Şərqşünaslıq İnstitutunda erkən islam tarixinin azərbaycanlı tədqiqatçıları haqqında kitab çapdan çıxıb
Bakı, 1 mart - Azadmedia.az
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əmmar Abbasovun “Erkən islam tarixi məsələləri (VI-VII əsrlər) azərbaycanlı tədqiqatçıların əsərlərində” kitabı işıq üzü görüb.
Mərhum şərqşünas alim, fəl.ü.f.d. Esmeralda Həsənovanun redaktoru olduğu kitabda azərbaycanlı tədqiqatçıların erkən islam tarixi haqda tədqiqatları ümumiləşdirilib, ərəb dilində olan əsərlərlə müqayisəli şəkildə araşdırılıb.
Azərbaycan tarixinin xeyli hissəsi Xilafətlə bağlı olduğundan islam tarixinin öyrənilməsi məsələsi həmişə önəmli olub. Erkən islam tarixinin Azərbaycanda öyrənilməsi sahəsində şöhrət qazanmış bir sıra alimlərin elmi fəaliyyətlərinin araşdırılmasının xalqımızın mənsub olduğu islam dini mədəniyyətinin və tarixinin öyrənilməsində müstəsna rolu var. Elmin bütün sahələrində olduğu kimi islam dininin tarixi sahəsində də elmi zəkası və təfəkkürü ilə seçilən tədqiqatçılarımızın çoxlu mənbələri araşdırmaları və dəyərli nəticələri hər zaman mühüm əhəmiyyət kəsb edib və etməkdə davam edir. Azərbaycanda A.A. Bakıxanovdan tutmuş Z.M. Bünyadov, P.T. Juze, Ə. Əlizadə, Şeyxülislam Allahşükür Paşazadə, S. Aşurbəyli, İ. Əliyev, O. Əfəndiev, R. Hüseynov, N. Vəlixanlı, İ. Babayev, G. Baxşəliyeva, Y. Mahmudov, Ş. Fərzəliyev, E. Həsənova, Q. Kərimov, A. Məmmədov, R. Əliyev, R. Mürsəlov, H.F. Nurullah, Ş. Şərifov və başqa onlarla tədqiqatçılarımız Azərbaycan tarixi, islam tarixi və islamla bağlı yüzlərlə qiymətli tədqiqat əsərləri yazıb ortaya qoyublar. Əmmar Abbasovun kitabında bu alimlərin əsərlərində erkən islam tarixi və onunla bağlı Azərbaycan tarixi haqqındakı fikirləri bir yerə cəmləşdirilərək, onların əsasında həqiqi erkən islam tarixi oxuculara təqdim edilib. Yeri gəldikcə, onların müraciət etdikləri ərəb, fars və başqa dilli mənbələrə də müraciət edilib.
Kitab giriş, 3 fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Birinci fəsildə Azərbaycan tədqiqatçılarının əsərlərində İslamın erkən dövrü, Məhəmməd peyğəmbər və yəhudi, xristian münasibətləri, peyğəmbərin Mədinə həyatı, eləcə də Bədr, Uhud, Xəndək, Xeybər döyüşləri, Məkkənin fəthi, Əhli-beyt haqqında və s. mövzularda yazılanlardan bəhs edilir. 2-ci fəsildə Raşidi xəlifələr dövründən, xəlifələr Əbubəkr, Ömər, Osman, Əlidən, Cəməl, Siffeyn-Siffin döyüşlərindən bəhs edən tədqiqatlar barədə məlumat verilir. 3-cü fəsildə ilk Əməvi və ya Süfyani xəlifələr dövründən bəhs edilir.
[center]
Vüqar Məmmədov,
AMEA-nın Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru[/center]