürurla təmsil olunduğunu xüsusi vurğuladı: “Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqillik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir”. Prezident Ermənistana və onun hamilərinə də mesaj göndərdi: “Əlbəttə, biz müstəqil olmasaydıq, yəni, sözün əsl mənasında, müstəqil olmasaydıq, erməni işğalına son qoya bilməzdik... Ona görə əgər müstəqil siyasət aparmasaydıq, ola bilər ki, bu xarici amillər, Ermənistanın xarici havadarları, onların bəzilərinin bizə hədə-qorxu gəlməsi bizi bu işdən çəkindirə bilərdi. Ancaq çəkindirmədi. Çünki güclü iradə göstərdik, xalqımız birləşdi və bunun da təməlində, əlbəttə ki, həmrəylik, milli qürur, ləyaqət və güc dayanır”.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqımız dövlət müstəqilliyinin 104-cü ildönümünü həmrəylik və milli qürur ovqatında qarşıladı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və onun rəhbərlik etdiyi böyük nümayəndə heyətinin Müstəqillik Günündə Azərbaycanda olmaları əsl qardaşlıq nümunəsini dünya birliyinə bir daha nümayiş etdirdi. “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı isə dost ölkələrə və bədxahlarımıza göstərdi ki, türk dünyası ayaqdadır. Prezidentimizin vurğuladığı kimi, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paraddan, ardınca 2020-ci ilin Zəfər paradından və 2021-ci il iyunun 15-də - Milli Qurtuluş Günündə imzalanmış tarixi Şuşa Bəyannaməsindən sonra dünya mayın 28-də onu da gördü ki, Türkiyə-Azərbaycan birliyi müttəfiqlik zirvəsinə təsadüfən yüksəlməyib. Çünki bu münasibətlər etnik kök birliyi, dil və din eyniliyi, ortaq milli-mənəvi dəyərlərlə yanaşı, bütün müstəvilərdə, xüsusilə dövlət başçıları səviyyəsində səmimiyyətə, qarşılıqlı etimada və bərabərhüquqlu əməkdaşlığa söykənir. Lakin o da həqiqətdir ki, bəzən etnik və tarixi köklər də ayrı-ayrı dövlətləri qarşıdurmadan, münaqişə və müharibələrdən, qan tökülməsindən hifz edə bilmir. Təəssüf ki, yaxın coğrafiyada bu acı nümunəni də görürük.
Prezident İlham Əliyev festivaldakı çıxışında Türkiyə-Azərbaycan münasibətlərinin özəlliyini xüsusi vurğuladı: “Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir... Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun”.
Festivalda iştirak edən “Baykar” şirkətinin texniki direktoru Selcuk Bayraktarın soyadı bu tədbiri xaricdən izləyən bəzilərinə bir daha xatırlatdı ki, 44 günlük Vətən müharibəsində “Bayraktarları” ölüm maşını adlandırdıqları halda, Ukraynadakı uğurlarına görə indi onu vəsf edənlər, ədalətin yalnız bir üzünün olduğunu etiraf etməlidirlər. Dünya gücləri onu da qəbul etməlidirlər ki, bir coğrafiyada yekdilliklə separatçılığın əleyhinə çıxmaq, digərində isə onu təşviq etmək ədalətə və hüquqa kölgə salmaq deməkdir. Nəhayət, o da etiraf olunmalıdır ki, ölkələrin ərazi bütövlüyünü və onların suverenliyini təhdid edən separatçı meyillərin yolverilməzliyinə dair vahid mövqe ortaya qoyulmadıqca, dünya birliyi daha böyük təhlükələrlə üzləşməli olacaq. Festivalın fəxri qonağı, dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Səncərin “Tanrı Türkü qorusun!” diləyi böyük Türk dünyasına ünvanlanan xüsusi anlamlı mesaj idi.
Prezident Rəcəb Tayyib Ərdoğanın bu möhtəşəm tədbirdə səsləndirdiyi fikirlər isə zülmün və haqsızlığın yanında olanlara, Ermənistana havadarlıq edənlərə ciddi xəbərdarlıq mahiyyəti daşıyır: “Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Əziz Qardaşım, Müzəffər Ali Baş Komandan cənab Əliyevin qətiyyətli mövqeyi sayəsində Qarabağ otuz il sonra əsarətdən qurtulmuşdur... Müharibədə olduğu kimi, sülh dönəmində də Azərbaycanın yanındayıq”.
Heç şübhəsiz ki, Türkiyə Prezidentinin bu xəbərdarlığı Ermənistandakı revanşist qüvvələrin və onları kənardan idarə edənlərin qulağında hələ uzun zaman cingildəyəcək. Yeri gəlmişkən, Xankəndidə mitinqə çıxan və təxribatlardan əl çəkməyən separatçı ünsürlər də açıq xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar. Rusiya sülhməramlıları Qarabağda müvəqqəti yerləşdikdən sonra rus dili üzərindən spekulyasiya edən, hər zaman olduğu kimi, yarınma və yaltaqlıqla məşğul olan həmin ünsürlər və kənardan onlara dirijorluq edənlər Prezident İlham Əliyevin 2021-ci il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında səsləndirdiyi bu tarixi mesajı da unutmamalıdırlar : “Ancaq baxın, indi Rusiya sülhməramlıları Qarabağda yerləşəndən sonra birdən bunlar rus dilini rəsmi dil kimi qəbul edirlər. Mən suahili dilini təklif edirəm. Belə olsa, onlar dil cəhətdən uzaq, ucqar ölkələrlə təmas qurmağa da nail ola bilərlər”.
Odur ki, ermənilər boş xülyalarla yaşayıb özlərini yeni fəlakətlərə sürükləməkdənsə, ya suahili dilini öyrənməlidirlər, ya da təxribatlardan əl çəkib dinc birgəyaşayışı qəbul etməlidirlər. Ermənistan isə qonşularına qarşı ərazi iddialarından həmişəlik imtina edərək yəqin bilməlidir ki, müstəqil Azərbaycan dövləti ona başqa seçim tanımayacaq!