Milli Məclisin sədri Sahibə Qafarova aprelin 10-da Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ilə görüşüb.
Səfiri salamlayan Sahibə Qafarova ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olduğunu deyən Milli Məclisin sədri, bu illər ərzində əməkdaşlığımızın dinamik inkişaf etdiyini və strateji tərəfdaşlıq səviyyəsinə çatdığını qeyd edib. Spiker bildirib ki, münasibətlərimizin inkişafında dövlət başçılarımızın qarşılıqlı səfərlərinin, keçirdikləri görüşlərin və imzalanan sənədlərin xüsusi rolu var. Bu baxımdan Prezident İlham Əliyevin cari il yanvarın 30-da Macarıstana rəsmi səfəri çərçivəsində strateji tərəfdaşlıq haqqında imzalanmış ikinci sənəd olan Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Birgə Bəyannamə əməkdaşlığımızı yeni səviyyəyə qaldırıb.
Söhbət zamanı parlamentlərarası əlaqələrdən danışan Sahibə Qafarova 2021-ci ildə Macarıstana rəsmi səfərini və orada keçirdiyi görüşləri məmnunluqla xatırladaraq, bu səfərin qanunvericilik orqanlarımız arasında münasibətlərin daha da genişlənməsinə töhfə verdiyini diqqəqə çatdırıb. O, həmçinin bildirib ki, hər iki ölkənin parlamentlərindəki qarşılıqlı dostluq qrupları qanunverici orqanlar arasında körpü rolunu oynayır. Deputatlarımızın beynəlxalq təşkilatlarda əməkdaşlığı təqdirəlayiqdir.
Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın 2020-ci ildə öz ərazilərini erməni işğalından azad etməsindən sonra bölgədəki mövcud vəziyyət barədə də danışıb.
Görüşə görə təşəkkürünü bildirən Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma diqqətə çatdırıb ki, müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti getdikcə artmaqdadır. Dost və strateji tərəfdaş münasibətlərinə malik olan Macarıstan və Azərbaycan parlamentlərində fəaliyyət göstərən dostluq qrupları əlaqələrimizin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edirlər. Deputatlarımız beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edir, ölkələrimizin maraqları baxımından bir-birinə dəstək verirlər. Macarıstanın müşahidəçi statusuna sahib olduğu Türk Dövlətləri Təşkilatı çərçivəsində türk dünyası ilə artan əməkdaşlıq ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.