Fələstin dövlət başçısı Mahmud Abbas Qəzzadakı fələstinlilərin bütün dünyanın gözü qarşısında soyqırıma və qırğına məruz qaldığını bəyan edərək ərəb ölkələrinin başçılarını fövqəladə toplantı keçirməyə çağırıb.
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Fələstin Azadlıq Təşkilatı (FAT) İcraiyyə Şurası son hadisələri müzakirə etmək üçün növbədənkənar iclas keçirib. Yığıncaqda çıxış edən M.Abbas Fələstin xalqına və onun amalına qarşı amansız hücumları dayandırmaq, paytaxtı Qüds olan Fələstin dövlətinin torpaqlarının işğalına son qoymaq, fələstinlilərin öz ərazilərində qalması üçün regional və beynəlxalq qurumlara müraciət etmək üçün lazım olan hər şeyi etməyə çağıraraq deyib: “Fələstin davası son dərəcə çətin dövrlərdən keçib və keçir. Qəzzada xalqımız bütün dünyanın gözü qarşısında İsrail qüvvələri tərəfindən soyqırıma məruz qalır.
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının “Qəzzada dərhal və daimi humanitar atəşkəs və hərbi əməliyyatların dayandırılmasını tələb edən qətnamə layihəsi”nə baxmayaraq, İsrail qüvvələri qurudan hücumlar edir və Qəzzanı intensiv bombardmana məruz qoyur.
3 mindən çox fələstinli uşağın qətli qarşısında necə susmaq olar? Xəstəxanaların bombalanması qarşısında necə susmaq olar? Bu vəhşi dağıntılar qarşısında necə susmaq olar? Mülki şəxslərin kollektiv cəzalandırılmasına necə susmaq olar?
Fələstin xalqı onun üçün həmrəylik nümayişlərini yüksək qiymətləndirir. Fələstində, sürgündə, düşərgələrdə, diasporda olan fələstinlilərə, xalqımızın qanuni milli və beynəlxalq haqqları üçün səmimi mövqe nümayiş etdirən hər azad insana minnətdaram.
Bütün dünya ölkələrini Fələstin xalqının qanının tökülməməsi üçün İsrailə təzyiq etməyə çağırıram.
Fələstin xalqım, öz torpaqlarımızda ayağa qalxıb İsrail qüvvələrinin fələstinlilərə qarşı apardığı müharibədə həmrəyliyinizi qoruyun. Qəzza, İordan çayının qərb sahili və Qüdsü sürgünə qarşı mübarizə və yeni Nəkbə (Böyük Fəlakət) hazır olun. İsrailin Qəzzada məhv etdiyi hər şeyi yenidən quracağıq”.TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.