AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aqrar siyasət komitəsinin iclasında

  • + A
  • - A
  • 6-04-2024, 14:35

    Aqrar siyasət komitəsinin iclasında

    Aprelin 5-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Tahir Rzayev diqqətə çatdırıb ki, gündəliyə 3 məsələ daxil edilib.
    Hər 3 qanun layihəsinin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu diqqətə çatdıran Komitə sədri qeyd edib ki, “Tütün və tütün məmulatı haqqında”, “Qida təhlükəsizliyi haqqında” və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihələri birinci oxunuşda komitənin müzakirəsinə təqdim olunurlar. Təklif olunan dəyişikliklər barədə ətraflı məlumat verən Tahir Rzayev diqqətə çatdırıb ki, dəyişikliklər qeyd olunan sahələrdə məqsədyönlü islahatların tərkib hissəsi olmaqla yanaşı, əhalinin sağlamlığının müdafiəsinin təmin olunmasına, sanitar-gigiyena normalarına riayət olunmasına, sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına, mövcud sahədə rəqabətə dözümlü investisiya mühitinin formalaşmasına, istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına və yerli xammaldan istifadə perspektivlərinin yaranmasına zəmin yaradacaq. Qeyd olunub ki, tütün məmulatının idxalı və istehsalı fəaliyyətini həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”na əlavə edilməsini nəzərdə tutan dəyişiklik bu sahədə daha operativ və səmərəli fəaliyyətin həyata keçirilməsinə şərait yaradacaqdır.
    Sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva hər 3 məsələ barədə ətraflı məlumat verib. O, tütün məmulatlarının və alkoqollu içkilərin yerli istehsalının rəqabət qabiliyyətinin artırılması və ixracının genişləndirilməsi, tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı ilə əlaqədar şəffaf iqtisadi fəaliyyətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti “Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 2023-cü il 7 fevral tarixli Sərəncamından irəli gələn məsələləri diqqətə çatdırıb. Qeyd olunub ki, təklif olunan dəyişikliklər tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiqi və alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsi, ölkə daxilində tütün məmulatlarının istehsalında yerli xammaldan istifadə həcmlərinə dair tələblərin müəyyən edilməsi, habelə sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasını və bir sıra digər məsələlərin həllini nəzərdə tutur.
    Müzakirələr zamanı komitənin sədr müavini Sabir Hacıyev, üzvləri Novruzəli Aslanov, Cavanşir Paşazadə, Aydın Hüseynov, İqbal Məmmədov, Emin Hacıyev, Müşfiq Cəfərov gündəlikdə duran məsələlər barədə fikirlərini açıqlayıblar, təqdim edilən qanun layihələrinin vacibliyini söyləyiblər.
    Tədbirdə iştirak edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri Elşad Cəbrayılov deputatların səsləndirdiyi bir sıra qeyd və təkliflərə aydınlıq gətiriblər.
    Müzakirəyə çıxarılan qanun layihələrinin hamısı birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR