Avropa İttifaqı (Aİ) rəhbərliyi İsrail-Fələstin münaqişəsinə son qoymaq üçün sülh konfransının “yaxın zamanda” keçirilə biləcəyini, lakin konfransda "Həmas" üçün hər hansı rol görmədiklərini bəyan edib.
Aİ Şurasının sədri Şarl Mişel və Aİ Komissiyasının sədri Ursula fon der Leyen Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Liderlər Sammitinin birinci günündən sonra mətbuat konfransı keçirib.
Hər iki prezident Aİ-nin terror təşkilatı kimi qəbul etdiyi "Həmas"ın İsrailə hücumlarını pisləyib və İsrailin günlərdir bombalamağa davam etdiyi Qəzzaya humanitar yardımın mümkün qədər tez çatdırılmasının vacibliyini vurğulayıb.
Aİ Şurasının sədri Mişel, Aİ-nin illərdir müdafiə etdiyi iki dövlətli həll yolunun İsrail-Fələstin problemini həll etməyin yeganə yolu olduğunu bir daha dilə gətirib.
Aİ-nin belə bir həlldə güclü rol oynamaq istədiyini vurğulayan Mişel "Biz Aİ daxilində və ya başqa bir yerdə tezliklə sülh konfransının keçirilməsi ideyasını dəstəkləyirik. Düşünürük ki, belə bir konfrans bölgədə davamlı sabitliyi təmin edə bilər. Açıq-aydın demək lazımdırsa, "Həmas" terror təşkilatıdır. Bu səbəbdən Aİ-nin iştirak etdiyi beynəlxalq sülh konfransında "Həmas" üçün heç bir rol görə bilmirəm" deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.