AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Faşizm üzərində qələbədə Azərbaycanlı oğul və qızlarımızın əvəzsiz rolu olub

  • + A
  • - A
  • 8-05-2023, 10:34

    Faşizm üzərində qələbədə Azərbaycanlı oğul və qızlarımızın əvəzsiz rolu olub

    Milli Məclisin deputatı Ceyhun Məmmədov

    Bu gün İkinci dünya müharibəsində faşizm üzərində qazanılan Qələbədən 78 il keçir.
    Bu qələbənin əldə olunmasında Azərbaycan xalqı xüsusi rol oynamışdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.
    Azərbaycanın igid övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb.
    Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.
    Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Əhmədiyyə Cəbrayılovu misal göstərmək olar. O, Fransanın 5 ordeni və yüksək fəxri adı — “Fransanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
    - Daha bir həmyerlimiz, Mixaylo ləqəbi ilə tanınan Mehdi Hüseynzadənin də bu qələbədə böyük əməkləri olmuşdur. Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmiş, Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox faşist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. Həmçinin hərbi əsir düşərgələrində olan sovet əsirlərinin qaçmasına köməklik etmişdir.
    Müharibədə Azərbaycan neftçilərinin əməyi də əvəzsiz olmuşdur. Bir çox tarixi mənbələrdən əldə olunan açıqlamalar onu deməyə əsas verir ki, Azərbaycandan olan hərbçilərin və neftçilərin, ümumilikdə Azərbaycan xalqının qəhrəmanlığı və qorxmazlığı faşizm üzərində qələbədə mühüm rol oynamışdır. Bütün dünya Azərbaycan xalqının cəsarətinin və qəhrəmanlığının şahidi olmuşdur. Hətta Sovet İttifaqı Marşalı Georgi Jukov da bunu etiraf edərək qeyd etmişdir ki, Bakı neftçiləri Vətənimizin müdafiəsinə, onun düşmən üzərində qələbəsinə nə qədər lazımdırsa, o qədər də yanacaq verirdi. Bunlar tarixi faktlardır və eyni zamanda neftçilərimizin əməyinə və zəhmətinə verilmiş yüksək qiymətdir.
    Döyüş meydanında əldə edilən uğur və zəfərin nəticəsi olaraq 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.
    Ümumilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 9 May - Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsinə başlanıldı. 1994-cü ildən etibarən faşizm üzərində tarixi qələbənin il dönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur.
    Ümummilli lider Heydər Əliyev hər il müharibə veteranları ilə görüşər, onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verərdi. Bu gün də bu siyasət dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir.
    Bu gün həmin müharibənin iştirakçısı olan insanlara göstərilən böyük diqqət və qayğı Prezident İlham Əliyevin mənəvi dəyərlərimizə bağlılığının, öz xalqının qəhrəmanlıq salnaməsinə dərin ehtiramının və ulu öndərin ideyalarını yaşatmasının bariz təcəssümüdür. Prezident İlham Əliyevin 1941-1945-ci illər müharibəsi haqqında söylədiyi fikirlər bunları deməyə əsas verir. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk.
    9 May Qələbə günü münasibətilə faşizm üzərində qələbəyə töhvələr verən müharibə iştirakçılarımıza can sağlığı, dünyasını dəyişənlərə isə Allahdan rəhmət diləyirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR