İyunun 20-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyə təmsilçisi Hassan Mohtaşami ilə görüşüb.
Komitə sədri qonağı salamlayaraq bildirib ki, Fond əhalinin sağlamlığının qorunması, ailə planlaşdırılması, gender bərabərliyinin təmin edilməsi, demoqrafik inkişaf, gənclərin iştirakçılığı və digər sahələrdə təqdirəlayiq fəaliyyət göstərir. O, Milli Məclisin sədri Sahibə Qafarovanın bu məsələlərə çox həssaslıqla yanaşdığını, parlamentdə bu sahədə müxtəlif müzakirələrin aparılması üçün lazımi şərait yaradıldığını vurğulayıb.
Komitə sədri qonağa Azərbaycanda bu sahələrdə görülən işlərdən, reallaşdırılan layihələrdən və əldə olunan müsbət nəticələrdən danışıb. O, Azərbaycan hökumətinin BMT-nin Əhali Fondu ilə çox səmərəli əməkdaşlıq etdiyi söyləyib və Fondun fəaliyyətini yüksək qiymətləndirib.
Söhbət zamanı Hicran Hüseynova 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz torpaqlarını azad etməsi barədə də danışıb. Bildirib ki, artıq ərazi bütövlüyümüz təmin olunub. Lakin ölkəmiz uzun müddət münaqişə şəraitində yaşayıb, 1 milyondan çox vətəndaşımız məcburi köçkün olub. Hazırda məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtmasının təmin edilməsi üçün azad olunmuş ərazilərdə sürətli bərpa və quruculuq işləri aparılır.
BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyə təmsilçisi Hassan Mohtaşami səmimi görüşə və Fondun fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib. O, diqqətə çatdırıb ki, BMT-nin Əhali Fondu həm parlamentə, həm də hökumətə bu sahədə öz dəstəyini verib. O, BMT-nin Əhali Fondunun mandatı haqqında məlumat verərək bildirib ki, əhalinin reproduktiv sağlamlığı əsas prioritetlərdəndir. Qonaq gender bərabərliyi, erkən nikah, ailə planlaşdırması və digər məsələlər barədə fikirlərini açıqlayıb.
Söhbət zamanı bildirilib ki, bu sahalərdə mövcud problemlərin aradan qaldırılması üçün birgə mübarizə aparılmalı, ölkə əhalisi arasında genişmiqyaslı məlumatlandırma tədbirləri davamlı şəkildə həyata keçirilməlidir.
Görüşdə Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin üzvləri Sevil Mikayılova, Ramin Məmmədov, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev və digər rəsmi şəxslər iştirak ediblər.