“Çözüm nöqtəsi” – BAMF prezidenti dövlət qurumları və VCT-lər arsındakı həmrəylikdən yazdı
Bu gün o dövlətlər, o cəmiyyətlər güclü hesab edilir ki, orada vətəndaş cəmiyyəti qurumları ilə dövlət arasında sıx əlaqələr var və onlar bir-birini tamamlayırlar. Həmin cəmiyyətdə yüksək səviyyədə qarşılıq dialoq və inkişaf olur. Ölkəmizdə vətəndaş cəmiyyəti təşkilatlarının qədim tarixi və ənənəsi olsa da, onların inkişafı respublikanın müstəqillik əldə etdikdən sonrakı dövrünə təsadüf edir.
Artıq 10 gündən çoxdur ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Bu ilin dekabr ayının 3-ü və 7-i tarixlərində Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-nin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, yaranan ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlılar bu monitorinq baş tutmasına mane olurlar. Onlar adıçəkilən qurumların öz torpaqlarımıza girişinə icazə vermirlər. Belə olan halda buna cavab olaraq dekabrın 12-də ekologiya üzrə çalışan bir qrup qeyri-hökumət təşkilatımız böyük bir aksiya başlatdı. Daha sonra ölkənin bütün vətəndaş cəmiyyəti qurumları aksiyaya qoşuldular və öz həmrəyliklərini nümayiş etdirdilər. Onlar sivil bir şəkildə etirazlarını edərək humanitar, dinc aksiyalarını keçirirlər. QHT-lərin başlatdığı bu aksiyada hazırda media mənsubları, gənclər və könüllü təşkilatları və ayrı-ayrı qurumlar da iştirak etməkdədirlər. Artıq aksiya iştirakçılarının tələbləri də dəyişib. Onlar Azərbaycanın suveren torpaqlarında bütün dövlət qurumlarının, o cümlədən Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqləri olmasını tələb edirlər. QHT-lərin təşkil etdiyi aksiyanın əhəmiyyəti olduqca vacibdir. Biz BAMF olaraq aksiyaya dəstək olduq və olmaqda da davam edirik. Həmkarlarımız, əməkdaşlarımız və minadanzərərçəkən həmvətənlərimizlə birlikdə “Ekoloji terrora son!”, “Mina terroruna son!” kimi şüarlarla aksiyada iştirak ilk gündən iştirak edirik və bu gün də davam edirik. Aksiyadakı tələblər yerinə yetirilmədikcə etirazlar davam edəcək. 30 ildir ki, tarixi torpaqlarımızda yeraltı və yerüstü sərvətlərimiz talan olunur. Bu sərvətlərdən qanunsuz istifadə edənlər öz əməllərinə davam etmələri üçün regionda sülhün və sabitliyin bərqərar olmasının əleyhinədirlər. Onlar regionda yaranan ən kiçik konfliktin və qarşıdurmanın daha da alovlanmasında maraqlıdırlar. Çox təəssüf ki, bu gün sülhməramlı kontingent də bütün bu olanlara dəstək olur, rəvac verir.
Biz İkinci Qarabağ müharibəsini şəhidlərimiz qanı, qazilərimiz canı hesabına qazandıq. Azərbaycan höküməti və onun güclü diplomatiya siyasəti bu uğuru beynəlxalq səviyyədə rəsmiləşdirdi. QHT-lərin dirənişi isə bütün dünyaya Xankəndinə qayıdışın mesajını verdi. Bu gün bütün Azərbaycan vahid istək altında birləşib öz haqq səsini dünyaya çatdırır. Biz hamılıqla bu gücün şahidi olduq. Bu aksiya qalib Azərbaycan xalqının separatizmə və öz etibarını itirən sülhməramlılara qarşı layiqli cavabıdır. Bu aksiya böyük barışın başlanğıcıdır, sülhə gedən yoldur. Bu tarixi Azərbaycan torpaqlarının qayıdışının çözüm nöqtəsidir. Bu vətəndaş cəmiyyəti təşkilatları ilə dövlət qurumları arasında yaranan böyük, qarşısıalınmaz gücə çevrilən milli həmrəylik nöqtəsidir. Hesab edirəm ki, xalqımızın gələcək uğurları da məhz bu nöqtədən keçir.
QHT-lər hər zaman dövlət münasibətlərində əsas körpü rolunu oynayıb. Azərbaycan müstəqlillik qazandıqdan sonrakı dövrdə bir çox sahələrdə əsasən də vətəndaş cəmiyyətinin qurulması istiqamətində ciddi irəliləyişlər əldə edib. Cəmiyyətin inkşafının müəyyən pilləsində QHT-lərin önəmli rolu olub. O özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Azərbaycanda QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas qanun ölkə Konstitusiyasıdır. Dövlət strukturları, dövlətin ayrı-ayrı hakimiyyət qolları QHT sektoru ilə münasibətlərin daha da təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq addımlar atır. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti institutları ölkənin inkişafında yaxından iştirak edir. Bu, çox sevindirici haldır. Bəzən hökumətin demədiyi sözləri də QHT-lər deyir. Əminliklə söyləyə bilərəm ki, bu münasibətlərin inkişafı fonunda qazanan həm dövlətimiz, həm də vətəndaşımız olacaqdır. QHT-Dövlət münasibətlərinə ayrı-ayrı nümunələr çəkə bilərik. Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında 20 ildir davam edən əməkdaşlıq bu əlaqələrin ən uğurlu nümünələrindəndir. Ölkəmizin taleyüklü və gündəm məsələlərindən olan mina aksiyası kimi vacib və ciddi prosesdə ANAMA-nın ən etibarlı və dayanıqlı partnyoru olduğumuz üçün qürurluyuq.
QHT-lər Vətən müharibəsi ilə bağlı, istər Birinci, istərsə də İkinci Qarabağ savaşlarında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində dövlətə layiqincə dəstək olub. QHT-lərin dövlətlə, xalqla həmrəy olması, ölkə həqiqətlərini dünyaya çatdırmaqda, təbilğ etməkdə aktiv olması danılmazdır. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatları dəfələrlə Ermənistan tərəfə bəyanatlarla, çağırışlarla müraciətlər edərək, onların çirkli oyunlarını dayandırmasını tələb ediblər. Burada biz xüsusi olaraq, Vәtәn müharibәsi dövründә qeyri-hökumәt tәşkilatlarının әsgәr, gizir vә zabitlәrimizi, hәmçinin şәhidlәrimizin vә hәrbiçilәrin ailәlәrini daim diqqәt mәrkәzindә saxlaması, onlara maddi vә mәnәvi dәstәk göstәrmәsini də deyə bilərik.
Hazırda Azərbaycan xalqının üzləşdiyi haqsızlığı, onun sözünü dünyaya QHT-lər çatdırır. Buradan da QHT-lərin dövlət və cəmiyyət üçün nə qədər vacib bir rol oynadığı, cərəyan edən hadisələrdə mühüm əhəmiyyəti göz önündədir. Bu gün Şuşa - Xankəndi yolunda keçirilən aksiyanın ölkədə son dövrlər vətəndaş cəmiyyəti və dövlət arasında dialoqun güclənməsinin nəticəsidir. Biz özümüz də QHT imicinin yüksəlməsi, bu münasibətlərin dərinləşməsi üçün çoxşaxəli strategiyamızı hazırlayırıq.
Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq öz statusumuzdan istifadə edərək müxtəlif beynəlxalq auditoriyalarda ölkəmizin haqq səsi olmağa çalımışıq. Təvazökarlıqdan uzaq olsa da bu il 30 illik yubileyini qeyd edən təşkilatımıza beynəlxalq təşkilatlardan, səfirliklərdən, o cümlədən dövlət qurumlarından daxil olan təbrik məktublarını xüsusi olaraq qeyd etmək istəyirəm. Düşünürəm ki, dövlət qurumları tərəfindən BAMF-a və onun fəaliyyətinə göstərilən diqqət ümumilikdə Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarına verilən qiymətdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.