İran mediası xəbər verir ki, İsrail Dəməşqdəki (Suriyanın paytaxtı) İranın Baş Konsulluğunun binasına raket zərbəsi endirib.
5 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilir. Konsulluğun binası dağıdılıb. Səfir Hüseyn Əkbərinin iqamətgahı da vurulub. Diplomat xəsarət almayıb. Onun sözlərinə görə, 5-7 nəfər həlak olub. İran Xarici İşlər Nazirliyi bildirib ki, ölkə bu hava hücumuna cavab vermək və təcavüzkarın dəqiq necə cəzalandırılacağını müəyyənləşdirmək hüququnu özündə saxlayır.
İran daha sonra bildirib ki, zərbə nəticəsində iki general və beş zabit həlak olub.
ABŞ-ın İrandakı səfirliyinin olmadığı halda Vaşinqtonun maraqlarını təmsil edən İsveçrə səfirliyinin əməkdaşı İran Xarici İşlər Nazirliyinə çağırılıb. Onun vasitəsilə ABŞ hökumətinə “İsrail rejiminin dəstəkçisi” kimi ABŞ-ın cavabdehlik daşıması lazım olduğu bildirilib. Səfirlik rəsmisi İsrailin hücumunun miqyası barədə məlumatlandırılıb və bu məsələdə ABŞ-ın məsuliyyət daşıdığını vurğulayıb.
Baş verənlərlə bağlı Rusiyanın xahişi ilə BMT Təhlükəsizlik Şurasının iclası təyin edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.