Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başcılıq etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfərinin sonuncu günündə Solt-Leyk Siti şəhərindəki Humanitar Yardım Mərkəzində olub.
Bu barədə idarənin mətbuat xidmətindən bildirilib.
Azərbaycan nümayəndə heyətinə mərkəzin fəaliyyəti barədə məlumat verilib. Qeyd edilib ki, burada etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, dünyanın müxtəlif ölkələrində təbii fəlakətlərdən, hərbi-siyasi qarşıdurmalardan zərər çəkmiş, ehtiyacı olan insanlar üçün yardımlar tədarük edilir və göndərilir. Böyük ərazini əhatə edən mərkəzin nəzdində qablaşdırma müəssisələri, istehsal sahələri və təlim kursları fəaliyyət göstərir. Təkcə 2021-ci ildə buradan müxtəlif ünvanlara təqribən bir milyard ABŞ dolları məbləğində yardım göndərilib.
Azərbaycan nümayəndə heyəti, həmçinin Yuta ştatında fəaliyyət göstərən Xədicə məscidinin dini icmasının üzvləri ilə görüşüb. İcmanın sədri Salman Məsud nümayəndə heyətinin üzvlərini buradakı fərqli müsəlman dini icmaların ictimai həyatda iştirakı, fəaliyyət prinsipləri, İslam dəyərlərinin qorunması və inkişafı istiqamətində gördüyü işlər haqqında ətraflı məlumatlandırıb.
Sonra Xədicə məscidində Cümə namazı qılınıb. Cümə xütbəsindən sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev dindarlara müraciətində İslam dininin qardaşlıq, həmrəylik, sülh və yardımlaşma dini olduğunu, məzhəb və təriqətindən asılı olmayaraq, müsəlmanların mənəvi birliyinin önəmini vurğulayıb. Şeyxülislam Allahşükür Paşazadə səfərin yekunları ilə bağlı yerli kütləvi informasiya vasitələrinə müsahibə verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.