AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QAZAX ALİMLƏRİNDƏN TÜRKOLOJİ DİLÇİLİYƏ QİYMƏTLİ TÖHFƏ - ÖZƏL

  • + A
  • - A
  • 31-12-2023, 14:03

    QAZAX ALİMLƏRİNDƏN TÜRKOLOJİ DİLÇİLİYƏ QİYMƏTLİ TÖHFƏ -


    Prof. Qalib SAYILOV
    Prof. Seyfəddin RZASOY



    Bakı, 31 dekabr — Azadmedia.az

    Türkologiya dünya elminin əsas istiqamətlərindən biri kimi türk xalqları üçün sadəcə elm sahəsi olmaqla qalmayıb, onların tarixi-mədəni, ictimai-milli, etnik-siyasi baxımdan inkişafında son dərəcə mühüm rol oynayan ictimai şüur formasıdır. Bu cəhətdən, istər ümumən türkologiya, istərsə də onun nüvəsini təşkil edən türkoloji dilçilik daim ümumtürk alimlərinin diqqət mərkəzində olan aktual sahədir. Diqqətəlayiqdir ki, təbiəti etibarilə etnik konsolidasiyaya meylli olan türk xalqlarının elm sahəsində əldə etdikləri yeniliklər müasir informasiya texnologiyalarının sahəsində artıq “anındaca” ümumtürk elm sərvətinə çevrilərək həm türk xalqlarının etnik-mədəni bütövlüyünü möhkəmləndirir, həm də türkologiya elminin ümumi inkişafına böyük təkan verir. Bu baxımdan, qardaş Qazaxıstan Respublikasının görkəmli dilçiləri Janseyit Tüymebayev və Magripa Yeskeyevanın 2017-ci ildə Almatıda “Kazığurt Yayınevi”ndə çap olunmuş “Türkolojinin Tarihi-Dil Bilimsel Esasları” kitabını son dövrlərdə türkoloji dilçilik sahəsində ortaya qoyulmuş fundamental dərslik kimi qiymətləndirmək olar.
    Kifayət qədər geniş həcmə (456 s.) malik olan və müəlliflərin özlərinin qeyd etdkləri kimi, “türkologiyanın bünövrə daşlarından birini təşkil edən “Türkologiyaya giriş”, “Türkologiyanın əsasları” dərslərinin oxudulmasında istifadə olunacaq bu əsər”in qarşısında çox geniş, müasir və aktual hədəflər durur:
    – Keçmiş Sovet İttifaqı, Qazaxıstan və xaricdəki türkoloji dilçilik məktəbləri ənənəsini davam etdirərək, orijinal düşüncə və görüşləri sistemləşdirmək;
    – XXI əsr türkologiyasının istiqamətini müəyyənləşdirmək;
    – Türk dünyasının tarixi, mədəni və dil yaxınlığını aktuallaşdırmaq;
    – Türkologiyanın bir elm sahəsi olaraq inkişafı, türkşünaslığın bütünlük qazanması, nəzəri və metodoloji təməlini təşkil edən müqayisəli-tarixi tədqiqat və yeni araşdırma paradiqmaları ilə türk dillərinin tədqiqat tarixindən bəhs edərək türkoloji dilçiliyin çağdaş aktual problemlərini, əsas elmi istiqamətlərini tanıtmaq;
    – Türk dillərinin təşəkkül və inkişaf dövrlərinin xüsusiyyətlərini dil və tarixi materiallar əsasında öyrənərək, türk dillərinin tarixini dövrləşdirmək sahəsindəki yeni görüşlər haqqında bilgilər vermək;
    – Türk dillərinin qlottogenetik və qlottoxronoloji baxımdan təsnifatının dilçilik, tarixi-etnogenetik, regional-coğrafi və s. yönlərini tədqiq edərək, türk dillərinin təsnifatı haqqındakı görüşləri ifadə etmək;
    – Türk dillərinin fonoloji sistemi və morfoloji quruluşunun əsas xüsusiyyətlərinin, türk dillərinin inkişaf xətlərinin müyyənləşdirilməsi sahəsindəki əsas qaydalar və dil hadisələrini göstərmək;
    – Türkoloji dilçilikdə qazax dilçiliyinin yerini ortaya qoymaq.
    Göründüyü kimi, öz qarşısına türkoloji diçiliyin kifayət qədər qlobal və mürəkkəb problemlərini əhatə etmək məqsədini qoymuş bu dərslik-tədqiqatın əsas elmi “ritorikası”, bizcə, XXI əsr türkologiya elminin kardinal inkişaf istiqamətlərini müəyyənləşdirməkdir. Bu – müasir dövrdə türkologiyanın qarşısında duran ən böyük hədəfdir. Belə ki, XXI əsr bütün dünyada olduğu kimi, türk xalqlarını da yeni siyasi və milli reallıqlarla qarşılaşdırdı: dünyanın siyasi xəritəsinin dəyişməkdə olduğu artıq göz qabağındadır. Bu isə türk xalqlarından siyasi, ictimai, elmi potensiallarını yenidən səfərbər etməyi, vahid qüvvə kimi çıxış edərək, müasir dünya xəritəsində özlərinə layiq olduqları yeri tutmağı tələb edir. Türkün bu taleyüklü missiyanın həyata keçirilməsində türkologiya elminin heç nə ilə müqayisə olunmayacaq dərəcədə böyük yeri və rolu vardır: türk xalqlarının və onun ən dinamik qüvvəsi olan gəncliyi yeni türkçülük düşüncəsi ilə silahlandırmaq. Janseyit Tüymebayevin və Magripa Yeskeyevanın “Türkolojinin Tarihi-Dil Bilimsel Esasları” kitabının elmi əhəmiyyəti ilə bərabər milli-siyasi əhəmiyyəti məhz bu kontekstə bütün tərəfləri ilə aydın şəkildə görünür.
    Dörd fəsildən ibarət olan dərsliyin “Türkologiya” adlanan birinci bölümü “Türkologiyanın dünya sosial elmlər sahəsindəki yeri”, “Türkologiya və “türk”, “türki” terminləri”, “Türkologiyanın bütünlük xüsusiyyətləri”, “Türkoloji dilçilik”, “Türkoloji dilçiliyin tarixi kökləri”, “Türkologiyanın Rusiyada təşəkkülünün tarixi zəmini və təcrübəsi”, “Türkoloji dilçiliyin inkişafı və türk dillərinin tədqiqi”, “Xaricdəki türkologiyanın inkişafı və türk dillərinin araşdırlıması” kimi məsələləri əhatə edir.
    Dərsliyin “Türk dilləri və türk dillərinin tarixi inkişaf dövrləri” adlanan ikinci bölümündə “Türk dilləri”, “Türk dillərinin inkişafını tarixi baxımdan dövrləşdirmə və türk dillərinin inkişaf mərhələləri”, “Türk dillərinin tarixi inkişafının saka-hun dövrü”, “Türk dillərinin inkişafının qədim türkcə və ya erkən orta türkcə dövrü”, “Türk dillərinin inkişafının orta türkcə dövrü və ya qədim türkcə dönəmi”, “Türk dillərinin inkişafının yeni və ən yeni dönəmləri” kimi məsələlərdən bəhs olunur.
    Kitabın “Qlottogenetik və qlottoxronoloji baxımdan təsnifatı məsələləri” adlanan üçüncü fəslində oxuculara “Türk dillərinin təsnifatının nəzəri-metodoloji və tarixi prinsipləri”, “Türk dillərinin təsnifatında istifadə olunan fonetik-fonoloji və morfonoloji qaydalar”, “Türk dillərinin təsnifatı” kimi məsələlər haqqında fundamental bilgilər təqdim olunur.
    Dərsliyin “Türk dillərinin quruluşu. Fonologiya. Morfologiya” adlanan dördüncü fəsli “Türk dillərində vurğu, ahəng, heca”, “Türk dillərinin fonetik-fonoloji sistemi”, “Türk dillərinin morfoloji quruluşu”. “Türk dillərindəki leksik şəkilçilər”, “Türk dillərindəki qrammatik şəkilçilər” kimi məsələləri əhatə edir.
    Göründüyü kimi, bakalavr, magistr və dilçi-türkoloqlar üçün nəzərdə tutulmuş bu dərslik türkoloji dilçiliyin kifayət qədər geniş və aktual məsələlərini əhatə edir. Həm bütövlükdə türkologiyanın, həm də türkoloji dilçiliyin daim inkişaf edən səhələr olduğunu nəzərə aldığımızda bu dərsliyin nə qədər böyük və mürəkkəb məsələləri əhatə etməsi aydın şəkildə üzə çıxır. Belə ki, dərslikdə həm türk xalqları türkoloqlarının, həm də dünya türkoloqlarının tədqiqatlarının nəticələrinə istinad olunmuşdur. Bu da öz növbəsində sözü gedən kitabı təkcə Qazaxıstan ali təhsil məkanı üçün deyil, eləcə də bütöv türk dünyası oxucuları üçün qiymətli qaynağa çevirir.
    Dəslik fundamental biblioqrafik baza əsasında yazılmışdır. Burada kılassik türkologiya ilə bərabər, türk xalqlarının dilçilərinin də əsərləri yer almışdır. Dərslikdə Azərbaycan türkoloqlarından Əbdüləzəl Dəmirçizadənin, Fərhad Zeynalovun əsərlərinə istinad olunmuşdur. Elə hesab edirik ki, dərsliyin növbəti nəşrində görkəmli Azərbaycan türkoloqu, mərhum Aydın Məmmədovun “Тюркские согласные: анлаут и комбинаторика” əsərinə də biblioqrafiyada rast gəlmək mümkün olacaqdır.
    Biblioqrafiyanın mükəmməlliyi təkcə kitabın hazırlanması ilə məhdudlaşmayaraq, həm də tələbələri dünya türkoloji dilçiliyinin meridianlarına çıxarmaq baxımından da aktuallıq kəsb edir.
    Əsər elmi baxımdan sadə və eyni zamanda zəngin elmi dil əsasında yazılmışdır. Dərsliyin hər bir bölməsində müəlliflərin türkoloji dilçilik sahəsindəki zəngin bilikləri və intellektual səviyyələri aydın şəkildə öz ifadəsini tapmışdır.
    Qeyd edək ki, dərsliyin türk dilində olması onun əhəmiyyətini daha da aktuallaşdırır. Müasir reallıqlar fonunda Türkiyə türkcəsinin ortaq türk dili rolunu öz üzərinə götürməsi aydın şəkildə görünməkdədir. Bu da öz növbəsində tərcümə olunaraq Türkiyə türkcəsində çap olunmuş bu əsəri Qazaxıstan ali təhsil məkanının sərhədlərindən qırağa çıxararaq, bütün türk xalqlarının bakalavr, magistr və türkoloqları üçün əlçatan qaynağa çevirir. Elə hesab edirik ki, müasir dünya türkoloji dilçiliyinin bütün nailiyyətlərini özündə əks etdirən bu kitabın Azərbaycan türkcəsinə də tərcümə olunması tələbələr, müəllimlər və ümumən türkoloqlar üçün qiymətli töhfə olardı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR